NARGIS
Ru En
NARGIS MAGAZINE
Redaktorla Müsahibə

MUSİQİ VƏ GÖZƏLLİYİN CƏZBİNDƏ

Superulduz, bir neçə nəslin əfsanəsi... Uzun illər davam edən müğənni karyerası ərzində Ayişə Ajda Pekkan ümumi tirajı 30 milyondan artıq olan 20-dən artıq albom buraxıb, kino aktrisası kimi isə 50-yə yaxın rol ifa edib. Müğənni ekran və şou-biznesin qabaqcıl ulduzları ilə gözəllikdə rəqabət apararaq estradada çıxışlarını və cəsarətli fotosessiyalarda çəkilişlərini davam etdirir. O, adət etdiyi həyat ritmini dəyişmir: gecə klublarında əylənir, şəxsi təyyarədə detoks üçün İsveçrəyə uçur və “İnstagram”da özünə baxmağın sirlərini bölüşür... “Nargis”in baş redaktorunun musiqi əfsanəsi Ajda Pekkanla türkiyəli pop ulduzun dəbdəbəli malikanəsindəki söhbəti rahat və səmimi alındı.      

 

Özünüzdə müğənni istedadını nə zaman kəşf etdiniz?

Mən həmişə musiqi ilə şövqlə maraqlanmışam, həmişə oxumaq istəmişəm.  Gənc yaşlarımda kino aləminə baş vurdum, amma bu həyatda cəmləşə bilmədim. Yaxşı səsə malik olduğumu həmişə bilmişəm, yalnız nə dərəcədə yaxşı olduğunu müəyyənləşdirə bilmirdim...

Zənnimcə, Siz çox gözəl uşaq olmusunuz. Valideynlər qızları Ayişə üçün hansı peşəni arzulayırdılar? Onlar Sizin gələcəyinizi necə görürdülər?

Mən dəniz donanması kapitanının qızıyam. Valideynlərim geniş dünya görüşünə malik uzaqgörən insanlar idi. Onlar hər zaman mənə etibar ediblər, bütün təşəbbüslərimi dəstəkləyiblər və fikrimə hörmətlə yanaşıblar. Bizim ailəmiz kiçik idi, amma möhkəm bağlara malik idi. Mən müğənni işləməyə ailəmin dəstəyi və xeyir-duası ilə başlamışam.  Çox zaman böyük məhəbbətlə o zamanı xatırlayıram və valideynlərim üçün darıxıram.

Türkiyə Avropa ilə Asiyanın qovuşmasında yerləşir. Siz daha çox avropalı və ya şərqlisiniz?

Əslində, mən də özümü Türkiyə ilə, Qərblə Şərqin kəsişdiyi yerlə assosiasiya edirəm və düşünürəm ki, bunu fəaliyyətimdə uğurla əks etdirirəm. Uzun müddətdir ki müxtəlif üslublarda əsərlər ifa edirəm. Səhnə obrazım “qərbli qız” olsa da, köklərim və həyat dəyərlərimlə şərq mədəniyyətinə bağlıyam. Deyə bilərəm ki, özündə Şərqlə Qərbin cizgilərini birləşdirən torpağımız həmişə mənim ilham mənbəyim olub.

Musiqi aləmini Sizə kim açıb? Sizin xüsusi təhsiliniz var?

Artıq dediyim kimi, mən həmişə musiqini sevmişəm. Əvvəlcə tanınmış pianoçu və müəllimim İlham Gencerlə tanış oldum, o zaman o, məşhur “Cati” gecə klubunun sahibi idi. Musiqi ilə yalnız Minanın “Il Cielo In Una Stanza” mahnısını ifa etdikdən sonra məşğul olmağa başladım. Bir müddət “Los Catikos” ansamblının müşayiəti ilə çıxışlarımı davam etdirdim, ilk “Her Yerde Kar Var” minyonunun buraxılışından sonra isə tamamilə musiqi dünyasına qərq oldum. Daha sonra musiqi həyatım “Maxim” klubunda, böyük hörmət bəslədiyim Zəki Mürenin qrupunda davam etdi. Tezliklə, albomlarım uğur qazandıqdan sonra, məni “superstar” adlandırmağa başladılar. Bax, superstar kimi həyatım beləcə başladı...

Sizi yeni ulduz kimi kim kəşf etdi? Müğənni karyeranızda ən əhəmiyyətli rolu kim oynadı?  

Mən özüm özümü kəşf etmişəm. Özüm də həmişə “Ajda Pekkan” markasının səviyyəsini qorumuşam.

Siz kifayət qədər tez şöhrət qazandınız. Bu Sizin xarakterinizə, dünya görüşünüzə, ümumilikdə, həyatınıza təsir göstərdimi?

Təbii ki, çox təsir göstərdi. Ondan başlayaq ki, mən çox azadlıqsevər insanam, amma şöhrətlə bərabər həyatıma məhdudiyyətlər daxil oldu. Bəzən özüm üçün şəxsi fəza və istirahət üçün vaxt yaradaraq karyeramla şəxsi həyatımı balanslaşdırmağa çalışıram. Çox gərgin anlarda sadəcə hər hansı sakit guşəyə qaçıram. Parisdə, Londonda vaxt keçirməyi sevirəm... Qalan zaman evdə olmağa üstünlük verirəm.

Altı ilə kinoda 45 rol, özü də lap yeniyetmə çağında... İş qrafikiniz necə qurulurdu? Şəxsi həyata vaxt qalırdı?

Bəli, bu çox gərgin illər idi. Hərçənd, həyatım elə indi də belədir. Belə intensiv tempə adət etmişəm və işsiz qalmağı sevmirəm. Mən daim işləməyə adət etmişəm – bu mənim enerji mənbəyimdir.  İşdən kənarda isə mən təbiət qoynunda tənha və aram qalmağı sevirəm. Mən orada sadəcə Ajdayam, səhnəyə gəlincə isə Ajda Pekkan oluram... Düşünürəm ki, beləcə şəxsi həyatımla karyera arasında tarazlıq yaratmağa nail oluram.

Sizin diskləriniz milyon tirajlarla istehsal olunaraq Avropadan Yaponiyaya qədər bütün dünyaya yayılıb. Hansı publika ilə görüş xüsusi olaraq yaddaşınızda qalıb?

Heç bir fərq qoymadan dinləyicilərlə öz emosiyalarımı bölüşmək və beləliklə də maneəsiz səadət, qəm hisslərini yaşamaq imkanı mənim üçün böyük xoşbəxtlikdir... Tamaşaçılarla hər görüş anı mənim üçün əhəmiyyətli və qiymətlidir... Ona görə də fərq qoya bilmirəm. Məni musiqiyə bağlayan hər şey – sevgidir. Musiqi vasitəsi ilə insanların qəlbinə toxunmaq mənim üçün çox qiymətlidir, bu mənə enerji bəxş edir.

Sizin çalışqanlığınız, məhsuldarlığınız heyrətləndirir. İlham və enerjini haradan alırsınız?

Çalışqanlığın əsas səbəbi – mən öz işimi çox sevirəm və bir yerdə qala bilmirəm. Müxtəlif layihələrim olur. Bununla belə, özümə, bədənimə lazımi diqqət yetirməyi də unutmuram: qidalanmama fikir verirəm, idmanla məşğul oluram, çoxlu su içirəm. Bütün bunlar, gərgin qrafikə rəğmən, mənə enerjili qalmağa yardım edir.

Şöhrət xoşbəxtlik bəxş edirmi?

Şöhrət nisbi anlayışdır, hər şey sizin prinsiplərinizdən və həyat mövqeyinizdən asılıdır. Mənim üçün şöhrət – sevimli işlə məşğul olmaq imkanı, məni sevən və digər insanlarla ünsiyyət, işimi sevgi ilə yerinə yetirmək və daim işləməkdir. Bütün bunlar da elə xoşbəxtlikdir!

Zamanı geri çevirmək mümkün olsaydı, taleyinizdə nəyi dəyişərdiniz?

Mən özümü yüksək qiymətləndirirəm və heç vaxt “o zaman indi bildiklərimi bilsəydim” söyləmirəm: axı hər yaşanan gün, başıma gələn bütün hadisələr məni mən edənin tərkib hissəsidir. Mən özümü yalnız yaxşı şeylərlə əhatə etməyə çalışmışam və düşünürəm ki, müəyyən mənada başqalarına nümunə ola bilərəm. Şou-biznesdə bəzən sənin nə dərəcədə özünə inanmağın elə də vacib deyil: populyarsansa, bu populyarlıq bəzən sənin azadlığını məhdudlaşdırır.  Düzünü desəm, bu, heç vaxt xoşuma gəlməyib: daxilimdə yaşayan azad qadındır!

Səhnədə hər hansı gülməli və ya qeyri-adi vəziyyətlərə düşmüşünüz?

Səhnədə hər çıxışım mənim üçün qeyri-adi hadisədir! Mən hər dəfə eyni həyəcanı, eyni ehtirası, tamaşaçı ilə görüş istəyini hiss edirəm... Artıq uzun illərdir ki, səhnədə ən gözəl hisslərimi və emosiyalarımı bölüşürəm – qeyri-adi adlandırdığım da elə budur...

Reysin gecikməsi ilə 3 saatlıq uçuşdan sonra evinizə üz tutduqda, hələ uzaqdan bu işığı, bu sehrli parıltını gördüm... Və etiraf edim ki, ilk olaraq düşündüm: belə evdə yaşayan insan qeyri-adi olmalıdır. Sizinlə yaxından tanış olduqdan sonra əmin oldum ki, Siz, doğrudan da, unikal insansınız...

Çox sağ olun.

Bir də mənə elə gəldi ki, Siz daxildən çox spontan və proqnozlaşdırılmayan insansınız...

Bu, həqiqətən də belədir, Siz səhv etməmisiniz.

Spontan insanların qəribə xüsusiyyəti – “saxlamayaraq saxlamaq” bacarığıdır... Yəqin ki, əvvəlcədən planlaşdırdığınızı və ya hər zaman hər şeydə belə proqnozlaşdırılmayan spontan qaldığınızı soruşmaq artıq olardı...

Həyatın özü kimi birmənalı spontan.

Ajda, mən Sizə valeh olmuşam, o qədər gözəl qadınsınız ki!  Həm də Sizdən o qədər güclü energetika gəlir ki, sadəcə heyranedicidir!  Həmişə soruşmaq istəmişəm: gözəlliyinizin sirri nədədir – yaxşı genetika, fəal həyat tərzi və ya ciddi özünənəzarət?

Komplimentə görə təşəkkür edirəm. Əslində, dediklərinizin hamısını özüm yaratmışıam, özümü elə özüm ərsəyə gətirmişəm. Görünüşüm daha çox həyat fəlsəfəmlə bağlıdır... Həftədə 2-3 dəfə idmanla məşğul oluram, sağlam həyat tərzinə və qidalanmaya diqqət yetirirəm – bütün həyatım boyu belə olub. Mən uzun müddət davam edən gəzintiləri sevirəm və hamıya daha çox piyada gəzməyi tövsiyə edirəm. Özünü mənəvi və fiziki cəhətdən qidalandırsan, özünün qeydinə qalsan, nəticəni uzun müddət gözləmək lazım gəlməyəcək.

Hazırda formanı qorumaq üçün çox sayda müxtəlif pəhrizlər mövcuddur. Siz hər hansı xüsusi rejimə, rasiona riayət edirsiniz?

Etiraf edim ki, hər hansı xüsusi rasiona riayət etmirəm, bu, hərdən olur. Bu mənim şəxsi təəssüratlarımdan asılıdır: hər hansı narahatlıq, fiqurama dair tərəddüdlər hiss edirəmsə, əgər mən əlavə kiloqramlar yığdığımı düşünürəmsə, o zaman, əlbəttə, özümü məhdudlaşdırmağa başlayıram.

Səyahət etməyi sevirsiniz?

Əvvəllər çox səyahət etmişəm, lakin son zamanlar yalnız Bodrumdan İstanbula, İstanbuldan Ankaraya ya da İzmirə gedirəm...

Amma mən bildiyimə görə Sizin El-Eydə də apartamentləriniz var?

Bəli, El-Eydə də, Parisdə də, Londonda da...

Sizin göz dəyməyə qarşı gözmuncuğunuz var? Ümumiyyətlə əlamətlərə inanırsınız? Bəlkə səhnəyə çıxmazdan əvvəl hansısa ayini yerinə yetirirsiniz?

Əsas ayin – konsertə hazırlıqdır, mən çox erkən hazırlaşmağa başlayıram. Toparlanmaq üçün bu çox vacib dövrdür. Konsertə təqribən 10 gün qalmış mən “Ajda Pekkan” olmalıyam və mən buna idmançı yarışa hazırlaşan kimi hazırlaşıram. Səhnəyə mütləq dua etdikdən sonra çıxıram – bu mənə inam bəxş edir.

Elə şey varmı ki, mütləq qrim otağınızda olmalıdır?

Mən ot çayları və çoxlu su içirəm, buna görə də qrim otağında minimum ot çayı olmalıdır.

Evinizdə gəzişərkən çox sayda heyvana rast gəldim...

Bəli, mən heyvanları çox sevirəm.

Mən it və iki pişik gördüm.

Ümumilikdə burada üç it və səkkiz ya da doqquz pişik yaşayır...

Doqquz pişik?! Onlar hamısı Sizinlə bu evdə yaşayırlar? Siz heyvanlarınızla çox vaxt keçirirsiniz?

Yox, onların öz ayrıca evi var.  Mən çox vaxtımı evdə keçirirəm. Bəzən heyvanlarıma ünsiyyət qurmaq və onları sığallamaq üçün baş çəkirəm. Bilirsinizmi, axı onlar hər şeyi çox yaxşı başa düşür, hiss edirlər...

Xarakter baxımından optimist ya pessimistsiniz?

Əlbəttə ki, optimist, məgər görünmür? Həmişə və hər şeydə!

Lakin həyat hansısa maneəsiz, kədərsiz, itkisiz olmur... Çətinlikləri ram etməyə Sizə nə yardım edir?

Musiqi. Belə anlarda dadıma yaxşı musiqi çatır. Bundan başqa yaxşı film seyr etmək və ya dostlarla görüşmək, ünsiyyət qurmaq olar ki, kədərli düşüncələrdən ayrılasan.

Yəni söhbət terapiyası yardım edir? Siz sirlərinizi özgələrə etibar etməkdən, problemlərinizdən danışmaqdan qorxmursunuz?

Mən çox gözəl anlayıram ki, sirrim – ancaq mənim sirrimdir, ona görə də sirlərimi özümdə saxlayıram. Dostlarla və mənə xoş olan insanlarla söhbətlər isə adətən ümumi mövzulara həsr olunur.

Ajda Pekkan kimi diqqət, dəbdəbə və şöhrətə alışan qadını daha nə xoşbəxt edə bilər?

Gündəlik həyatda mən tamamilə başqayam. Təmkinli görkəmimə rəğmən, zarafat etməyi və əylənməyi sevirəm. Amma izdihamlı yerlərdən kənar durmağa çalışıram, çünki çox zaman diqqət mərkəzinə düşürəm. Sadə həyat tərzinə üstünlük verirəm, özümlə tək qalmağı xoşlayıram. İnsanlarda səmimiyyəti qiymətləndirirəm. Dostlarla keçirdiyim zaman, isti münasibətlər, hətta sevdiyim insanlardan gələn məlumat – bütün bunlar məni xoşbəxt etmək üçün kifayətdir. Vaxtımı səmərəli keçirməyə, tez-tez təbiət qoynunda olmağa, heyvanlarla ünsiyyət yaratmağa çalışıram.   

Bir gününüzü təsvir edə bilərsiniz? Adətən o, nədən başlayır, saat neçədə başa çatır?

Mən yuxuma diqqət edirəm, çox gec qalmamağa çalışıram. Adətən gecə 12-də yatıram, sabahı yaxşı yatmış və istirahət etmiş halda başlayıram. Mütləq tam sakitlikdə və qaranlıqda yatıram. Səhər məmnuniyyətlə səhər yeməyi yeyirəm, günortaya yaxın mütləq idmanla məşğul oluram – gimnastika ya da pilatess, konsertə hazırlaşıramsa, mütləq məşqə gedirəm.

Azərbaycan musiqisi ilə tanışsınız? Sizcə onun türk musiqisi ilə oxşarlığı və fərqliliyi nədədir?

Mən müxtəlif janrda olan musiqiləri dinləyirəm, mənim üçün musiqidə ayrıseçkilik yoxdur. Əlbəttə, Azərbaycan musiqisi ilə tanışam və onu dinləməyi sevirəm. Hər insan ölkəsinin mədəniyyətindən qidalanır, bu da onun yaradıcılığında əksini tapır, müxtəlif mədəniyyətlər isə musiqiyə xüsusi özəllik bəxş edir. Bu, özünün, digərlərindən fərqli struktur, üslub və ruha malik Azərbaycan musiqisinə də aiddir.

Son dəfə Bakıda 2013-cü ildə, Sizə xüsusi “Bir ömür sanata, kültüre, insanlığa hizmet ödülü” mükafatının təqdimatı zamanı olmusunuz. Şəhərimizlə hansı assosiasiyalarınız var?

Azərbaycan üçün çox darıxmışam, orda tez-tez olmaq istərdim. Həm ölkəniz, həm də xalqınız gözəldir! Şəhərin zəngin mədəni irsi, gözəlliyi isə çox dərin təsir buraxır.

Azərbaycanda dostlarınız varmı?

Dostlarım - ən yaxınlarımdır və mən qəlbimə doğma olan insanlara mümkün qədər çox vaxt ayırmağa çalışıram. Biz sizinlə çox yaxınıq, tarixi və mədəni bağlarımız var, axı biz bir regionun xalqlarıyıq. Mən Bakıda konsertlərlə çıxış etmişəm, sizin həmyerlilərinizlə burada, Türkiyədə, konsertlərimdə görüşmüşəm. Mənim çoxlu azərbaycanlı dostlarım var və biz imkan dairəsində görüşməyə çalışırıq...

Siz bizim zəngin mətbəximizlə tanışsınız? Bəlkə sevdiyiniz Azərbaycan yeməyi var?

Sizin zəngin mətbəxiniz bütün dünyada şöhrət qazanıb! Bakıda məni həmişə mehribanlıqla qarşılayıblar. Bir dəfə sizin şah plovunuzun və yarpaq dolmanızın dadına baxdım, çox xoşuma gəldi. Əminəm ki, bu dəfə digər, dadında geri qalmayan yeməklərinizin də dadına baxacam.

Müğənnilik karyerasına başlayanlara nə məsləhət verərdiniz? Hər hansı universal tövsiyələriniz varmı?

Yox.  Düşünürəm ki, hər kəsin yolu fərdi olmalıdır, daha dəqiq isə, spontan, təsadüf nəticəsində! Ona görə də, zənnimcə, ümumi məsləhətlər burada artıqdır.

Beləliklə, biz Sizi səbirsizliklə Bakıda yubileyimizdə - “Nargiz” jurnalının 5 illiyində gözləyirik, bu isə... yanvarın 13-də olacaq!

Çox gözəl yadımdadır və mən də Bakı ilə, onun qonaqpərvər, xeyirxah insanları ilə görüşü gözləyirəm. Mən həm də bilirəm ki, yanvarın 13-ü Sizin ad gününüzdür...

Sizi doğma şəhərimdə, mənim və “Nargis” komandam üçün böyük əhəmiyyət kəsb edən bayramda görmək mənim üçün ikiqat xoş olacaq. 

 

Müsahibə Ülviyyə Mahmudova 

Foto Safa Gulsoy