NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Danışan surətlərin susqunluğu

İnsanın özünə bənzərlərini – qədim, daşdan kobud yonulmuş xırda əşyalardan real fiqurlara qədər – yaratmağa əbədi can atmasında nə isə mistik bir şey var...

Müəllif kuklaları – həcmli bədii miniatürlər - yalnız müfəssəl tərtibatı ilə valeh etmir: onların canlı olması və indicə danışmağa başlayacaqları hissindən qurtulmaq olmur!  Yəqin məsələ burasındadır ki, bu dinməz həmsöhbətlər donmuş simalarında onları yaradan ustanın dünyagörüşünü və fəlsəfəsini təcəssüm etdirirlər. İki ölkə - Azərbaycan və Rusiyanın Rəssamlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçisi Elmira Abbaslı artıq 35 ildir ki, bu unikal əsərlərə həyat və ruh bəxş edir.

Elmira xanım, nə üçün “Gedən şəhər” əsərinizin adını dəyişərək “Güc verən şəhər” qoydunuz?

Bu əsərin 28 yaşı var... Bakımızın simasının dəyişməsindən çox narahat idim, xüsusən də, böyüdüyüm İçəri Şəhərin. Küçələr, simalar, əşyalar dəyişir, yeni binalar inşa olunurdu... Və yalnız uzun illər sonra dərk etdim ki, bəzən məhz dəyişikliklər qüvvət və inam bəxş edə bilər. Şəhərə əsl məhəbbət onun arxitekturasına bağlılıqla məhdudlaşmır, o, şəxsi, ruhlar səviyyəsində münasibətdə təcəssüm edir.

O zaman xəyalən Sizin əhvalatınızın başladığı İçəri Şəhərə qayıdaq...

Valideynlərimi erkən itirmişəm, amma təsəvvürü mümkün olan ən nəcib məhəbbətlə əhatə olunmuşam. Çox sevdiyim nənəm həmişə yanımda olub, məhz o mənə dünyanın bütün valideynlərini əvəzlədi...

Krakov, 1987 il

 Folklor kuklalar Biennalesində nənəmin surəti əsasında hazırlanan “N n”i təqdim etdim. Jüri üzvlərindən birinin etirafına görə, onu üçüncü yerə sırf “siyasi düşüncələrə görə” layiq gördülər. Neyləmək olar, mənə təsdiq lazım idi və mən, əslində, o zaman buna nail oldum. Kukla indi bərpa edilir.

Məktəbi bitirdikdən sonra Siz coğrafiya fakültəsinə qəbul edildiniz, iki il sonra isə ərə getdiniz. Gənc ana, ev qayğıları... Həyatınızın o dövründə nə baş verirdi?

Mənim hobbim var idi: ev işləri arasında yaranan fasilələrdə mən çantalar, yumşaq oyuncaqlar və ya interyer üçün əşyalar tikirdim.

 Oyuncaq fabrikinə, rəssam-modelyer işləməyə dəvət etdilər. Üç ilə yaxın eksperimental şöbədə modellər yaradırdıq, onlar yalnız təsdiqləndikdən sonra istehsal edilirdi. Fabrikdə işin qar topası kimi böyüyən fantaziyalarıma maneə yaratdığını anladıqdan sonra, oranı tərk etdim. Daha sonra digər - dəri-qalantereya fabrikində işə qəbul oldum. İndi karyeramın belə başlamasına görə taleyimə çox minnətdaram: məhz istehsal ustalığımı cilaladı, ideyaları sistemləşdirməyə və gələcək həyat yolunu daha dərindən dərk edərək seçməyə yardım göstərdi. Kuklalar sonradan meydana gəldi...

dsc08235-small

Doğurdanmı kuklaları düzəltməyi öyrənmək üçün heç kim yox idi?

Kuklalarla mərhum Luiza Dağıstanlı məşğul olurdu, onları mumdan düzəldirdi. Mən ondan bir şey öyrənməyə macal tapmadım, o, uzun xəstəlikdən sonra dünyasını dəyişdi. Abdulla Şaiq adına Kukla teatrında Solmaz xanım çalışırdı, o da mumdan kuklalar düzəldirdi, amma məni öyrətməkdən imtina etdi, hər şeyi özümün öyrənəcəyimə yardım edəcək bacarığım haqqında sözlərlə kifayətləndi. Buna görə ona həyatım boyu minnətdaram: axı iradə və istəyə malik insan hər vəziyyətin öhdəsindən gəlməyə qadirdir. Bunun üçün zəruri olan bütün biliklər bizə əzəldən verilib, biz sadəcə onları aşkarlamağın vasitəsini tapmalıyıq... H.Z.Tağıyev muzeyində aylarla XIX əsr milli paltarlarımızı araşdırıb öyrənmişəm. Rəssamlar İttifaqından məktub alaraq, Moskvaya, Sergey Obraztsovun Kuklalar teatrına getdim. O, özü məni qəbul etdi. Kuklaların hazırlanmasının incəliklərini öyrənmək üçün Bakıdan gələn gənc hamilə qadını gördükdə onun sifətini təsəvvür edə bilərsiniz?! O, mənim həvəsimdən çox təsirləndi... Mənim üçün bütün sexlərə ekskursiya təşkil edildi, istifadə olunan texnologiyalardan söz açdılar və mən razı halda evə qayıtdım.  

Bakı, 1983 il

Şərq xalçaları incəsənətinə həsr olunan simpoziuma hazırlıq gedirdi. Mənə qonaqlar üçün 30 suvenir kuklası hazırlamaq sifarişi gəldi. Nəzərə alın ki, o zaman hələ bu işlə məşğul deyildim. Amma görünür kimsə qərara gəlib ki, bacararam. O qədər həyəcan keçirdim ki!

Mən milli geyimdə 30 kiçik kukla hazırladım və anladım: bu, mənlikdir!  Dekorativ-tətbiqi sənətdə yolumu beləcə başladım.

Sizin üçün detallar nə dərəcədə əhəmiyyətlidir?

Çox əhəmiyyətlidir! Məni keyfiyyətin mühafizəkarı hesab edə bilərsiniz! Milli geyimlərimizi belə uzun müddət əbəs yerə öyrənməmişəm. Məsələn, bafta – qara və qızılı sapdan toxunan ip milli paltarların ayrılmaz hissəsi idi. Yaxud da tirmə - nazik pambıq saplardan olan nadir parça.

Onun kiçik hissəsi indi çox bahadır. Tirmənin keyfiyyətini onun üzükdən keçmə qabiliyyəti ilə yoxlayırdılar.  XIX əsrdə bütün bu parçaları və sapları ya Azərbaycanda istehsal edirdilər, ya da Hindistandan gətirirdilər, mən isə maksimal dərəcədə dəqiq surətlərini yaratmalıydım.

Bakı, 1985 il

Teatr və kino rəssamlarının sərgisində mənim tekstil işlərim nümayiş olunurdu.

Mən içi pambıqla dolu trikotaj yastıqdan  “Arşin mal alan”, “Məşədi İbad” və s. əsərlərdən olan obrazların xarakterik emosiyalara malik kuklalarının hazırlanması üçün nadir metodikamı yaratmağı bacardım. İşlər o qədər zərif alındı ki, onların hamısını Mədəniyyət nazirliyi aldı.

Malta, 1986 il

Muzeyin açılışına hazırlıq. Sovet İttifaqının bütün respublikalarından milli kostyumda bir neçə kukla göndərmək lazım idi. Mən məmnuniyyətlə iştirak etməyə razılıq verdim, hətta qonorarsız, hərçənd, pula çox ehtiyac var idi. Kuklalar elə uğur qazandılar ki, artıq iki ay sonra Helsinkidə şəxsi sərgimin keçirilməsinə dair təklif aldım, mən də ora 20 işimlə yollandım.

dsc08327-small

Fəlsəfə, astrologiya, din... Elmira Abbaslı kuklaların detallarında bu qədər dəqiqdir, amma belə qeyri-dəqiq, sona qədər öyrənilməyən nəzəriyyə sistemlərinə meyl edir. Bu nə ilə əlaqədardır?

Baxın! Məgər Elmira Abbaslını xətkeş və pərgarla ölçmək olar? Heç vaxt! Nəinki məni, heç kimi təlimatlı standartlarla müqayisə edərək qiymətləndirmək olmaz. Məni ənənəvi olaraq qəbul olunmuş mənada dindar adlandırmaq olmaz. Mən ruhanilik atmosferinə qərq olmuş insanam. Namaz qılmıram, ancaq hər anıma görə Yaradana şükür edirəm. Heç vaxt “bəli, bütün bu əsərləri mən yaratmışam” deməyi sevməmişəm. Daha çox iddia edirəm ki,  Allah bu əsərləri mənim əllərimlə yaradır, nə mənə, nə də sizə bəlli olmayan enerji vasitəsi ilə məni yönəldir. Siz hamınız hər şeyə sübut, tərif  arayırsınız, amma elə şeylər var ki, səs-küylü bəyanatlar xətrinə onlarla eksperiment etməyinə dəyməz. Qəlbimin mənə pıçıldadığına inanıram. Siz elə yaşdasınız ki, küncündə möhür olan kağız üzərində səlis cümlələr tələb edilir, mən isə artıq tələb olunan hər şeyi tapmışam və orada kağız, sübut və imzalar yoxdur. Kainat istənilən insanla ünsiyyətə hazırdır, onunla yalnız əlaqə yaratmaq kifayətdir...

Siz yəqin düşünürsünüz ki, mən kosmos haqqında danışıram? Xeyr, mən hər kəsin daxilindəki kainatı nəzərdə tuturam. Özünlə harmoniya – daxili aləminlə əlaqə məhz budur. Mənim kənarda haqq yolu axtarışlarım öz üzərimdə yekunlaşdı. Bu mənəvi yolçuluq ərzində toplanan müsbət emosiyaları da mən əsərlərimə ötürürəm, qalereyanın ziyarətçiləri isə bunu hiss edirlər.      

Bakı, 1994

Bir dəfə sərgidə əsərlərim bir iş adamını o qədər valeh etmişdi ki, o, ölkəmizdə bu incəsənət növünün inkişafına töhfə vermək qərarına gəldi, hətta özü ayırdığı yerdə muzey təşkil etmək təklifini irəli sürdü. Düzdü, bu ayrılan yerin vəziyyəti dəhşətə gətirirdi, amma mən bu fikri həyata keçirmək üçün irəli atıldım: mənə özümü təsdiq etmək lazım idi! Amma eyni zamanda səbir və cəsurluq da lazım idi. Bu cəsurluğumuzla şəhərləri fəth etmək niyyətində deyildik, amma təmiri həyata keçirməliydik. On ay ağır iş nəticəsində güclü allergiyaya yoluxdum və əsəblərimi xeyli pozaraq iş icraçısı peşəsinə yiyələndim. Amma hətta tamamilə toza bulaşsam, boya iyindən boğulsam da mən təbəssüm edirdim və bütün bunların yuxu olmadığına inana bilmirdim... Paralel olaraq yolun o biri tərəfində başqa bir yeri icarəyə götürdüm və orada şagirdlərimlə birlikdə gələcək muzey üçün kuklalar hazırlayırdım. Və mən, demək olar xarabalıqdan heyranlıq doğuran bir şey yaratmağa nail oldum – “Çeşmə” mədəniyyət mərkəzi nəzdində Milli geyim və kuklalar muzeyi: ideal təmizlik, masalar üzərində tər çiçəklər, milli musiqi sədaları, qonaqlara çay təklif edilir və əlbəttə ki, hər yerdə kuklalar. Yeni muzey valehedici milli Azərbaycan koloriti ilə zəngin idi. H.Z.Tağıyev muzeyindən olan mütəxəssis kuklalar üçün geyim hazırlanan zaman bizə məsləhət verirdi – biz heç bir detalı nəzərdən qaçırmaq istəmirdik. Yarım il ərzində muzeyimizin unikal və tanınan imici formalaşdı, diplomatlar, şəhərimizin qonaqları bura baş çəkirdilər. Haqqımızda Amerikada, Fransada, İngiltərədə xəbər tutdular... Yadımdadır, bir dəfə muzeyə gələn İngiltərə səfirinin həyat yoldaşı o qədər valeh olmuşdu ki, növbəti səfəri zamanı qızılı tikiş üçün mənə çox bahalı saplar gətirmişdi. Mən bu muzeylə yaşayırdım, çünki ora ruhumu, qüvvəmi, bütünlüklə özümü bəxş etmişdim... Üç il sonra isə oranı birdəfəlik tərk etdim.

dsc08356-small

Tərk etdiniz? Axı niyə?

Bu çox uzun və xoşagəlməz söhbətdir. Bir şeyi qeyd edim ki, mən bu qərarı verməyə məcbur idim. Amma gedəndə ora qoyduğum ruhumu da apardım. İndi bu yerə nəzər salın, - daha doğrusu, ondan qalana, - və siz nədən bəhs etdiyimi anlayacaqsınız. Amma siz düşünmürsünüz ki, muzey olmasaydı, mənim fəlsəfi kollajlarım, Bakı obrazları, kuklalar və mücrülər seriyası da olmazdı?

Hər şey evdə davam etdi. Artıq qonaqlar bizə, kiçik evimizə gəlirdilər. Darısqallıq olsa da, nə qədər rahatlıq, xeyirxahlıq, şənlik var idi! Axı bütün bu keyfiyyətlər evlərə və binalara deyil, şəxslərə bağlıdır. Və onlarla birlikdə gedəndə... İlk baxışdan ən vacib əmlakınızdan belə məhrum olduqda, məyus olmağa tələsməyin: çox güman ki, bu sizin pilləkənlə aşağı yox, yuxarı növbəti sıçrayışınızdır. Çoxdan məşhur olan şüarı xatırladım: “Dua et və işlə!” Mən də həmişə elə bu cür etmişəm.    

Emosiyaları, baxışları bu dərəcədə realistik əks etdirməyə necə nail olursunuz?

Hazırda dünyanın hər yerində hiperrealistik kuklalar yaradan ustalar mövcuddur. Bu, texnologiyaların sürətlə, insanın mənəvi inkişafını geridə qoyaraq, inkişafı ilə əlaqəlidir, bu da, gec ya tez, onun özünüməhvi ilə yekunlaşacaq. Mən polimer gilə məftun olduğum zaman, dünyada silikon populyarlaşır. Bu material bacarıqlı əllərə düşərsə, ondan düzəldilən kuklalar çox realistik alınar. Siz hətta onlara baxmaq üçün bir daha geri dönərdiniz və bəlkə də anlamazdınız ki, sizi kuklalar deyil, texnologiyalar valeh edib, qəlbiniz isə toxunulmaz qalıb. Siz onların anbaan danışacağını gözləyərdiniz, amma bu, baş verməyəcək: axı onlar ölüdürlər. Və bununla barışdıqda, çıxıb gedəcəksiniz. Mən özüm üçün polimer gili 2003-cü ildə kəşf etdim və hələ də ondan istifadə edirəm. İnsan özünü hər şeyə qadir ilahi enerji ilə eyniləşdirdikdə möcüzələri çox gözləmək lazım gəlmir! Siz özünüz deyirsiniz ki, kuklalarımın gözləri canlıdır, hərçənd əminsiniz, bunlar yalnız plastik fiqurlardır. Amma onlar daxilinizdə özünüzlə mübahisə yaratmağa qadirdilər, çünki onların canlı olmadıqlarında əmin olduğunuz halda, onlarda sizi təlatümə qərq edən, cəlb edən, dialoq imkanı təəssüratını yaradan amilin haradan gəldiyini anlaya bilməyəcəksiniz... Özü də nəzərə alın ki, mən gözləri başqaları kimi şüşədən deyil, elə həmin polimer gildən hazırlayıram.

dsc08183-small

Əsərinizi 3D printerdə çap edərək qalereyada orijinalla yan-yana yerləşdirsələr, onları fərqləndirən cəhət nə olacaq?

Qalereyanın ziyarətçisi intuitiv olaraq insan əlləri ilə hazırlanmış kuklanın ətrafa saçdığı enerjiyə tərəf yönələcək. Məhəbbətlə, qəlbinin bir parçasını bəxş etməklə hazırlanan əsərlər fəzada harmoniya yaradır və heç bir maşın bunu əvəz edə bilməz. Həm də ştamplama hər bir inkişafın sonunun başlanğıcıdır, kuklaların belə üsulla hazırlanması mənə ümumiyyətlə xas deyil. Başqasını təkrarlamaq və ya hətta öz işinin surətini çıxarmaq – bu mənim üçün geriyə addımlamağa bərabərdir, mən isə bunu heç xoşlamıram. Elə buna görə də, məndə iki eyni əsər tapa bilməzsiniz.

Siz çox zaman məhəbbətdən danışırsınız, onunla doğmalarınızla, incəsənətinizin pərəstişkarları ilə bölüşürsünüz. Razısınızmı ki, yaradıcılıq üçün qarşılıqlı olmayan məhəbbət qarşılıqlı olandan daha münbitdir?

Heç də yox. Siz kişi ilə qadın arasında sadə dünya məhəbbətindən söz açırsınız. Mən isə adi insan ittifaqının çərçivəsindən xaricdə olan hisslər haqqında fikir yürütməyə üstünlük verirəm. Tənhalıqdan qorxaraq, biz sadəcə özümüzlə tək qalmaqdan qorxuruq, unuduruq ki, daxilimizdə bütöv dünya var. Bilirsiniz, Tanrı bizə nə qədər məhəbbət bəxş edib! Biz isə qəlbimizi nifrətlə - yaradıcılıq üçün əsl maneə ilə doldururuq. Mən heç vaxt incəsənətdə qəddarlığı qəbul etməmişəm, baxmayaraq ki, ruhun işıqlı və ya qaranlıq tərəflərinə toxunan şeylər dahi hesab olunur... İncəsənət insanın dünyanı özünün görmək iqtidarında olmadığı kimi təsvir edərək onu daha yaxşı etmək üçün yaranıb. Dünyada qəzəb üçün kifayət qədər səbəb var, yaradıcılıq isə məhəbbət və xeyirxahlıq bəxş etməlidir. Mən daxilimdəki dünyadan ilham alıram, hərçənd həyatım heç də yağ-bal deyil: xəyanətlər, enişlər, maddi və emosional çətinliklər olub... Amma indi mən bütün bunları ruhun formalaşması və bütün həyatımın işi yolunda acı dərman kimi qəbul edirəm.

dsc08098-small

Kuklalarınıza qayıdaq. Şəhrizad, sultanın məşuqəsi... Onlar nazik bədənə, şişman sinəyə, zərif sifətlərə malikdirlər. Sizin gözəllik idealınız belədir?

Heç də yox, mənim belə şişman formalara malik olmayan kuklalarım da var. Keçmişdə döşləri sıxmaq dəbdə idi, bu da mənim digər işlərimdə əksini tapıb. Amma onlar, gördüyüm kimi, sizdə az maraq doğurdu. Odur ki, şişman formalar məqsəd deyil. Ümumiyyətlə isə mən əvvəlcədən kuklaların parametrləri haqqında nadir hallarda düşünürəm, əllər özləri hər şeyi edirlər.

Hansı qaydalardan istifadə edərək Sizin konseptual işlərinizi daha yaxşı anlamaq olar?

Yadımdadır, Vyanada bir qadın mənim saat ustası ilə olan əsərimi diqqətlə öyrəndikdən və əsərə əlavə edilmiş şerimi oxuduqdan sonra yaxınlaşdı və məni bağrına basmaq istədi. Düşünürəm ki, o hər şeyi anladı. Amma elələri də var ki, sadəcə yan keçirlər. İncimirəm, düşünürəm ki, onların mənim əsərlərimi qavraması və anlaması hələ qabaqdadır. Odur ki, bunun üçün heç bir konkret qayda yoxdur, hər şey insanın özündən asılıdır. Sadəcə bilmək lazımdır ki, mən heç bir detalı elə belə etmirəm: bütün işlərim rəmzlərlə doludur və onların arxasında dərin fəlsəfi məna gizlənir...

“Mücrü – boşluğun sirri: zahirdən gözəllik saçır, amma ən qiymətlisi – boşluq – daxilindədir”. Bu, Sizin sözlərinizdir. Nəyə görə Sizin üçün boşluq ən qiymətli şeydir?

Bu ifadəni məntiqi olaraq anlamağa çalışsanız, heç nəyə nail olmayacaqsınız. Sözlərimi ruhunuzla dinləməyə çalışın. Mücrünün dəyəri ondadır ki, onu nə iləsə doldurmaq mümkündür. Amma Siz dolu mücrünün gösəlliyini qiymətləndirməyə cəhd edirsinizsə, o zaman nəzəriniz maddiyata köklənib. Mən sadəcə hər kəsə dünyanı qavramaqda öz zirvəsinin fəthində yardım etməyə çalışıram – yalnız fiziki baxışı ilə deyil, həm də, istək olduqda, digər, ruhun anladığı ölçülərdə. Bu isə mümkündür! İnsan dünyada hər şeyə reaksiya verməyə qadir çox mürəkkəb vücuddur. Orqanizmimiz uzun əsrlər boyunca həm fiziki, həm də mənəvi cəhətdən dəyişir və dəyişməyə davam edirsə, necə düşünmək olar ki, o sona qədər öyrənilib! Canlı orqanizmlərin fizikası və kimyası ilə birbaşa bağlı kvant keçidi baş verdi. İnsanın potensialını lazımınca qiymətləndirməmək, eyni zamanda elmi qanunları həddindən artıq şişirtmək olmaz. Yalnız ətraf dünyanı deyil, həm də özünüzü müşahidə edin. Özünüzə kənardan baxın, öyrənin: siz kimsiniz və nəyə qadirsiniz və o zaman, ola bilsin, bir çox suallara cavablar olan daxili aləminizə qapını açmağı bacardınız!          

 dsc08358-small

 

Müsahibə Fərid Məmmədov

Foto Adil Yusifov, arxiv