NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

ABŞERONUN DUZU

“Abşeron küləyindən doğulanlar”. Ötən yay Erart muzeyində böyük uğurla keçirilən Azərbaycan rəssamlarının sərgisinə məhz belə sanballı ad verilmişdi. “Abşeron məktəbi” nümayəndələrinin rəngarəng əsərlərinin mürəkkəb polifoniyası sırasında Fazil Nəcəfovun da heykəlləri inamlı akkordlarla səsləndi. Bu sənətkarın işləri təsviri deyil, onlar tamaşaçının zövqünə uyğunlaşmır, bəlli şərq motivlərini təkrarlamır, reallığı təqlid etmir. Daha çox rəssamın daxili həqiqətini üzə çıxarır, bu da ki, olduqca çətindir. Bu həqiqət haqqında Fazil Nəcəfov sətirlər və abzaslarla deyil, bütöv fəsillərlə danışır; burada həm həyat, həm göz yaşları, həm məhəbbət var.

5k

I FƏSİL

FAZİL EŞQİNİ ETİRAF EDİR

Mən daşı sevirəm. Onun fakturasını, çəkisini, sükutunu sevirəm. Səssiz, müdrik sükutunu. Daşda çoxlu enerji, sirr və hekayələr var. Mən daşa vurulmuşdum və biz bir-birimizi qarşılıqlı məhəbbətlə sevirdik.

Daşlar fərqli olur. Uzunsov və yumru, ölü və diri, dələduz daşlar... Dələduz daş nə deməkdir? Baxırsan ki, yol kənarında baxımsız düşüb qalıb, amma, lənət şeytana, diqqəti özünə cəlb edir!

Bir dəfə heykəltəraşlar simpoziumuna qaya parçaları gətirdilər. Onlar arasında bir nəhəngi var idi, işə başlamazdan öncə onu bölmək lazım idi. Daş karxanasında çalışan, nəhəng əlləri olan ustalar gəldilər. Bir kəsik etdilər və qaya bölündü. Diqqətimi nə çəkdi? İlk dəfə gün işığı görən hamar bətn! Onun daxilində nə isə, yenicə pöhrələnən lobya rəngində, aloe kimi xırda bir şey var idi... Daşın daxilində! Hamı baxdı və çıxıb getdi, mən isə hələ də unuda bilmirəm. Bu nə idi? Bu canlı elementi daşın bətnində hansı sirr saxlayırdı?! Daşlar milyon illər boyu suyun altında qalıblar, sakitcə yetişiblər, bayıra çıxdıqdan sonra isə heykəltəraşların əlinə düşüblər. Biz onlara böyük hörmətlə yanaşmalıyıq. Onlara təməldən xas olan fəlsəfəni qaytarmalıyıq.

Məsələn, Misir heykəltəraşlığı. O, istənilən ölçüdə monumentaldır! Bu hələ də məni təəccübləndirir. Onun fotoşəklini çəksən belə heç kim miniatür olduğunu söyləməyəcək. Belə fiqura baxırsan – barmaq ölçüdə qranit, kiçik fiqurdur, amma hər şeyi ehtiva edib! Sovet heykəltəraşlığında isə hər şey əksinədir – monumental deyil, amma nəhəng miqyası var.

1k

II FƏSİL

HEYKƏLTƏRAŞLIQ NƏDƏN BAŞLAYIR

Təsviri incəsənətin əsası rəsmdir. Rəssamlıq, heykəltəraşlıq isə - həmin rəsmdir, lakin artıq onun davamıdır, təkamülüdür. Mənim üçün rəsm – istirahətdir. Nə isə maraqlı bir şey gözümə dəyərsə - vacib deyil nə - model və ya sadəcə küçədə nə isə marağıma səbəb olarsa, əgər məni cəzb edərsə, o artıq mənimdir. Onun mənim olması üçün nə tələb edilir?

Birincisi, parlaq xarici görünüşə malik insanlar var. Parlaq xarici görünüş – parlaq xarakter deməkdir. Daxili məzmunun yarısı xaricdə əks olunur. Amma həmişə yox – səhvlər də olur... Bir də var boz insanlar. Elə bil hər şey yerindədir – gözlər, burun, amma necə isə... adidir. Geniş istifadə üçündür. Bax, bu qeyri-adi daxili məzmunun xarici görünüşlə nisbəti yaddaşda iz buraxır.

Sərrast atıcılar kimi yaradan rəssamlar var. Matiss asanlıqla nişan alırdı! Hərçənd, bu ancaq kənardan asan görünür. Əlbəttə ki, buna dərhal nail olmaq mümkün deyil.

Rahatlıq bəxş edən xətlər var. Sanki düz xətdir, amma sakitlik verir. Bu ustalıq hətta rəssamları valeh edir. Pikassoda da yaxşı xətlər var, amma o, nəcib deyil – gah oynayır, gah zarafat edir, gah qorxudur... Ancaq böyük ustad olduğu üçün, ona hər şeyi keçirlər. Matiss isə - sevgi insanıdır! Mən tez-tez Puşkin muzeyinə Mattisə baxmaq üçün gedirdim və o həmişə mənə sakitlik bəxş edirdi. Sadəcə balıq akvariumu və ya dekorativ divanda qadın, amma necə təsirlidir! Bir sözlə - fransız!

Orta məktəbi bitirdikdən sonra rəssamlıq məktəbinə daxil oldum. Moskvadan yenicə gəlmiş müəllimimiz var idi. O, bildiyi hər şeyi bizə öyrədirdi və rəsm dərsi əsl bayrama çevrilirdi. Vərəqi çərçivəyə bərkidirdik və nə isə yenilik gözləyirdik! İş uğurlu alınanda zövq alırdım, alınmayanda isə evə çox pis əhval-ruhiyyədə gəlirdim. Səhəri günü səbirsizliklə gözləyirdim ki, gedib hər şeyi düzəldim.

Yadımdadır, Surikov institutunun birinci kursunda auditoriyaya görkəmli bir professor – Qleb Borisoviç daxil oldu. “Qələmləri buraxın, məni dinləyin. Rəsmi belə çəkirik: bir kağızda 3 baş”. Mən düşündüm: “Bir kağızda 3 baş! Bu nədir, rəsm dərnəyi?!”. Moskvanın ali məktəbi məni çox məyus etdi. O illərdə Bakıda çox güclü məktəb var idi. Tələbə yoldaşlarım yaxınlaşıb rəsmlərimə baxanda özlərinə belə təsəlli verirdilər: “Bu, axı Bakı məktəbidir”.

III FƏSİL

QƏHRƏMAN SOVET İDEOLOGİYASI TİKANLIQLARINDAN ÖZ İSTEDADINA TƏRƏF İRƏLİLƏYİR

Son kursda Neft Daşlarına yollandım. Bu, qışa təsadüf etmişdi; estakadalar ayaqlarımın altında yellənirdi... Bəndlərin taxtaları arxasında – tünd yaşıl rəngli su var idi, qağayılar alçaqdan uçurdu, sərt külək üzümə vururdu... Neft Daşlarına material toplamaq, hər şeyi öz gözümlə görmək üçün gəldim və orada 3 gün keçirdim; soyuq linoleumda yatırdım, nəm yorğanla örtünürdüm... Səhəri insan siluetlərini gördüm, dayanıb siqaret çəkirdilər. Çox danışmırdılar... Bir sözlə, buranın sərt gözəlliyi məni valeh etdi. Qayıtdım və eskizlərə başladım. Üç fiqurdan ibarət kompozisiya seçdim... Diplom müdafiəsi ərəfəsində emalatxanaya rəhbərim, professor Tomskiy gəldi. İşimə baxdı və dedi: “Fazil, yarım litr al, iç və bu iki fiquru yığışdır. Birini saxla – diplom alarsan. Əks halda qalmaqal olacaq”. Düşündüm ki, bu nə axmaqlıqdır? Axı onlar əlaqəlidirlər! O, sadəcə adət etməyib. İmtahan komissiyasının sədri hansısa ordenli heykəltəraş idi: o qədər dəqiqliklə işləyirdi ki, ona hind quşu versəydin, bütün ziyilləri göstərərdi. Bax, bu adam başladı deyinməyə: “Bu tələbə haqqında əlaçı olduğunu deyirlər, amma o, belə işlər hazırlayır, - və mənim kompozisiyamı göstərir. – Ona diplom verməyəcəyik, “iki” də yaza bilmərik...”.

Bir neçə gündən sonra məni Rəssamlıq Akademiyasına çağırdılar.

O zamanlar bacarıqlı tələbələrə sifariş yerinə yetirməyi təklif edirdilər və yaxşı da pul verirdilər. Mənə də dedilər: “Bu nə katorqa adamlarıdır bizə göstərirsiniz? Bu sovet fəhləsinin obrazı deyil! Bizə pioner çəkin, buna görə həm diplom, həm də pul alacaqsınız”. Mən isə heç vaxt mübahisə etməyi sevmirdim. Onlara “yaxşı, çox sağ olun” dedim, özlüyümdə isə düşündüm: “Öz pionerinizlə gedin e”, - beləcə, pulsuz və diplomsuz, amma təmiz vicdanla çıxıb getdim.

6k

IV FƏSİL

İKİ RƏSSAM VƏ BİR HEYKƏLTƏRAŞ DÜNYAYA BAXMAĞA GETDİLƏR VƏ ƏJDAHALAR, KƏLƏZLƏR VƏ DİGƏR ƏCAİBLƏRƏ RAST GƏLDİLƏR

Bir dəfə Rasim Babayev və Tofiq Cavadov Qobustana getməyi təklif etdilər. Soruşdum: “Necə gedəcəyik?” – “Qurd qapısından”. – “Piyada?” – “Hə”, heç nə olmamış kimi Rasim cavab verdi. “Yaxşı, - düşündüm, - onlar bacarırlarsa, mən niyə cəhd etməyim?” Yola düşdük, qəbiristanlıqdan sonra boş ərazilərə çıxdıq: torpaq çat-çat, bol gilli idi... Təsviri olaraq çox gözəldi... Nəhayət Qurd qapısına çatdıq... Öz-özümə düşünürəm ki, “ala, bunlar necə adamdırlar!”, amma bir söz demirəm. Yolumuza davam edirik. Lökbatanda çoban itləri bizə hücum etdilər və biz geri döndük. Səhər oyandım, hiss edirəm ki, ayaqlarım ağrıdan sızıldayır. Dünən nə baş verdiyini soruşsanız, xatırlamaram, amma həmən piyada gəzintidən yaranan təəssürat hələ də yadımdadır. Biz dünyaya yeni nəzərlə baxmağa gedirdik! Sonra isə ardı gəldi: elə ki birimiz nə isə maraqlı bir şeydən xəbər tutur, dərhal o biriləri DƏVƏT edir.

Bir dəfə nəhayət ki, alabaş avtobusu ilə Qobustana gedib çıxdıq. Biz nağıla bənzər, sirli aləmə rast gəldik! Elə bir əjdaha vüsəti var ki, sanki burada div çalışıb! Qobustan indi bəzədilib, o zaman belə deyildi! Çöl kərtənkələləri, mamır, əzəmətli qədimlik... Qırmızı ağızlı nəhəng kərtənkələ qayanın başına dırmanır və orada quruyub qalır... Tamamlanmış monument! Bax, belə şeylər iz buraxır. Bu palitranı dəyişmək kimi bir şeydir – kiçikdən böyüyə. Elə o zamanlar da daşı sevdim.

V FƏSİL

QRANİT, BÜRÜNC VƏ ƏHƏNGDAŞINDAN NADİR BƏHƏRLƏR HAQQINDA

Günəş hamı üçün eyni parlamır – həyat çoxmərtəbəlidir: kimsə yuxarıda səadətdən zövq alır, kimsə də kölgədə mövcudluğunu sürdürür... Bürünc “Həyat mərtəbələri” heykəlim də bundan bəhs edir.

Azərbaycan heykəltəraşlarının birinci simpoziumu 1983-cü ildə keçirilmişdi. Hərəyə bir sal qaya verib dedilər: “Nə istəyirsiniz edin, bu marafondur!”. O zaman laqunda yox idi, hər şey əl ilə edilirdi, mən də öz çılpağımı yondum. Xatırlayıram, “Səhər” əsərinə görə birinci yerə layiq görülmüşdüm.

“Duaçı” dünyanı gəzdi, sonra bizdə məskən saldı. Mən dua edən insanın obrazını yaratmaq istəyirdim. Nənəm belə idi – həmişə oturub təsbeh çevirirdi, dünya vecinə deyildi... Düşündüm ki, evdə əvəzimizə dua edən fiqur olsaydı, heç də pis olmazdı.

Reallığı hər kəs əks etdirə bilər, lakin incəsənət – başqa materiyadır! Görünməyəni, çəkiyə malik olmayanı göstərmək, bu enerjini formaya salmaq lazımdır... Qara Qarayev obrazının çox sayda eskizlərini hazırladım və onların içində azdım, nə isə çatışmırdı... Mən onu cəld, impulsiv görürdüm, bütün bunları qranitdə əks etdirmək istəyirdim. Əsas heykəli, öz heykəlimi yaratmaq və onda Qarayevin ruhunu, onun dinamikasını təcəssüm etdirmək idi. Qara Qarayevin heykəli – kitabdır, onun ətrafına dolanmaq və onu oxumaq lazımdır.

4k

VI FƏSİL

BİRİ HEYKƏLTƏRAŞ OLAN RƏSSAMLARDAN İBARƏT MÖHTƏŞƏM ÜÇLÜK

Bir dəfə Moskvadan gələn jurnalist sual verdi: “Abşeron məktəbi nə deməkdir?” Mən isə, həmişə olduğu kimi, yalnız həqiqəti deyirəm: “Mənim üçün heç bir Abşeron məktəbi yoxdur”. İnstitutdan geri döndüm, bakılı şəhər sakinləri ilə rastlaşdım... Mən qrupumuza “Abşeron” adı verməyə cürət etməzdim, lakin biz burada anadan olub, burada böyümüşdük, Bakı mühitinin estetikası bizə dərindən siraət etmişdi. Bu, çox zərif işdir, bunu ancaq biz anlayırdıq. Bakıda, məsələn, Gəncədəki kimi gözəgəlimli ağaclar yoxdur, buranın təbiəti asketikdir. Çəməni qısa, amma təravətlidir! Əncir, tikan, duzlu dəniz... Qumun fraksiyası burada xüsusidir, sahildə külək öz naxışlarını yaradır... Xəzər bir addımlıqdadır, ətrafda vur-tut bəlkə 10 ev var, hamısı da yastı damlı...

Avropada Venesiya biennalesindən sonra belə yazırdılar: “Biz heç təsəvvür də edə bilməzdik ki, Rusiya imperiyasının ucqar yerlərində əsərləri milyonlarla qiymətləndirilən rəssamlar var!”.

Əlbəttə ki, rəssam doğulursan, amma bundan sonrası isə sənin özündən asılıdır. Bəzi rəssamlar modanın tələblərinə uyğun hərəkət edirlər. Bəziləri də var ki, yaradıcılıqda öz ağrısını, eşqini, daxili həyacanını ifadə edir... Belələri həmişə tənhadır və dosta ehtiyac duyurlar. Mənim elə dostlarım var idi. Tofiq Cavadov, Rasim Babayev, Cavad Mircavadov... Onlar mənim üçün əbədi avtoritet olaraq qalıblar. Mənim üçün yalnız onların düşüncələri əhəmiyyətli idi.

VII FƏSİL

FAZİL ƏN VACİB ŞEYİ ETİRAF EDİR

Əsərin dəyərini müəyyən etmək mənim üçün çox asandır. Var həqiqi, var qondarma. Valeriy Brumel 2,28 metr yüksəkliyə atladı, indi isə plankanı 90 sm qədər endiriblər, hamı atlayır və hamı xoşbəxtdir! Amma elə zaman gələcək ki, insanlar geniş tələbat mallarından bezərək əsl incəsənətə dönəcəklər.

ALLAH bəzi insanlara imkan verir ki, bu həyatda imzalarını buraxsınlar. Rəssam nə isə layiqli bir şey etməlidir, buna dünyaya baxışını maksimal səmimi dərəcədə həkk etdirməli və imza çəkməlidir. İllər ötəcək və əsər mövcudluq haqqını sübut edəcək. Amma bütün əsərlər bu sınaqdan çıxa bilmir: dərinliyə malik olmayan əsər köhnəlir.

Heç zaman pedaqoji fəaliyyətlə məşğul olmaq istəyim olmayıb, çünki bilirdim: cıdır atlarını arabaya qoşmazlar. Qoşsalar, at qaçış sürətini itirəcək. Pedaqogikaya vaxtımı nəyə görə itirməliyəm?

Rəssam özü son nəfəsinə qədər öyrənməyə möhtacdır! Mən həmişə emalatxanada, səhər tezdən axşama qədər iş başında olmuşam. Hətta futbol oynamağı öyrənməmişəm.

Əvvəllər qeydlər etmək kimi adətim var idi. Yaxınlarda köhnə dəftərlərimin birində oxudum: “Şöhrət səni qabaqlayırsa, bu çox pisdir”, və ya “Dişisi yanında olmayanda bülbül gözəl oxuyur”. Rəssam ehtiyac duymalıdır. Bəli, mənim üçün bu aksiomadır... Qoy şöhrət sənə qələmini kənara qoyduğun anda yetişsin.

3k

Müsahibə: Nonna Müzəffərova

Foto: Maya Bağırova