NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Fidan Novruzovanın dəbli yolu

Xarici Moda Həftələrindən birində məni həmyerlimiz, gənc dizayner Fidan Novruzova ilə tanış etdilər. O, bu yaxınlarda Central Saint Martin’s universitetini Fashion Design with Marketing ixtisası üzrə bitirib. Amma Fidanın buraxılış işinin beynəlxalq medianın diqqətini çəkməsi və fakültənin L’oréal Professionnel Young Talent Award mükafatına layiq görülən istedadlı məzunlarının 150 işi arasında üçüncü yeri tutması məni daha çox maraqlandırdı və sevindirdi. Azərbaycan tematikası ilə bağlı "Vətən" kolleksiyası Tatler, WWD və Dazed kimi aparıcı moda nəşrləri tərəfindən xüsusi qeyd edildi.

Fidanla onun kolleksiyası, təhsili və gələcək planları barədə söhbət etdik.

Niyə moda dizaynı?

17 yaşım olanda moda ilə məşğul olmaq istədiyimə qərara verdim, amma hansı istiqamətə yönlənəcəyimə əmin deyildim: staylinq, dizayn və marketinq arasında seçim edirdim. Nəticədə hər bir ixtisas üzrə qısa bir kurs keçməyə qərar verdim və ən çətin mənə dizayn gəldi (o dövrdə bildiklərimi nəzərə alaraq), amma buna baxmayaraq ən maraqlı və ruhuma yaxın olan istiqamət də bu idi.

Tədris prosesindən bir qədər danış, hansı çətinliklərlə qarşılaşırdın?

Central Saint Martin’s universitetinə daxil olmaq çox çətindir. Hər il moda şöbəsinə 3500-dən çox insan müraciət edir, amma fakültədə cəmi 150 yer var, buna görə də bura qəbul olmaq asan deyildi. Yəqin ki, ən çətin şey birinci və ikinci kurslarda aylıq layihələr üçün ilham, yeni ideya və konsepsiyalar tapmaq idi. Bir çox tələbə kimi, özümü başqaları ilə tez-tez müqayisə edirdim, amma zaman keçdikcə bunun nə qədər səmərəsiz olduğunu və hər birimizin işinin çox fərdi olduğunu başa düşdüm. Yalnız öz yaradıcılıq prosesimizə diqqət yetirməliydik.

Kolleksiyanın əsas mövzusu və ilham mənbələri nələrdir?

Əsas mövzu, Qarabağda, Laçında doğulub böyüyən, lakin müharibə səbəbindən doğma yurdlarından qovulmuş ailəmin və qohumlarımın hekayələri idi. Sonralar onlar sovetin daha böyük şəhərlərinə köçdülər. Bu hekayənin vizual təfsiri – Qafqaz əyalət həyatının elementlərindən böyük sovet şəhərinin praqmatizminə olan keçididir. Həmçinin məni sovet kinematoqrafiyası, xüsusən, Eldar Ryazanovun "İşdə məhəbbət macərası" filmi ilhamlandırıb.

Sənin kolleksiyan kurs yoldaşlarının buraxılış işlərindən nə ilə fərqlənir?

Düşünürəm ki, fakültəmizin özəlliyi odur ki, oxşar estetikaya sahib iki nəfər tapmaq çətindir. Hər kolleksiya digərlərindən çox fərqlidir, çünki bizə yalnız geyimləri deyil, ətrafındakı bütün dünyanı yaratmağı öyrədirlər. Muzanın kim olduğunu, müştərinin kim olduğunu başa düşməlisən.

Kənardan baxış: kolleksiyanı avropa münsifləri üçün və modanın müasir tentensiyalarına uyğunlaşdıraraq Azərbaycan mədəniyyətinin motivlərini qoruyub saxlamaq çətin idi?

Bəlkə də, Kişinyov şəhərində böyüməyim artıq məni kənarda qoyurdu: yaxın qohumlarım üçün çox adi görünən bir çox detalı mən qeyri-adi görürdüm. Estetikada əsas məqam keçmişlə indiki zamanın birləşməsi idi. Məsələn, bir obrazda bir-birinə qarmaqla birləşmiş, orqanik şüşədən romb şəkilli bir naxış istifadə edilmişdir. Bu qədim metod nənələrimin və ulu nənələrimin məişətinə və Qafqazdakı kənd həyatına istinaddır. Orqanik şüşə isə müasir materialdır. Olduqca futuristik görüntüsü var və çox vaxt müasir meqapolislərin eksteryerində istifadə olunur.

Final obrazda mən ənənəvi qafqaz çobanının çiyinliyini və düymələrində nar, Qız qalası, Qobustan rəsmləri, tar və s. milli elementlər təsvir olunmuş klassik trençi birləşdirdim. Düşünürəm ki, münsiflər heyəti xarici mədəniyyətin orijinallığını və işə belə ətraflı yanaşmamı həqiqətən yüksək qiymətləndirdilər.

Xalça şəklində lukbukun qeyri-adi ideyası. İdeya və onun həyata keçirilmə prosesi barədə məlumat verərdin, zəhmət olmazsa.

Tapşırıqlardan biri – kolleksiyamı promoşn-layihə şəklində təqdim etmək idi, bu, bir lukbuk, video çəkiliş, instalyasiya və ya sərgi ola bilərdi. Mən lukbuk şəklində təqdim etməyə, amma qeyri-standart yanaşmağa qərar verdim. Xalçalar mədəniyyətimizin əsas tərkib hissəsi olduğundan, kolleksiyamın lukbukunu xalça instalyasiyası şəklində təqdim etməyi düşündüm. Floare Carpets ilə birlikdə buraxılış işimi əks etdirən altı xalça yaratdıq. Hər həftə buraxılış kolleksiyasına yeni hissələrin əlavə olunduğunu nəzərə alsaq, bu asan deyildi, amma nəticədən məmnunam.

  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Gələcək planlarını bizimlə paylaş.

Gələcəkdə, bəlkə də, öz markamı yarada bilərəm, amma indi Parisə köçməyi və növbəti 5-6 il ərzində Paris moda evlərindən birində işləməyi, təcrübə qazanmağı planlaşdırıram.

Müsahibə: Ayxan Musaxanlı

Foto: mətbuat materialları