NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

ÇJAN HUAN: İNAMI VƏ HƏYATI

"Mən nəsə sübut etməyə və ya nəyləsə mübarizə aparmağa çalışmıram"

Çjan Huan (Zhang Huan) – beynəlxalq səviyyədə tanınmış görkəmli müasir Çin rəssamlarından və heykəltəraşlarından biridir. Onun yaradıcılığının özünəməxsusluğu eksperimentin çoxyönlü və ruhunun olmasıdır. O, yaradıcılığında keçmişi, təbiəti, tarixi və özü ilə sıx əlaqəsini göstərən performans və fotoqrafiya, heykəltəraşlıq, video və rəngkarlıqdan istifadə edir. Yaradıcılığının unikallığı – müasir sənət, nişanlar və Çin ənənələrinin dərin birliyini dünyaya göstərməsi bacarığındadır.

China - Art - Artist Zhang Huan

Siz çılpaq bədəninizə bal töküb, milçəklərin tamamilə üstünüzə yapışmasını gözlədiyiniz o məşhur təqdimatdan sonra şöhrət qazandınız. Bu eksperiment haqqında bizə məlumat verərdinizmi?

O zaman, 1994-cü ildə 12 kvadratmetrlik çıxışım şərq kəndindəki həyatı əks etdirmək üçün idi. On iki kvadrat metr – Çində insanların hər gün istifadə etdiyi ictimai tualet sahəsidir. Bu, məndən başqa heç kimin yaşaya bilməyəcəyi həyatım idi. Bir saat hər şeyi unutmağa, zehnimi cismimdən ayırmağa çalışırdım, amma təkrar-təkrar reallığa qayıdırdım. Yalnız performansdan sonra nə hiss etdiyimi başa düşdüm.

12-meat-by-zhang-huan-1998-1354709627_org

Çjan Huanın populyar əsərlərindən biri – ətdən hazırlanmış kostyum. Pekin, Çin, 1998

Bir çox əsəriniz ziddiyyətli hisslər doğurur – onlar ağrı və əzab nümayiş etdirir. Bu necəsə sizin və ya ailənizin həyatı ilə əlaqədardır?

Bu, mədəni mənşəyim və yaşadığım şəraitlə bağlıdır. Gündəlik həyatın ən adi şeylərindən, məsələn, yeməkdən, yuxudan, işdən və bu həyatda çox vaxt laqeyd qalınan şeylərdən ilham aldım. Bu təbiətdən gələn insanları həmişə axtarıram və tapıram. Əsərlərimdə həqiqətin, sağ qalmağın nə olduğunu göstərmək və bədən forması mövzusuna diqqət çəkmək istəyirəm.

Senzura və dəmir pərdə arasından dünyaya girməyi bacardınız. Bu maneələri aradan qaldırmaq nə qədər çətin idi?

Həqiqi ustalar zamanın sınağına dözürlər.

Sənət sizin üçün nə deməkdir?

İnancım və həyatım.

Əsərlərinizdə hansı ideyaları çatdırmaq istəyirsiniz?

Mənim üçün yalnız əsərlərimdə yer alan məlumatların daxili hisslərimlə uyğun olmağı dəyərlidir. Təbii əşyalara üstünlük verirəm. Daha doğrusu, primitiv ifratçılıq və məhvedici tendensiyalara.

12 Square MetersBeijing'94

Diqqət cəlb edən ilk əsər “12 Meters Square” olub. Foto Çjan Huanın bir neçə saat boyunca ictimai tualetin qarşısında, üzərinə bal və balıq yağı tökmüş vəziyyətdə oturduğu məşhur aksiyası zamanı çəkilib. Beycin, Çin, 1994

Tamaşaçıların fikri sizin üçün nə qədər vacibdir?

Heç nəyi sübut etməyə və ya nəyləsə mübarizə aparmağa çalışmıram. Faktiki olaraq, o dövrdəki həyat şərtlərimi – adi insanların adi həyatını əks etdirməyə çalışmışdım. Görünür, hər şeyə tale qərar verir. Rəssam üçün öz standartlarına uyğun seçim etmək, ətrafındakılara uyğun maraqlı əsərlər yaratmaq, adi həyatda ilk baxışdan mənası olmayan bir şey tapmaq, sənətdə öz yolunu tapmaq vacibdir. Rəssam cəmiyyət və sənət qarşısında məsələlər qaldırmalıdır. Müasir sənətin dəyəri zamanın ruhunu əks etdirən əsərlər yaratmaqdır.

1-Zhang-Huan-Q-Confucius-No.2-2011

Çjan Huan son illərdə heykəltəraşlıq, rəngkarlıq və art-instalyasiyalar uğruna performanslardan imtina edib. Rəssamın son əsərlərindən biri istirahət edən Konfutsinin nəhəng heykəlidir. Şanxay 2011

Siz çin rəngkarlığındakı ənənəvi motivlərə tez-tez müraciət edirsiniz, lakin bəzi çinli rəssamlar, əksinə, əsərlərində ənənəvi milli naxışlardan istifadə etməkdən imtina etməyə çalışırlar. Bu problemi necə həll edirsiniz?

Torpağı qidalandırmaq üçün yerə düşən yarpaqlar kimi, çin mədəniyyəti də mənim yaradıcılığımın köklərini qidalandırır. Çinə qayıtdıqdan sonra vətən ənənələrini və mənəviyyatını daha da güclü hiss etdim, yeni ilham mənbəyi və yaradıcılıq mühitini tapdım. Məsələn, Şanxay ziyarətgahlarında və onların ətrafında köhnə taxta pəncərə və qapıları yandırarkən çıxan külü çox xoşlayıram. Əsərlərimdə bu küllərdən, eləcə də ənənəvi çin tibbi materiallarından, öküz dərisindən və s. istifadə edirəm. Ənənə millətin orqanizmi, inanclar isə onun ruhudur. Özümü doğma mühitimi tapmış kimi hiss edirəm. Mənim vəzifəm ənənələri canlandırmaq və əcdadlarımı xatırlatmaqdır.

zy12xa1

Çjan Huanın ən məşhur əsərlərindən biri Family tree. Bu əsər üzərində Huanla birlikdə üç kalliqraf çalışıb. Onlar Çjana məlum olan adların birləşmələrini, şəxsi hadisələri, başqalarından eşitdikləri hekayələri və təsadüfi düşüncələri yazırdılar. Nyu-York, ABŞ, 2000

Yaxın gələcəkdə hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?

May ayında Nyu-Yorkda, Storm King incəsənət mərkəzində misdən böyük heykəllər və küllərdən hazırlanmış əsərlərdən ibarət "Ənənələrin oyanışı" adlı fərdi sərgim keçiriləcək. Sonra Cənubi Koreyanın Kvangcu şəhərində biennaledə iştirak edəcəm.

Konfutsi instalyasiyasını təqdim etmisiniz. Başqa mütəfəkkirlərə həsr olunmuş əsərlər yaratmaq fikriniz varmı? Növbəti filosof kim ola bilər?

Bağçamda ölən meymun kralı.

Vətəndən uzaqda necə yaşayırsınız?

Özümü tənha hiss edirəm. Ancaq məsafə sayəsində gözəlliyi daha çox dərk edib hiss edə bildim.

Müasir çin sənətində bu gün ədəbsiz realizm hökm sürür. Buna münasibətiniz necədir?

İnanıram ki, rəssamların əksəriyyəti sənətə və reallığa ciddi yanaşırlar. Onlar fikirlərini müxtəlif yollarla və müxtəlif üslublarla ifadə edirlər. Ümumiliyin bir hissəsi olaraq ədəbsiz tərz dəbə daxil olub və diqqət mərkəzinə düşüb.

Siz keçmişə müraciət edirsiniz, bəs gələcəkdə nə olacaq?

İnanıram ki, sənətim də, mənim kimi dəyişir. Rəssamlar həmişə zehnlərini təzə saxlamalıdırlar. Londonun Pace qalereyasında mənim tamamilə yeni əsərlərimi görə bilərsiniz. Gələcək sərgilərdə olduğu kimi.

Daxili ehtiyaclarınıza əsasən yaradırsınız, yoxsa işə ticari yanaşırsınız?

Bir tərəfdən ticarət sənəti öldürür, digər tərəfdən onun inkişafına kömək edir. Ancaq təbii ki, daxili ehtiyac olmadan heç bir şey yaratmaq olmaz.

 

Müsahibə: Ülviyyə Mahmudova

Foto: mətbuat materialları