ON BEŞ YAŞINDA BAKIDAN OLAN SƏİDƏ MURADOVA AİLƏSİ İLƏ BİRLİKDƏ AVROPAYA KÖÇÜR. İRƏLİDƏ ONU İSVEÇDƏ BƏDİİ TƏHSİL, SONRA FRANSA VƏ ABŞ-DA DİZAYNER TƏHSİLİ, ƏN YAXŞI KOLLEKSİYAYA GÖRƏ CLAIRE MCCARDEL AWARD MÜKAFATI, DAHA SONRA İSƏ - MODA SAHƏSİNDƏ UZUN İLLƏR İŞ TƏCRÜBƏSİ VƏ ŞƏXSİ BİZNESİ GÖZLƏYİR. LAKİN SƏİDƏ ƏLDƏ ETDİKLƏRİ İLƏ KİFAYƏTLƏNƏNLƏRDƏN DEYİL. BU GÜN O, LOS-ANCELES VƏ NYU-YORK ARASINDA YAŞAYIB-İŞLƏYƏRƏK VƏ ÖZ BRENDİNİ YARADARAQ, DƏQİQ BİLİR Kİ: QADINLAR BU DÜNYANI DƏYİŞƏCƏK. AXI, ONLAR HƏR ŞEYİ BACARIRLAR!
Siz çox gözəl təhsil almısınız. Bəs Nyu-Yorkun moda aləmində yaşanan təcrübə əsas biliklərdən nə qədər fərqlənir?
Parsons bir çox moda məktəblərindən olduqca fərqlənir. İnanılmaz yüklənirdik, yatmağa vaxt olmurdu! Həftədə iki dəfə ardıcıl altı saat rəsm çəkirdik, sonra isə adi fənnlərə - ədəbiyyat və ya fotoşop proqramına qaçırdıq. Hər həftə bir kolleksiya təhvil verməliydik, 85 yaşlı yaponiyalı tikiş müəllimi miss Namiki isə bizi kuturye texnikaları və sirləri ilə tanış edirdi. Bu da o demək idi ki, biz pencəklərdən korsetlərə qədər əl ilə tikirdik! Mən orada ilk vaxtlarda lazımsız görünən inanılmaz sayda faydalı bilik əldə etmişəm. Belə bir ciddi təhsil aldığım üçün çox şadam, lakin bugünkü moda sənayesi təəssüf ki, satış rəqəmləri, böyük brendlərin dizaynlarını kopyalamaq və sürətli dövriyyə üzərində işləyir. İlk iki il ərzində köməkçi olaraq çalışırdım və mənim kuturye, digər yüksək mövzularla bağlı biliklərim ümumiyyətlə tələb olunmurdu: mən cədvəlləri doldururdum, fabrikalarla danışıqlar aparırdım, mikroskopla parçaların liflərini yoxlayırdım, parçaların rənglərini tutuşdururdum... Demək olar ki, hər şeyi yenidən öyrənməli oldum. Əlbəttə, mən məyus olmuşdum: kompüter arxasında oturmaq deyil, yaratmaq istəyirdim!
Öz brendinizi yaratmaq fikrinə necə gəldiniz?
Kollecdən sonra mən üç il Banana Republic brendində minimum on müxtəlif kateqoriya üzrə dizayner assistenti olaraq işləmişəm! Bu böyük təcrübə idi! Sonra Ralph Lauren brendində çalışdım. Lakin bu sahədə on il çalışdıqdan sonra anladım ki, korporativ nəhənglər üçün işləmək istəmirəm. Böyük şirkətlərdə çalışdığım illər ərzində o qədər çox şey görmüşdüm ki, buna görə də, hər şeyi yenidən qurmağa və sıfırdan başlamağa qərar verdim. Səkkiz il əvvəl, moda sənayesindən ayrıldıqdan dərhal sonra amerikan dizayner brendlərinin qlobal distribüsiyası üzrə ilk şirkətimi açaraq biznesə başladım. Bu, mənə yaxşı gəlir və tam azadlıq verdi, lakin yaradıcılıq deyil! Və keçən ilin iyul ayında, nəhayət "Оbject and Dawn" brendimi açmağa qərar verdim. Mən onu yaratmağa başladığımda mənim üçün əsas məsələlərdən biri etik istehsal platformasını qurmaq idi. Əlbəttə ki, bu daha çox vaxt aparır, amma fabrikalarda "on əldən keçərək" deyil, həqiqi insanlarla işləmək imkanını yaradır.
Bəs niyə əsas seçiminiz məhz baş aksesuarlarının dizaynı üzərinə yönəlib? Bu sizdə yaxşı alındığı üçündür, yoxsa buna tələbat var, ya da sadəcə Sizin daxili aləminizi əks edir?
Оbject and Dawn üçün gələcək planlarıma zinət əşyalarının, geyim və hətta heyvanlar üçün aksesuar xəttinin kolleksiyalarını yaratmaq daxildir. Amma brendimi ən cəsur addımla qurmağa başladım - gözə çarpan və onların çox sayda istifadəsini düşündürən bəzək əşyası ilə! Modanı təqib edənlər bilirlər ki, bizdə olan baş aksesuarları yavaş-yavaş, amma düzgün şəkildə dünyanı fəth edirlər. Məsələn Dolce & Gabbana artıq neçənci mövsümdür ki, nümayişlərdə qızıl və dəbdəbəli naxışlı tac və qulaqlıqlardan istifadə edir.
Musiqi sənayesinin bir çox ulduzları son vaxtlar müxtəlif dəbdəbəli və ölçülü baş geyimlərində çıxış edirlər: Beyonce, Jamiroquai, Grimes, Janelle Monáe... siyahını sonsuza qədər davam etdirmək olar.
Bir çox fashion-tənqidçisi son Met Gala gecəsini baş geyimlərinin apologiyası adlandırır. Bu sadəcə bir trend deyil, bu artıq dəbdə yeni bir istiqamətə çevrilib!
Məşhur Burning Man festivalı son on ildə 70 mindən çox insanın iştirakı ilə böyük bir tədbir halına gəlib. Burada məşhur artistlər çıxış edir, müasir incəsənət əsərləri sərgilənir, kostyum şouları keçirilir. Digər festivallarda olduğu kimi, insanlar bu festival üçün də, bir neçə min dollar dəyərində xüsusi qarderob və baş bəzəkləri sifariş edirlər. Bu olduqca böyük və sürətlə inkişaf edən bazardır, lakin burada heç bir müxtəliflik yoxdur. Məhz buna görə də, bu sahə mənim üçün çoxlu yeni imkanlar yaradır. Buna hər brend cəsarət etməz, amma mənim fikrimcə, bazarda meydan oxumaqdan daha yaxşı bir üsul yoxdur! Və hər şey mənim təxmin etdiyim kimi baş verdi. Bizim haqqımızda ilk dəfə Vogue jurnalında yazıldı, ardınca Racked online-mediada müsahibə oldu və musiqi sahəsindən, production şirkətlərdən bizə müraciət etməyə başladılar. Bu bir xəyaldır! Mən irəliləməyə davam edirəm. Düzdür, bəzən qorxmamaq üçün gözlərimi bərk sıxaraq addımlamaq məcburiyyətində qalıram!
Sizin bloqunuzdan və sosial şəbəkələrdəki səhifələrinizdən görünür ki, qadın azadlığı mövzusu sizə yaxın olmasından savayı, həm də yaradıcılığınızda öz əksini taparaq fundamental rol oynayır. Bir dizayner olaraq öz hüquqlarını müdafiə edən qadınlarla həmrəylik hərəkatı üçün nələr etmisiniz?
Qadınların artıq "həddi aşmaqdan", hətta cəsur geyinməkdən qorxmamaları sevindirici haldır. Qadınlar daha sıx birləşməyə başlayıblar - yeni hərəkatlar, birliklər, kurslar, dəstək qrupları yaranıb! Bununla onlar həm özlərinə, həm də bir-birinə kömək edə bilirlər. Bu il ABŞ-da 500-dən çox qadın dövlət vəzifələrinə namizədliyini irəli sürüb - bir neçə il əvvəl 75 namizədlə müqayisədə bu böyük bir addımdır! Bu tendensiya yaşadığımız qaydaları dəyişəcək, gec-tez bu geyimlərimizə də təsir edəcək. Moda həmişə dünyanın siyasi vəziyyətini əks etdirir. Mən şəxsən bunda qadınlar üçün yalnız müsbət dəyişiklikləri görürəm. Bloqumu isə hələ qadın hüquqlarından danışmaq trend olmamışdan əvvəl yazmağa başlamışam. Bəlkə də, bu mənim həyatımda ən yaxşı trend oldu. Ancaq indi düşünürəm ki, sözdən əmələ keçmək vaxtı gəlib.
Bəs qadınlar bir-birinə necə kömək edə bilərlər?
Mən qeyd etmişdim ki, mənim üçün əsas vəzifələrdən biri etik istehsal platforması yaratmaq idi: aşağı əmək haqqı və demək olar ki, işçilər üçün heç bir şəraitin olmadığı fabrikalarla işləmək yerinə iş qurmaq istədiyim bölgələrdə fərdi rəssamlar, sənətkarlardan ibarət cəmiyyətlər tapmaq. Biz birbaşa işləyirik, işçilərimizin əksəriyyəti - qadınlardır! Hazırda işimi Hindistanda bir qrup evdar qadınlarla inkişaf etdirirəm, bu da onlara həm uşaqlara baxmaq, həm də ümumiyyətlə ev işlərini görməyə imkan verir. Hindistan kimi ənənəvi bir cəmiyyətdə, bizimlə əməkdaşlıq edən qadın özünü inkişaf etdirməklə yanaşı, həm də ailəyə gəlir gətirir. Biz bu yolla qadınlara kömək edirik, amma əslində onlar özləri özlərinə kömək edirlər! Bu kampaniyanın məqsədi - Asiya, Latın Amerikası, Afrika və hətta ABŞ-da qadınlarla belə əlaqələrin inkişaf etdirilməsidir. Əlbəttə ki, mən Azərbaycanda əsas xətlərdən birini təşkil etməyi arzulayıram. Ancaq bu çox vaxt aparacaq. Mən həmişə bu şəkildə - cəmiyyətlərə, qruplara, öz istehsallarını trendlərə uyğun deyil, keyfiyyətə, köhnə texnikalara və emal etməyə üstünlük verən fərdi istedadlı şəxslərə kömək edərək işləmək istəmişəm.
Sizin fikrinizcə, qadının müasir fashion-sənaye bazarında rəqabət aparmaq üçün hansı keyfiyyətlərə ehtiyacı var?
Birincisi, sənayedən asılı olmayaraq özünüzə "biznes qadını" kimi baxmaq lazım deyil! Bu həmişə mane olacaq olan mənəvi maneədir. Bu, müasir cəmiyyətin ən ağrılı problemlərindən biridir. Bir çox ölkələrdə qadın hələ də özünü nədənsə "mütləq" yerinə yetirməli məhdud çərçivəli rollardakı kimi görür. Belə çərçivələr şəxsiyyətin inkişafına maneə törədir. Hər şeydə seçim imkanı olmalıdır! Fashion-sənayesinin bu gün üçün ən vacib xüsusiyyətləri olaraq özünü qorxusuz ifadə etməyi və marketinq biliklərini görürəm. Əgər əvvəllər hətta ən istedadlı dizayner mətbuata və əlaqələrə ehtiyac duyurdusa, bu gün öz kolleksiyamızı triumfal şəkildə ən minimal müddətdə işıq üzünə çıxarmaq üçün bütün platformalar və imkanlarımız mövcuddur. Cəsarət və biliyə ehtiyac ola bilər! İnternet və sosial şəbəkələr bizə self-branding imkanı verib və bu gün arzusu və doğru məlumatı olan hər kəs öz brendini yarada bilər. Əlbəttə, workshoplar, kurslar üçün vaxt tələb olunur, müvafiq sənayedə işləmək lazımdır. Amma hesab edirəm ki, əzmli əmək olmadan təkcə moda aləmində deyil, həm də müasir dünyada nəyəsə nail olmaq, ümumiyyətlə, çətindir.
Bəs moda dünyasında mümkün əsaslı dəyişiklikləri zərif cinsin nümayəndələrinin xeyrinə olacağını düşünürsünüz? Yoxsa buna hələ çox var?
«Zərif cinsin nümayəndələri» - şüurun genişlənməsinə mane olan köhnəlmiş ifadələrdən biridir! İnsanlar özləri çox vaxt öz inkişaflarını yavaşladırlar, çünki onları məhdudlaşdıran çərçivələrə bağlıdırlar, məsələn: "Qadın mütləq ciddi, zərif olmalıdır, ailə və ən əsası uşaq... istəməlidir" və s. düşüncələr var - hər şey yaşayış yerindən asılıdır. Bələkdən, çəhrayı paltarlar və Barbi kuklasından başlayaraq biz bu qaydalarla böyüyürük, onlar bizə miras qalır! Hesab edirəm ki, bu məcburi qaydalardan biridir, bunu qadınlar mütləq dəyişməlidir. Bu şablonlardan qurtulmaq lazımdır: özünə zəif deyil, güclü, sadəcə "gözəl" deyil, hər kəsə bərabər fərd kimi baxmalısan. Mən hələ indi, hamiləliyimin altıncı ayında, biz qadınların nə qədər fiziki güclü olduğunu başa düşmüşəm! Əgər biz doğuma qədər heç bir şey olmamış kimi bu vəziyyətdə işləyə biliriksə, necə "zəif cins" ola bilərik? Amma bu nə kişilərlə rəqabət aparmaq, nə də kişi keyfiyyətlərinə sahib olmaq mənasını vermir. Bu tamamilə başqa şey ifadə edir - özünü məhdudlaşdırmadan, məcburi şablonlarsız tapmalısan! Mən hər iki cinsi də gözəl hesab edirəm. Amma həm də hesab edirəm ki, biz qadınlar bu şablonlardan azad olaraq əsl mənada özümüzü tapa bilərik.
Ən son aksesuar kolleksiyanızın buraxılışı saytın buraxılışı ilə üst-üstə düşür. Zəhmət olmasa, bu barədə daha ətraflı məlumat verin.
Mənim brendimin ideyası və onun xüsusiyyəti ondan ibarətdir ki, bütün aksesuarlar blok-modul kimi istifadə olunur. Yəni, hər bir aksesuar - transformerdir! Aksessuarların ya da necə deyərlər sistemlərin detallarını həm birlikdə, həm də ayrı-ayrılıqda taxmaq olar. Hər bir sistemi əhval-ruhiyyə və vəziyyətdən asılı olaraq maksimum dərəcədə yığmaq və minimum dərəcədə sökmək mümkündür. Buna görə bir aksessuar bir neçə rol ifa edir, onun sahibi - öz-özünün dizayneridir! Bir aksessuarın bir neçə variantına sahib olaraq onları bir neçə konfiqurasiyada toplaya bilərsiniz.
Yeri gəlmişkən, mənim aksesuarlarım gender olaraq neytraldır, onları müəyyən bir cinsiyyət üçün yaratmıram: hər bir kəs, kim olursa olsun öz təkrarolunmaz zövqünə uyğun hər hansı bir model düzəldə bilər. Mən illərlə xidmət edəcək və mənim zövqümü deyil, sahibinin fərdiliyini aydın şəkildə əks etdirəcək keyfiyyətli zinətlər yaradıram - mənim üçün bu həmişə əsas vəzifələrdən biri olaraq qalır. Mənim aksesuarlarım hər kəsə öz unikallığını göstərməyə imkan verir. Axı həqiqətən, hamımızın çox vaxt unikallığa ehtiyacı olur!
Ümid edirəm ki, www.objectanddawn.com saytında yeni məhsulların hər birinin bütün imkanlarını aydın şəkildə nümayiş etdirə biləcəyik. Bu proses daha bir neçə ay çəkəcək, çünki bu ideya ilə heç yerdə rastlaşmamışam. Buna görə də təqdimatın müxtəlif versiyalarını düşünmək məcburiyyətindəyik, bu isə vaxt tələb edir. Səbirsizliklə yay üçün nəzərdə tutulmuş bədən zinət əşyalarının kolleksiyasının nümayişini gözləyirəm! Bu da artıq söylədiyimə gətirib çıxarır: qadınlar tərz baxımından daha cəsarətli olublar. İndi isə yalnız vaxt məsələsidir - bəşər tarixində olduğu kimi, parlayan zinət əşyalarını həm başa, həm də bədənə geyinəcəyik.
MÜSAHİBƏ KSENİYA ELKİND FOTO ALLAN AMATO