NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

MOHAMMED ƏL-FAYED: İTİRMƏK PROBLEM DEYİL

Cənab Al-Fayed ilə görüşü xüsusi bir həyəcanla gözləyirdim. Milyard dəyərində sərvətin sahibi, Şərəf Legion ordeninin kavaleri, Parisdə “Ritz” otelinin və İngiltərə Premyer Liqasının "Fulhem" futbol komandasının sahibi – bütün bunlar, Misir maqnatının qazandığı nailiyyətlərinin tam siyahısı deyil. Mən zabitəli və ciddi bir söhbətə hazırlaşmışdım. Ancaq təəccüblü olsa da, Al-Fayedin Londondakı evində rahat şəraitdə keçən müsahibə isti, səmimi söhbətə çevrildi. Söhbət o qədər səmimiyyətlə, o qədər açıq keçdi ki, sanki heç mətbuat üçün nəzərdə tutulmamışdı, sanki çoxdan tanış olan dostlar ən vacib mövzular haqqında danışmağı, keçmişi xatırlamağı, iç-içə paylaşmağı qərara almışdılar: faciəvi şəkildə ölən sevimli oğlu Dodi və onun Şahzadə Diana ilə sevgi romanı, uşaqlığı və biznesdəki ilk addımları, sevgi və xoşbəxtlik haqqında düşüncələri barədə… 

corbis_42-23970897

Cənab Al-Fayed, köklərinizin böyük tarixi olan Misirə məxsus olması Sizə müəyyən dərəcədə təsir edibmi? Yəqin ki, belə bir qədim mədəniyyətin bir hissəsi olmaq Sizə qürur hissi verir…

Bunu başa düşmək üçün əcdadlarımızın bizə miras qoyduğu həmin sərvətlərə – artefaktlara, məbədlərə, piramidalara, sfinkslərə nəzər yetirmək bəs edir. Bütün Yuxarı Misir adamı heyrətləndirir, uşaq sevinci bəxş edir və ilhamlandırır. Bütün bunları min illər əvvəl yaşamış insanların miras buraxdığını dərk etmək qədər heç nə heyrətləndirmir.

Misirdə olmayan birinə haranı görməyi tövsiyə edərdiniz?

İlk növbədə Qahirə muzeyini ziyarət edin. Sonra isə bu eksponatların tarixini bilmək üçün hara gedəcəyiniz barədə ideyanız yaranacaq: piramidalara, Yuxarı Misir vilayətinə, möhtəşəm məbədlərin olduğu Asuanaya…

Həyatınızın ən xoşbəxt anı hansı idi?

Mən çox erkən yaşda evlənmişəm, iyirmi yaşında. İlk övladım, Dodi doğulduğu an həyatımın ən möhtəşəm anı idi. 

Bir az uşaqlığınızdan bəhs edin. Ən xoş xatirələriniz hansılardır?

Hər şey sadə idi. Gələcəkdə mənə kömək edəcək olan öz yaxşı cəhətlərimi və xarakterimin xüsusiyyətlərini çox gözəl dərk edərək Allaha şükür hissi ilə böyümüşəm. Biz hamımız Allahın bəndələriyik və dünyaya şans və ya təsadüf nəticəsi ilə gəlirik. Allahın yer üzündə varlığından əmin olmaq mümkündürmü?.. Bəzən Onu hiss etmirəm, sadəcə bizi əhatə edən mələkləri və şeytanları hiss edirəm. Yəqin ki, bunu damarımda axan səkkiz min illik tarixi olan qədim misirli qanım özünü göstərir…

Valideynləriniz sizi necə böyüdüblər? Necə tərbiyə ediblər, sizə qarşı sərt yoxsa yaxın idilər?

Atam Misirin ən qədim universiteti olan Əl-Əcərdə professor idi. Və o, gənclərə özünün şərəf və vicdan meyarlarını çatdırmağa çalışan bir təbliğatçı kimi idi. Onun mənə və bir çox insana aşıladığı dəyərlər möhkəm prinsipləri, iradəsi, cəsarəti olan bir nəsil yetişdirmək yollarından biridir. Misirin daha yaxşı gələcəyi üçün gözəl bir nəsil yetişdirmək. Ancaq Misirdə bütün ümidimi itirdim, hakimiyyət ailəmizin əlindən hər şeyi aldı. Çünki orada heç cürə azad ola bilməzdiniz.

Bəs necə tələbə olmusunuz?

Misir təhsil sistemindən qurtulmaq məqsədi ilə xarici təhsil müəssisəsinə daxil oldum. Orta məktəbi bitirdikdən sonra atam universitetə daxil olmağımı istəyirdi. Mən də daxil oldum. Bir il oxuduqdan sonra bunun vaxt itkisi olduğunu dərk etdim. Çünki azad olmaq, öz işimi qurmaq istəyirdim.

Öz işinizi qurmağa başlayanda, bacaracağınıza inanırdınız? Şübhələrə qapılmadınız?  

Çox səbrli idim və artıq altı aydan sonra milyonçu olmuşdum.

İtirməkdən qorxmadınız?..

Yox, üç dəfə yox. Mənim üçün itirmək problem deyil. Əgər əlinizdən gələni edirsinizsə və bu da yaxşı nəticə verirsə, bu əladır. Ancaq nəticə pisdirsə, yenə də gülümsəyirəm, çünki xoşbəxt olmaq istəyirəm. Əslində vacib olan budur. Hər şeyi edə biləcəyinə inanırsansa, hamı kimi olmamaq əzminiz varsa, onda hər şey sənin istədiyin kimi olacaq.

76435773

Sizin xeyriyyəçilik fəaliyyətiniz də bu iradənin göstəricisidir?

Bəli, mənim prinsiplərimdən biri pulu bölüşmək üçün qazanmaqdır; vermək üçün əldə etmək, insanlara kömək etməkdir. Bunu, ona görə etməliyik ki, dediyim kimi, bizi şeytanlar və mələklər əhatə edir. Və əgər sən yaxşı bir insansansa, mələk sənə düzgün yol göstərir. İnsanların əziyyət çəkdiyi yerlərdə olmaq da çox vacibdir. Buradan bir neçə saatlıq məsafədə mənim və qızımın himayədarlıq etdiyimiz bir neçə uşaq evi var. Valideynlərinə ağır gələn, atılan uşaqların əzablarını yüngülləşdirərək, böyük mənəvi məmnuniyyət hissi yaşayırsan.

Uşaqlardan söz düşmüşkən, öz övladlarınızı necə böyütmüsünüz?

Elə sevgi ilə. İki qızım, bir oğlum və dörd nəvəm var. Hamısı yanımdadır, sevgi və qayğı ilə əhatə olunublar. Ailəmin hər bir üzvünün öz apartamenti var. Valideynlərimin mənə qayğı göstərdiyi kimi mənim də onlara qayğı göstərməyim mənim üçün çox vacibdir. Buna görə də yaxınlarımın qayğısına qalıram və hər an onlar üçün əlçatanam. Uşaqlarım mənimlə və ya mənsiz olmalarından asılı olmayaraq həyatdan zövq alırlar. Boşanmış olsanız belə, uşaqlarınızı sevməyə davam edin – bu çox vacibdir.

Böyük oğlunuzu tək böyütmüşdünüz, doğrudur?

Bəli. Bu belədir. Cəmi iyirmi yaşım var idi və birinci həyat yoldaşım heç vaxt məni yanından buraxmırdı. Bu dözülməz idi, buna görə də qarşılıqlı razılaşma ilə boşandıq, oğlum Dodini isə özümlə götürdüm. Onun anası yenidən evləndi, ancaq oğlunu hər an görə bilirdi. Odur ki, dostcasına ayrılmağı bacarmaq lazımdır. Dodini tək böyütdüm, o mənimlə yaşayırdı, hətta on dörd yaşına qədər mənimlə eyni yataqda yatırdı.

Bəs necə oldu ki, Dodi ilə Diana aşiq oldular?

Bir dəfə Diana yay tətilinə hara gedəcəyimi soruşdu. Sen-Tropedəki evimə gedəcəyimi dedim. O, mənə oğulları ilə birlikdə qonaq gələcəyini dedi. Elə orada da Dodi ilə tanış oldular. Dodi çox cazibədar bir oğlan idi…

Britaniya kral ailəsi onların nişanlandığını açıqlamadı. Və mən özüm onlar üçün burada, Londonda bazar ertəsi səhərdən başlayaraq bazar günü gecəyə qədər davam edən nişan təşkil etdim. Təəccüblü deyil ki, hətta Harrods mağazalar şəbəkəsinin sahibi olduğumda, kral ailəsi məni heç vaxt onun sahibi kimi qəbul etmədi.

Ancaq artıq Harrods şəbəkəsini satmısınız…

Bəli, iyirmi altı il sonra Harrodsu satdım, çünki istirahətə çıxmaq və nəvələrimlə daha çox vaxt keçirmək istədim. Ancaq məni onunla sadəcə işgüzar əlaqələr bağlamır. Az adam bilir ki, onu inşa edərkən, zirvəsində mənim simamın əks olunduğu sfinks yerləşdirilib. Böyük Ramzesin siması hər qapının üstündə əks olumuşdu, hamısını öz təsvirimlə əvəz etdim. Hər mərtəbədə dörd Mohammad Əl-Fayed siması var. Birinci mərtəbədə yerləşən Misir zalının tavanında da mənim simamla 12 sfinks görə bilərsiniz. Mən orada özümdən sonra xatirə buraxmışam, vacib olan budur.

faed

Diana haqqında bir az daha danışa bilərsiniz? O, necə biri idi?

Uşaq ikən atası ailəmlə dost idi və valideynlərinin boşanmasını necə ağır keçirdiyini bilirəm. Boşanmış valideynlərin uşaqları həmişə əzab çəkirlər. Uşaq həmişə ona qayğı və sevgi göstərən birinə sığınır. O, necə yaşadığımı görmək üçün Sen-Tropeyə gəldi və Dodi ilə tanış oldular…

Necə düşünürsünüz, əgər sağ qalsalar və evlənsəydilər, sizcə, bu gün xoşbəxt olardılar?

Bəli, əlbəttə. Xoşbəxt olacağınıza inansanız, şübhəsiz xoşbəxt olacaqsınız.

Hələ də Britaniya pasportu almağa çalışırsınız?

Artıq mənim üçün bunun əhəmiyyəti yoxdur. Mən qaradəriliyəm və hələ də Misir pasportum var. Mənim simam qədim mədəniyyətə aiddir və mənə Britaniya vətəndaşlığı vermək onlar üçün şərəf olmalıdır. Bundan əlavə, bu ölkəyə dəfələrlə əvəzsiz xidmətlər göstərmişəm.

Bəs hansı ölkəni eviniz kimi hiss edirsiniz?

Özümü evimdəki kimi İsgəndəriyyədə hiss edirəm. Mənim yerim buradır.

Həmçinin Parisdəki "Ritz" otelinin sahibisiniz. Orada tez-tez olursunuz?

Bəli, mən otelin daimi və arzuolunan qonağıyam. Çünki Paris üçün o qədər çox işlər görmüşəm ki, bir dəfə prezident Mitterran mənə dedi: “Paris üçün etdiyiniz hər şeyi yüksək qiymətləndirirəm və minnətdarlıq olaraq sizə Vindzor ailəsinə məxsus evi hədiyyə etmək istərdim.” Bu evdə hər şey Vindzor hersoqu və hersoginyasından qalmışdı, onların şəxsi rəsmləri və əşyaları. Ancaq mən Londonda yaşamağa üstünlük verirəm. Sadə britaniyalılar, xüsusilə Dodi və Diananın hekayəsindən sonra mənə hörmət və sevgi bəsləyirlər. Həm də adi insanlarla özümü yaxşı hiss edirəm.

Yerinə yetməsini istədiyiniz bir arzunuz varmı?

Mən xəyal qurmuram, hər günü olduğu kimi yaşayıram. Əgər Allah düşündüyünüzü yerinə yetirmək üçün bir şans versə, onda – əladır, olmazsa – yenə yaxşıdır. Uşaqlarımı, nəvələrimi görmək – budur, mənim xoşbəxtliyim. Kimsə sizə sevgi verirsə, qayğı, anlayış, diqqət və hörmət göstərirsə daha nə lazımdır? Bütün bu sadaladıqlarım varımdı, çünki qırx ildir ki, arzularımın qadını, finlyandiyalı bir xanımla evliyəm.

Siz onunla xoşbəxtsiniz?

Bəli, xoşbəxtəm və bizim dörd uşağımız var.

Onunla necə qarşılaşmısınız?

Bondiananın prodüsseri Kabbi Brokkoliyə Bond üçün qız tapmağı mənə həvalə edəcəyi təqdirdə filminə investisiya qoyacağımı söz vermişdim. Beləliklə, həqiqətən super agentin tərəfdaşı ola biləcək bir neçə namizədlərlə görüşdüm. Və Helsinkidəki kastinqdə gələcək həyat yoldaşım ən gözəl qızlar arasında idi…

Cənab Əl-Fayed, belə səmimi və maraqlı söhbət üçün sizə təşəkkür edirəm. Sizi Azərbaycana dəvət edirəm. Tarixlə maraqlanan və əsrarəngiz yerləri sevən bir insan olaraq ölkəmizi ziyarət etmək Sizə maraqlı olacaq.

Dəvət üçün təşəkkür edirəm! Bir gün mütləq ölkəniz və mədəniyyətinizlə tanış olmaq üçün Azərbaycana gələcəyəm.

 

Müsahibə: Ülviyyə Mahmudova

Foto: Corbis

Material beşinci buraxılışda dərc olunub