NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

ƏLİ BƏY HÜSEYNZADƏNİN UNUDULMUŞ RƏSM ƏSƏRLƏRİ

2017-ci ildə azərbaycanlı mütəfəkkir, həkim, yazıçı-publisist, rəssam Əli bəy Hüseynzadənin arxivi qızı Feyzavər Alpsar tərəfindən Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edildi. Bu qiymətli nümunələr arasında 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti var. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olundu.

Əli bəy Hüseynzadənin arxivi ilə tanış olmaq üçün İstiqlal muzeyində olduq, hədiyyə edilən əşyaların fotoşəkillərini əldə etdik.

eli_bey_huseynzade_2

Əli bəy Hüseynzadə 1864-cü ildə Salyan şəhərində doğulub. Ana babası Qafqazın Şeyxülislamı Şeyx Əhməd Səlyanidir.

Anası öldükdən sonra Əli bəyin atası Hüseyn Hüseynzadə onu və qardaşı İsmayılı Tiflisə aparır. Dövrün mütərəqqi şəxslərindən olan babası Şeyx Əhməd 1875-ci ildə onu Tiflis-rus gimnaziyasına yazdırır. 10 il burada təhsil alan Əli bəy rus, latın, yunan, ərəb və fars dillərini öyrənir. Əli bəy bu məktəbdə Qərb mədəniyyəti ilə tanış olur, yunan və alman klassiklərinin əsərlərini mənimsəyir.

1885-ci ildə Əli bəy bu məktəbi bitirir. Babası bu dəfə onu təhsil almaq üçün Peterburqa göndərir. Fizika-riyaziyyat fakultəsinə daxil olan Əli bəy Vaqner, Mendeleyev kimi məşhur şəxslərdən dərs alır.

Bu dövrdə Peterburq Universiteti Çar Rusiyasına qarşı tələbə hərəkatının əsas ocaqlarından biri idi. Buna görə də tələbələr təzyiqə məruz qalır, sürgün edilir, həbs olunurdular. Ona görə də Əli bəy təhsilini tamamladıqdan sonra Osmanlıya doğru yola düşür. 1889-1895-ci illərdə Əli bəy İstanbul Universitetinin Əsgəri-Tibbiyyəsində təhsil alır. Əli bəy bu dövrdə Türkiyə tarixində mühüm rol oynayan “İttihad və Tərəqqi” cəmiyyətinə üzv olur, onun fəaliyyətində iştirak edir.

1895-ci ildə Əli bəy hərbi tibb məktəbini bitirir, Heydərpaşa hərbi xəstəxanasının dəri-zöhrəvi xəstəlikləri kafedrasına asistent təyin edilir.

Türkiyədə qaldığı müddətdə Əli bəy tibblə bağlı elmi əsərlər üzərində çalışır, Bodenştedt, Con Milton, Heyne və digərlərindən nümunələri türk dilinə tərcümə edir. Lakin sultanlığın nəzarətində olduğu üçün 1903-cü ildə Azərbaycana dönür.

Bakıda Əli bəy ən yaxın dostu Əhməd bəy Ağayev ilə birlikdə 1905-ci ildə “Həyat”qəzetinin redaktoru vəzifəsini icra etməyə başlayır. Qəzetin sahibi Hacı Zeynalabdin Tağıyev, naşiri Əlimərdan bəy Topçubaşov idi. Əli bəyin ən məşhur əsərlərindən biri olan “Türklər kimlərdir və kimlərdən ibarətdir” məqaləsi “Həyat”da dərc olunur.

Əli bəyin bu dövrdə Bakıda çap olunan “Kaspi”, “İrşad”, “Tərəqqi”, “Həqiqət” kimi qəzetlərdə yazıları çap edilir. Onun Bakıda nəşr etdiyi ən məşhur mətbu orqan Tağıyevin sponsorluğu ilə çıxan “Füyuzat” dərgisi olur.

Mətbu fəaliyyəti ilə yanaşı Bakıdakı “Səadət” məktəbində ədəbiyyat müəllimi kimi də çalışır.

eli_bey_huseynzade_3

Osmanlıda Gənc Türklərin qələbəsindən sonra Əli bəy dostlarının dəvəti ilə 1910-cu ildə yenidən İstanbula qayıdır. O, 1911-ci ildə qurulan “Türk yurdu” cəmiyyətinin üzvləri arasında yer alır. Eləcə də “İttihad və Tərəqqinin” mərkəzi təşkilatına üzv seçilir. 1915-1916-cı illərdə bu təşkilatın tapşırığı ilə Qərbi Avropa ölkələrində olur, Rusiya müsəlmanlarının problemləri ilə bağlı fəaliyyət göstərir.

1918-ci ildə Əli bəy Azərbaycanda olur, “Azərbaycanda düşündüklərim” adlı məqalə yazır. 1919-cu ildə İstanbul ingilislər tərəfindən işğal edildiyi üçün Əli bəy də digər ittihadçılar kimi həbs olunur. Qısa müddət sonra azad edilir.

Osmanlıda yaşadığı müddətdə o, həkimlik fəaliyyəti ilə məşğul olur. 1910-1926-cı illərdə Heydərpaşa hərbi xəstəxanasının tibb fakultəsində dəri-zöhrəvi xəstəlikləri üzrə müəllim işləyir. Əli bəy bir daha Azərbaycana 1926-cı ildə I Türkoloji qurultayda iştirak etmək üçün gəlir. Geri döndükdə isə Mustafa Kamal Atatürkə sui-qəsddə iştirak ittihamı ilə həbs edilir. Lakin Əli bəyin bu sui-qəsd məsələsində iştirak etmədiyi aydın olduğu üçün azad edilir. Çünki onun Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə həmişə hörmət və ehtiramı olub. Qızı Feyzavər xanım xatırlayır: “Karaköydən gəmiyə minib evə getdim, atam məni qarşıladı. Atatürkün vəfat etdiyini dedim. “Təəssüf” dedi. Bir də gördüm ki, atam Əhməd Ağaoğlunun fotosunun qabağında durub, “mənim heç kimim qalmadı” - deyib ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm”.

Atatürkün ölümündən iki il, Əhməd bəy Ağaoğlunun vəfatından isə bir il sonra Əli bəy də dünyasını dəyişir.

Əli bəy 1940-cı ildə İstanbulda vəfat edir, Qaraca Əhməd məzarlığında dəfn edilir.

Rəssam Əli bəy

Əli bəy Hüseynzadənin rəssamlığa böyük həvəsi vardı. Hətta Peterburqda təhsilini bu sahə üzrə almağı düşünüb. Bu istəyi barədə yazırdı: “Bir vaxtlar rəssamlığa çox həvəsim var idi, hətta az qaldı Peterburqun Sənayei-Nəfisə Akademiyasına girirdim. Ancaq din və təbiət təhsilinə meylim qalib gəlib məni ayrı yollara sövq etdi...”.

Buna baxmayaraq, Peterburq Rəssamlıq Akademiyasının məşğələlərində iştirak edir. Qızı müsahibəsində atasının rəssamlığı ilə bağlı deyir: “Atam həbsxanada yatanda məni onunla görüşə aparmışdılar. 4 yaşım vardı. Məni qucağına aldı. Divarlara həbsxanada yatan gənclərin portretlərini çəkmişdi. Atam bir neçə dəfə həbsə düşmüşdü, həmişə onunla həbsdə olanların portretini çəkirmiş”.

Maraqlı faktlardan biri də alman rəssamın Əli bəyin portretini çəkməsidir. Belə ki, Tesaliya müharibəsi zamanı Almaniya imperatoru Vilhelm tərəfindən Dümekeyə göndərilən məşhur rəssam Roçhol onunla görüşərək yağlı boya ilə böyük rəsmini çəkib. Əli bəyin özünün yazdığı məlumata görə, o, rəssamı müalicə edib, onun albomuna xatirə olaraq bir rəsm çəkib.

Əli bəyin rəssamlıq fəaliyyəti oğlu Səlim Turan tərəfindən davam etdirilib, atasından fərqli olaraq o, Türkiyənin məşhur rəssamlarından birinə çevrilib.

Əli bəyin rəsm əsərləri

Əli bəy Hüseynzadənin əsərləri hazırda müxtəlif dövlət muzeylərində saxlanılır. Məsələn, onun yağlı boya ilə çəkdiyi məşhur “Şeyxülislamın portreti” Azərbaycan İncəsənət Muzeyindədir. Azər Turanın yazdığına görə, bu əsəri Hüseynzadə Peterburqda təhsil alarkən tətillərdən birində-Tiflisdə çəkib. İstanbul Universitetinə gedərkən portreti nənəsinin dəvəyunu şalına büküb özü ilə aparıb. 1903-cü ildə Bakıya gətirib və qardaşı İsmayıl Hüseynzadəyə bağışlayıb. Muzeyə isə onu İsmayıl bəyin qardaşı oğlu Bəhram Hüseynzadə və onun həyat yoldaşı Sara Aşurbəyli təqdim edib

“Tesaliya hərbində türk əsgərləri” portretinin Berlin Hərb Tarixi Muzeyində saxlanıldığı iddia olunur. Əli bəy özü bu əsərin Sultan Əbdülhəmidə verildiyini yazır. “Plevnə qəhrəmanı Qazi Osman paşanın rəsmi” əsərinin Tehranda olduğu ehtimal olunur. Bu əsərə görə Əli bəy Qacar şahı Müzəfərəddin tərəfindən “Şiri-xurşid” ordeni ilə təltif olunub.

İstiqlal muzeyindəki rəsm əsərlərini təqdim edirik:

eser_1

Əli bəy Hüseynzadənin qohumları: “Nisə xanım və İsmayıl bəyin qızı Böyükxanım”. Material: kətan, yağlı boya, ölçü 90x72

eser_2

 “Natürmort”. Material: kətan, yağlı boya, ölçü 60x44

eser_3

“Səidə Turan”. Material: kətan, yağlı boya, ölçü 34x26

eser_4

 “Səlim Turanın uşaqlığı”. Material: kağız, rəngli karandaş, ölçü 34x23

eser_5

“Mustafa Kamal Atatürk”. Material: kağız, rəngli karandaş, ölçü 14x9.5

eser_6

 “Əli Bəy Hüseynzadə həbsxanada”. Material: kağız, rəngli karandaş, ölçü 25x18.5

eser_7

 “Musa Peyğəmbər və Çoban”. Material: kətan, yağlı boya, ölçü 30x22. Oğlu Səlim Turanla birlikdə çəkib.

eser_8

“Bibiheybət”. Material: kağız, sulu boya, ölçü 28x21

eser_9

“Şah Süleyman Türbəsi”. Material: kağız, sulu boya, ölçü 21x16

eser_10

“Şamaxı zəlzələsi”,  1903-cü il. Material: kağız, karandaş, ölçü 28x21

eser_11

 “Atatürk və Lətifə xanım”. Material: kağız, karandaş, ölçü 26.5x18.5

eser_12

“Mənzərə”. Material: kağız, rəngli karandaş, ölçü 31x21.5

eser_13

“Cənnət qılıncların kölgəsi altındadır”. Material kağız, tuş, pero, ölçü- 30.5x22

P.S. Əli bəy Hüseynzadənin əsərlərinin surətini bizə verdiyi üçün İstiqlal Muzeyinin fond müdiri Aidə Axundovaya təşəkkür edirik.

 

Mətn: Dilqəm ƏHMƏD 

 

Qaynaqlar:

  1. Dr. Ali Haydar Bayat, “Ali bey Hüseyinzade ve Türkiyede yayınladığı eserleri”, İstanbul, 1992
  2. “Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə”, Bakı, 2015
  3. Azər Turan, “Əli bəy Hüseynzadə”, Moskva, 2008