Rəssamlıqda impressionizm haqqında çox söz deyilib: Mone və Renuarın kətanlarındakı vibrasiyada, Deqanın balerinalarının rəqs elementlərində və Manenin kultlaşmış "Çəmənlikdə səhər yeməyi" əsərində... Lakin, impressionizm nəinki rəssamlıqda, həm də ədəbiyyatda, musiqidə, heykəltəraşlıqda böyük bir axın olub.
«Mən mərmər qayasını götürürəm və onu lazımsız artıqlardan təmizləyirəm», – heykəltəraşlıqda impressionizm qurucusu Oqüst Roden öz işləri haqqında belə deyir. Onun Parisdəki ev muzeyində olarkən nəyi nəzərdə tutduğunu uzun müddət düşünəcəksiniz. Və sizi nəinki heykəllərin, həm də muzeyin yerləşdiyi möhtəşəm evin heyran etdiyini anlayacaqsınız. Heykəltəraş Villa de Brilanzı həm ev, həm də emalatxana kimi istifadə edib. Daha sonra bu evi heykəlləri və digər impressionistlərin əsərləri ilə birlikdə Fransa dövlətinə hədiyyə verib. Heykəltəraş evi onun sənətinə həsr olunmuş muzey olacağı şərti ilə hədiyyə etmişdi.
Muzeyin həyətində sizi ilk olaraq "Mütəfəkkir" – taxtası əlindən alınmış şahmatçı qarşılayacaq. Roden bu əsərin üzərində iki il işləyib və "İlahi Komediyanın" müəllifi olan Danteni təsvir etdiyi üçün onu "Şair" adlandırmaq istəyib. Lakin Panteonda açılış zamanı əsərini təqdim edərkən heykəltəraş "Mütəfəkkir"in fransız fəhləsi abidəsi olduğunu bəyan edib. Roden əməyə böyük hörmətlə yanaşırdı: "Rəssamın yeganə üstünlükləri – hikmət, diqqətlilik, səmimiyyət və iradədir. İşinizi dürüst əməkçilər kimi görün".
Evin içərisində "Öpüş" heykəlini görəcəksiniz. Əgər bura günün birinci yarısında gələ bilsəniz turistlərin axını olmadan, heykəlin hər tərəfini gəzərək, bu mərmər sənət əsərinin bütün detallarını seyr edərək həzz ala biləcəksiniz. Hər il Rodenin imarətinə 700 min ziyarətçi yalnızca çoxlu heykəlləri və fiqurları seyr etməyə deyil, həm də sonuncu mərtəbəsində Manenin, Renuarın və Van Qoqun əsərlərinin kiçik kolleksiyasının saxlanıldığı möhtəşəm gözəllikdə evi görmək üçün gəlirlər.
Yeri gəlmişkən, qış aylarının sonuna qədər Rodenin qonağı olmaq istəyənlər, onun eskizlərindən ibarət sərgisini də görə biləcəklər. «Alıntılar» ekspozisiyasına Rodenin cızma-qaraları, heykəllərin eskizlərindən ibarət təxminən iki yüz əlli rəsm daxildir. Bu təsvirlərdəki siluetlər oyununu artıq XX əsrin özünü ifadə etmənin innovativ üsulu adlandırıblar və əlbəttə əbəs yerə deyil. Müxtəlif fərdi kolleksiyalardan toplanan bu rəsmlər məşhur heykəltəraşın tamamilə fərqli tərəfini biruzə verir!
Sərgini 24 fevral 2019-cu ilə qədər Paris 77 rue de Varenne, 75007 ünvanında ziyarət etmək olar.