NARGIS
Ru En
NARGIS MAGAZINE
Xəbərlər

Professor Nərgiz Paşayeva "Əsrin kontraktı"-nı imzalayıb

May ayının 23-də İngiltərə və Azərbaycan arasında elmi, mədəni və hümanitar sahədə mühüm tarixi hadisə baş vermişdir. 2013-cü ildən Oksford Universitetində fəaliyyətə başlamış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi movcüdluğu haqqında kontrakt imzalanmışdır.

İmzalanma mərasimi Universitetin Protokoluna əsasən XV əsrdə yaradılmış Universitetin Klarendon Kollecində keçirildi. Kontraktı Oksford Universiteti tərəfindən Universitetin vitse-kansleri professor Luiz Riçardson, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva imzalamışdır.

İmzalanmış müqaviləyə əsasən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz olaraq, Universitetin ayrılmaz bir hissəsi kimi, daimi fəaliyyət göstərəcək.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Elmi Mərkəzin dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından olan Oksford Universitetində daimi qaydada, Universitetin ayrılmaz hissəsi olaraq fəaliyyət göstərməsi Nizami Gəncəvi Elmi Mərkəzinin 5 il ərzində ədəbiyyat, tərcüməçilik, tarix, arxeologiya, tədris və mədəniyyət sahələrindəki ciddi və gərgin akademik əməyinin məntiqi nəticəsidir.

Artıq Mərkəz Oksford Universitetinin daimi bir hissəsi kimi beynəlxalq elmi çevrələr, müəssisələr və intelektual informasiya daşıyıcıları tərəfindən şərtsiz qəbul olunur.

İmzalanmış müqavilənin bəndlərindən birində Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi qeydə alınıb.

Beləliklə, imzalanan bu mühüm müqavilə Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı münasibətlərin elmi, humanitar, mədəni və digər sahələrdə inkişafının yeni və vacib bir mərhələsidir və heç şübhəsiz ki, bu razılaşma Azərbaycan elmi və mədəniyyəti tarixinə qızıl hərflərlə yazılacaq. 

Professor Nərgiz Paşayeva Oksford Universiteti nəzdində 2013-cü ildən fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın tarixi-mədəni, mənəvi irsinin öyrənilməsi və təbliğində aparılan işlərin və ölkəmiz üçün vacib olan bu mərkəzin elmi-strateji məqsədlərinin əhəmiyyətini vurğulayaraq dedi: 

"Beş il əvvəl Oksford Universitetinə gələndə buradakı fantastik atmosfer və insanlar bizi heyran etdi. Azərbaycanı və Qafqazı öyrənən, Nizaminin adını daşıyan yeni elmi mərkəzin yaradılması ideyası yarandı. Mərkəzin həmin andan Oksord Universitetində davamlı, daimi mövcudluğu məqsəd olaraq qarşıya qoyuldu. Azərbaycan elmi və mədəniyyəti Qafqazın bir hissəsi kimi Oksford Universitetində tədqiqat obyektinə çevrilmək imkanı aldı. Müxtəlif, dəyişik elmi yanaşmalara, müasir nəzəri metodologiyalara, istedadlı insanlara və dialoqa yeni yol açıldı. Bu gün imzalanan kontraktı, belə böyük hadisəni elm, təhsil və mədəniyyət sahəsində Azərbaycanda "Əsrin kontraktı" adlandırmaq olar. Bu fərəhli gün Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və müsəlman şərqində birinci Demokratik Respublika yaradan parlaq insanların əziz xatirəsinə ithaf olunur".

Qeyd edək ki, postsovet müsəlman respublikaları arasında Azərbaycan birinci olaraq Oksford Universitetində öz daimi funksional mərkəzini yaratdı və təsdiq etdi. Bəşər tarixinin təcrübəsi göstərir ki, böyük elm aləminə daxil olmadan sanballı və fundamental elmi nailiyyətlər əldə etmək mümkün deyil.