NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Bakı bələdçisi: Heydər Əliyev Mərkəzi

Paytaxtımızın əsas yerlərindən birinə çevrilmiş, Bakı üzrə bütün bələdçilərdə mədh edilmiş Heydər Əliyev Mərkəzi öz ərazisində daimi sərgilər keçirir.

Yaxın zamanda Zaha Hadidin futuristik əsərinə doğru gəzmək qərarına gələn paytaxtımızın qonaqlarını nə ilə təəccübləndirmək olar?

Azərbaycan inciləri

Mədəni irs

Ağappaq binanın kandarına ayaq basan qonaqları görən kimi ilk növbədə nə etmək lazımdır? Əlbəttə ki, doğma ölkəmizin mədəniyyətindən bəhs etmək! Fantastik zaman maşınına bənzəyən sərgi bizi uzaq keçmişə aparır və doğma diyarımızın əsrdən əsrə necə dəyişdiyini göstərir.

İbtidai insanlar yaşamlarını Qobustan qayalarına necə həkk etmişlər, kiçik sənət emalatxanalarında gil və misdən əşyalar necə hazırlanmışdır, həyətlərdə isə sikkələr necə zərb edilirdi... İpək şallarda gözəl Azərbaycan qadınları milli musiqi alətlərinin müşayiətilə ifa olunan serenadaların sehrli musiqisindən ilhamlanaraq necə yun xalçalar toxuyurdular. Eksponatlar arasına Quranın, İncilin və Tövratın qədim nüsxələri, milli geyimlərin nümunələri və s. yer alır.

Mini-Azərbaycan

Detallarda gözəllik

2-ci mərtəbəyə qalxırıq və Azərbaycan diyarına səyahət etməyə davam edirik. Biz hələ də aşağı mərtəbədə gördüklərimizin təsiri altındayıq. Bəs sonra nə baş verdi? Növbəti daimi ekspozisiya ölkəmizdə tarixi və memari binalar barəsində bütün gözəlliyi ilə bizə izah verir və əyani şəkildə göstərir. Orta əsr abidələrinin maketləri (Qız qalası, Möminə-Xatun türbəsi və s.), teatr və muzeylər (Yaşıl Teatr, ÜNS Yaradıcı Səhnəsi, Azərbaycan Xalçası Muzeyi), məscidlər (Təzəpir, Bibiheybət, Cümə məscidi), XX əsrin əsas binaları (Heydər Əliyev Mədəniyyət Mərkəzi, Flame Towers, Baku Crystal Hall) - ümumi olaraq burada 45 tarixi və memarlıq binalarının maketləri təqdim olunub.

Kukla incəsənətdə

Uşaq aləminə səyahət

“Kukla incəsənətdə” sərgisi mərkəzin ən rəngarəng ekspozisiyalarından biridir. Sərginin açılışından yarım il keçməsinə baxmayaraq sevimli qəhramanlarla qarşılaşmaq üçün nağıllar aləminə səyahət etməyə can atan ziyarətçilərdə əvəzolunmaz maraq oyadır. Sərgidə “Komediya del Arte” italyan xalq tamaşasının nazlı Kolombina və məzəli Pulçinella obrazları, çoxbilmiş nadinc Pinokkio, Antuan Prevonun "Kavaler de Grie və Manon Lesko hekayəsi" romanının qəhramanı avanturist qız Manon, ağıllı və hazırcavab Molla Nəsrəddin obrazı (Azərbaycanda müəllif və bədii kuklaların banisi Elmira Abbaslının əsəri) və digər personajlar nümayiş olunub. Məşhurların obrazlarını əks etdirən, məsələn səssiz kino ulduzu Vera Xolodnayanın kuklası sərgidə xüsusi yer alıb.

Müəllif kuklası xalqın mədəni dəyərlərini qoruyur, bu da ona böyük bədii əhəmiyyət verir. Bu mədəni fenomenin tədqiqi artıq çoxdan dünyada aktualdır. Ona görə də sərginin açılışı tam zamanında baş verən hadisəyə çevrildi və böyük bir coşğu ilə qarşılandı.

Sərgidə dünyanın müxtəlif ölkələrinin sənətkarlarının çətin əl əməyinin nəticəsi olan kukla sənətinin təxminən 230 əsəri nümayiş etdirilir. Yaradıcılıq prosesində çini, plastik, kağız, ağac, hər cür parçalar və bəzək əşyalarından istifadə olunub. Təqdim olunmuş əsərlərin bir çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.

Flowers That Bloom Tomorrow

Xal Sənəti

Mərkəzin daimi ekspozisiyasında psixodelik bəzəkli nəhəng triffid (John Wyndham'ın "Triffidlərin günü" romanındakı uydurma yırtıcı gəzən bitki) - müasir incəsənət simvolu kimi tanınan Yayoi Kusamanın sonsuz fantaziyasının bəhrəsi nümayiş olunur.

Onun sevimli motivi - təkrarlanan xaldır. Bu vasitə ilə o, özünü ifadə edir və ictimaiyyətə həyatının hekayəsini danışır, eigō kaiki (tərcüməsi "əbədi təkrarlanma") fəlsəfi kateqoriyaya yüksəlir.

Zəhərli rəngə boyanmış və bol-bol xallar əlavə olunmuş bitkinin qeyri-adi çıxıntıları şüşə lifi ilə möhkəmləndirilmiş plastikdən hazırlanıb.

Klassik avtomobillər sərgisi

Avtonostalgiya

Ekspozisiyaya eksponatların zəngin kolleksiyası daxildir: Burada Almaniya, ABŞ, İtaliya, Fransa, İngiltərə və keçmiş SSRİ-də istehsal olunan nadir maşınlar sərgilənir.

Bundan əlavə, sərgidə yol nişanları, aksesuarlar və avtomobil haqqında nəşrlər təqdim olunur. Ziyarətçilər, arxiv materiallarından hazırlanan videonu izləyə bilərlər.

Unikallıq

Elm sənətin keşiyində

Vanq Yuyanqın (Wang Yuyang) "Unikallıq" (Singularity) sərgisi 2017-ci ildə Heydər Əliyev Mərkəzində açılan “Ay” ekspozisiyasının davamıdır. 

Rəssam, rəqəmsal texnologiyalardan və media üsullarından məharətlə istifadə edərək real və virtual sərhəddə mövcud olan bir dünya yaradır və xəbərdar edir ki: sərhəd get-gedə daha az çərçivələnir, daha çox isə yayılır. O, bloklardan və halqalı konfiqurasiyadan ibarət 300 addım mühərriki və 3000 LED lampa ilə təchiz olunan mürəkkəb sferoidşəkilli qurğu nümayiş etdirir. Fərqli sürətlərdə və fərqli istiqamətlərə dönərək addım mühərrikləri unikal işıq effektləri yaradır. Müəllif Çin mədəniyyətinin ən parlaq simvollarından biri olan ayı istifadə edərək kainatın dinamikasını göstərir.

Sərgidə rəssamın "Elektrik", "Adsız-1" silsiləsindən heykəltəraşlıq əsərləri, həmçinin "Ay" silsiləsindən rəsm əsərləri nümayiş olunur.

Çin müasir incəsənətinin pərəstişkarları sərgini mütləq ziyarət etməlidir!

Moda məkanı

Təbiət ilham mənbəyidir

Ekssentrik kostyumları və dəbdəbəli hökmləri ilə tanınan sənətşünas və moda tarixçisi Aleksandr Vasilyev paytaxtımıza ilk dəfə gəlmir (keçən ilin oktyabr ayında Mərkəzdə "Modernizm və Moda" sərgisini təqdim etmişdi). Bu dəfə o, qatı modabazları "Moda məkanına" dəvət edir.

Bəzən yeni brend geyimlərin və bədəni mükəmməlləşdirmək dalınca qaçmaqdan biz ruha lazımi diqqət ayırmağı, ən əsası isə təbiətlə birləşməyi unuduruq. Aleksandr bu səhvi təbiətin və modanın birləşməsini göstərərək düzəltməyə çalışır. XVIII-XXI əsrlərə aid 400-dək eksponat (o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s.) - cəngəllik və savanna, meşələr, dəniz və dəniz sakinləri mövzularından ilhamlanaraq yaradılmışdır.

İnsanları çox vaxt geyiminə görə qarşılandığı bir cəmiyyətdə Paco Rabanne, Christian Dior, Lanvin, Givenchy brendlərinin, eləcə də Bettina Graziani və Shirley MacLaine'nin şəxsi qarderoblarından geyimlər çiçəklər və bitkilər, həşəratlar və quşlar dünyası ilə uyğunlaşır.

Bəşəriyyət. Vizual səyahətə dəvət

Dünya vətəndaşı

Heydər Əliyevin mərkəzində (yeri gəlmişkən 2014 Design of the Year mükafatın qalibi) doyunca gəzib və bütün sərgiləri gördünüz? Mərkəzin parkını ziyarət etməyi unutmayın.

Burada bir çox beynəlxalq mükafatların sahibi, məşhur fotoqraf və rəssam Reza Degatinin sərgisi yerləşir. Onun portreti Nargis jurnalının  27-ci buraxılışının ("Naməlum") üz qapağını bəzəmişdi. “Bəşəriyyət. Vizual səyahətə dəvət” fərdi sərgidə ustadın "Gözəllik" (Beauty), "İtkin uşaqların portretləri" (Portraits of Lost Children), "Qanadlarını açan qızlar" (Girls spreading their wings), "Oğurlanmış uşaqlıq" (Stolen Childhood), "Ləyaqət" (Dignity) kimi əsərləri və ümumi olaraq 60-a yaxın digər foto işləri ilə tanış olmaq olar. Dünyanı səyahət edərək və insan mahiyyətinin fərqli təzahürləri ilə qarşılaşaraq, Reza insan və təbiətin birliyini təbliğ edir, həmçinin insanlığı narahat edən ən ağır sosial mövzulara toxunur. Sehrli məişət rəsmləri və kəskin baxışlı portretlər insanı biganə qoya bilməz.

Hər özünə hörmət edən turistin (təkcə turistin deyil) 2016-cı ilin yayında Mərkəzin parkında açılan I LOVE BAKU art-kompozisiyasının fonunda fotosu olmalıdır. Çəmənliyi bəzəyən nəhəng rəngarəng dovşanlar və ilbizlər isə («Cracking Art Group» yaradıcı rəssamlar birliyin işləri) ictimaiyyətin diqqətini ekoloji problemlərə yönəltmək üçün hazırlanmışdır.

 

Nigar Məhərrəmova