Yeni ulduzun (özü də yaxınlarda “Rusiya kinematoqrafının yeni seks-simvolu” adına layiq görülmüş) intizarı həmişə yorucudur. Danila çox gecikirdi və mən artıq xəyalımda onun portretini canlandırmağa başladım: gecikirsə, deməli “ulduz xəstəliyinə” yoluxub. Yəqin ki, indi gələcək, məğrur və əlçatmaz, “qızıl oğlanın” zirehini ram etmək məcburiyyətində qalacam. Onun “Mən”ini hiss etməyi, əsl portretini çəkməyi bacaracammı? O zaman təsəvvür edə bilməzdim ki, Danila gələcək və aktyor təmtərağı olmadan sadəcə gecikdiyinə görə üzr istəyəcək, söhbət zamanı isə açıq və səmimi olacaq. Amma bütün kartları masa üzərinə qoyacaq dərəcədə yox. Etiket və təriflərdən yayınaraq, Danila onun necə biri olduğu haqqında təsəvvür yaratmağı mənim özümə həvalə etdi: realist ya romantik, idealist ya praqmatik, fatalist ya çalışqan? O, sanki obrazının pazllarının bütün hissələrini təqdim etdi, amma bütöv portreti onun cavablarından özümüz yığmalı olacağıq. Başlayaq...
Danila, Sizin qəhrəmanlarınız real həyatınıza təsir göstərirmi?
Yəqin ki, film və ya tamaşa üzərində çalışdığım zaman təsir göstərir. O da, zənnimcə, müəyyən dərəcədə. Əlbəttə, əgər küçədə gedərkən öz-özünlə danışaraq rolunu məşq etmirsənsə (bu isə kifayət qədər tez-tez olur), sonra da insanların ya da tıxacda qalan sürücülərin təəccüblü nəzərlərini üzərində hiss etmirsənsə... Ola bilsin ki, fərqinə varmadığım, sadəcə görmədiyim proseslər baş verir, amma hər hansı güclü təsiri hiss edim – bu, yəqin ki, yoxdur.
«Духless-2»də Siz Bali adasında yaşayırsınız və okeanla dostluq edirsiniz. Bu dostluqdan yaranan təəssüratlarınızı bölüşərdiniz. Bəlkə Sizdə mənəvi cəhətdən hər hansı dəyişikliklər baş verib?
Okean çox gözəldir. Və ola bilər ki, o hətta dünya görüşünü və dünya duyumunu bütövlükdə dəyişmək iqtidarındadır, amma bunun üçün çəkiliş prosesinə ayrılan zamandan xeyli çox vaxt tələb olunur. Bir ay ərzində özündə nəyi isə dəyişmək, zənnimcə, çox çətindir. Amma bu ada haqqında nə isə anlamaq üçün təəssüratlar toplamaq, işindən və insanlarla – həm çəkiliş qrupu, həm də yerli sakinlərlə - ünsiyyətdən zövq almaq, bütün bunlar, əlbəttə ki, alındı. Bu mənada Bali unikal adadır! Orada tamamilə hər şey var, serfinq, çimərlik istirahətindən başlayaraq yoqaya qədər. Əlbəttə, bir qədər çox vaxtım olsaydı, mən, çox güman, nə isə maraqlı bir şey axtarardım...
Darıxırsınız?
Yarım il keçməsinə rəğmən, mən çox zaman xatırlayıram və, yəqin ki, bəli, hətta o zaman üçün darıxıram. Erkən oyanmağıma və kifayət qədər gərgin qrafikə baxmayaraq: rejim, ən əsası isə işığı itirməmək üçün, səhər saat 5-də oyanırdıq, çünki artıq saat 6-da günəş çıxırdı və qüruba qədər, haradasa 6 ay çalışırdıq. Sanki bir anın içində günəş “sönürdü”. Çəkilişlərdən sonra yorğun qayıdırdım və yatırdım... Amma istənilən halda gözəl zaman idi!
Gözəl Bali xatirələrindən günümüzün reallığına keçid alaraq, Rusiya kinematoqrafı mövzusuna toxunmaya bilmirəm, daha dəqiq isə, onun dünya bazarındakı mövqeyinə. Və müvafiq sual: rəqabəti nəzərə alaraq, Rusiyanın ən yaxşı aktyorlarından biri olmaq, Hollivudda rol almaq, məşhur dünya brendi ilə müqavilə bağlamaq çətin deyilmi?
Hətta bilmirəm, çətindir ya yox. Elə anlar olur ki, hər şey bir araya toplanır və bir həftə ərzində o qədər iş görmək lazım gəlir ki, – görüşlər, çəkilişlər, müsahibələr, hər şey: insanların adətən bir aya gördüyü işləri sən non-stop rejimində bir həftəyə etməli olursan! Əlbəttə ki, bu, asan olmur: yuxu vaxtı azalır, ailə ilə ünsiyyət azalır, dostlar barədə ümumiyyətlə söz açmıram. Gecədən xeyli keçmiş bir fikirlə yuxuya dalırsan: sabah yenə də tezdən oyanmaq lazımdır... Bilirsiniz, ən çətin an var – çarpayıdan duşa tərəf gedəndə, mən bu zaman aralığını günün ən mürəkkəb hissələrindən biri adlandırardım. Amma hətta bütün bunlara baxmayaraq, sevimli işinlə məşğul olduğunu, ondan sonsuz zövq aldığını, onun səni unikal insanlarla tanış etdiyini, üz-üzə gətirdiyini, bütün bu prosesdən inkişaf etmək və xoşbəxt olmaq imkanı qazandığını anlayırsan... Əksinə, buna görə təşəkkür edirəm!
Jurnalımızın aprel sayı “Tale” adlanır. Və əlbəttə ki, soruşmaya bilmirəm: taleyə nə dərəcədə inanırsınız?
Mən, sözsüz ki, taleyə inanıram, buna da həyatımdan kifayət qədər sübut var. Mən hələ tarixdən, dahi insanların həyatından bildiyimiz taleyin təcəssümlərindən danışmıram. Əlbəttə ki, mən inanıram. Jurnalınızın bu anlayışa diqqət yetirməsi və bir daha talenin olmasını xatırlatması çox gözəldir. Hesab edirəm ki, bu – lüğətimizdə və həyatımızda açar sözlərdən biridir.
Bəs hansı taleyüklü hadisələr Sizin həyatınıza təsir edib?
Hesab edirəm ki, birincisi, dünyaya gəlməyim. Mənim üçün bu kifayət qədər taleyüklü məsələdir! Teatr akademiyasına daxil olmağım və müəllimlərimlə - Lev Dodin və Valeriy Qalendeyevlə görüşüm. Ümumiyyətlə, taleyüklü epizodlardan söz açası olsaq, mənim həyatımda bir qayda olaraq bu, – mənə əhəmiyyətli dərəcədə təsir edən müəyyən insanlarla görüşlərdir, onlarla həm peşəkar, həm də şəxsi həyatım bağlıdır. İstər bu mənim müəllimlərim olsun, istər Nyu-Yorkda tanış olduğum görkəmli balet artisti Mixail Nikolayeviç Barışnikov və ya rejissorlar olsun, - bu və ya digər tərzdə hər şey insanlarla bağlıdır...
Yəqin ki, Sizin üçün müəyyən faktorların və şəxsi göstəricilərin, məsələn (kompliment kimi qəbul etməyin), xarici görünüşün, intellektin, istedadın uğurla birlikdə cəmi tale əhəmiyyətli olub? Bu “faktorların” daşıyıcısı kimi özünüzü necə hiss edirsiniz?
Mən bu barədə düşünməmişəm...
Ola bilməz...
Yox, xoşbəxtlikdən bu həqiqətdir. Ümumiyyətlə, bu barədə mənə nə üçün dediniz!? İndi bu barədə düşünməyə başlayacam. Və məsuliyyət məni cənginə alacaq.
İnanmıram! Hansı bürcdənsiniz?
Buğa.
O zaman heç inanmıram: məhz Buğalarda özünüdərk kifayət qədər dərin təzahür edir...
Özünüdərk bir şeydir, Sizin sadaladığınız keyfiyyətlər isə – başqa şey. Onlar hamısı, yumşaq desək, müsbətdir, amma bundan artıq özünüdərk deyil, özünəvurğunluq və hətta narsisizm qoxusu gəlir... Yeri gəlmişkən, intellekt məsələsi kifayət qədər mübahisəlidir: burada, təəssüflər olsun ki, problemlər mövcuddur...
İntellektdən söz açarkən coğrafiya incəlikləri və ya riyazi düsturlardan xəbərdar olmağı nəzərdə tutmuram. Şəxsən mənim üçün insanın intellektinin təzahürü onun həyatı anlamasından ibarətdir. İnsan hər hansı sahədə uğur qazanıbsa, - Siz isə karyeranızda uğur qazanmısınız, - deməli, intellekt də qaydasındadır. Yeri gəlmişkən, nə zamansa xarici görünüşünüzə güvənmisiniz?
Xeyr.
Bax, görürsünüz, hələ deyirsiniz ki, intellektlə bağlı problemlər var! Bəs nəyə güvənmisiniz?
Qarşımda duran müəyyən məsələləri həll etmək imkanına. Bu, ilk növbədə. Bu da, yəqin ki, müəyyən qədər peşə, məktəb, peşəkarlıqla bağlıdır... Zənnimcə, ancaq bunda özünə güvənmək olar. Ən azından həm teatrda, həm də kinoda çalışdığım rejissorlar üçün zahiri görünüş məsələsi heç də birinci, hətta ikinci deyil.
Amma yenə də aktyor karyerası qurmaq istəyən və istedada malik bir çoxları narahatlıq keçirir və hətta komplekslərə malikdirlər, düşünürlər ki, bu gün ancaq gözəl simalar lazımdır və irəli getməyə qorxurlar. Mən indi kommersiya kinosundan söz açıram. Razılaşın ki, bu faktor mövcuddur və mənə suallarıma görə nifrət etməyin.
Yox-yox, mən sadəcə quru təsiri bağışlamağımdan qorxuram!.. Amma mən həqiqətən düşünürəm ki, əsas – inadkarlıq və çalışqanlıqdır. Bax, bu özünütəkmilləşdirmə prosesi... Heç bilmirəm nədən asılıdır...
Mənə elə gəlir ki, Siz məsləhət verməyi o qədər də sevmirsiniz.
Yox, ümumiyyətlə məsləhət verməyi sevmirəm.
Bəs özünüz dinləyirsiniz?
Çalışıram. Kimin verməsindən asılıdır.
Bəs nə dərəcədə açıq insansınız? Danila Kozlovskinin sabah problemi yaransa, o bunu bölüşəcəkmi? Və kiminlə?
Bölüşə biləcəyim insanlar var, amma çox azdır. Və hər ötən il də azalır. O mənada yox ki, onlar vəfat edirlər, xeyr, Allah onlara can sağlığı bəxş etsin! – sadəcə olaraq müəyyən hadisələr və faktorlar nəticəsində birdən anlayırsan ki, prinsipcə, söhbət etmək olardı, amma sonra anlayırsan ki, bunu etməsən daha yaxşıdır.
Deməli, razılaşarsınız ki, insan uğur qazandıqca onun ünsiyyət dairəsi daralır?
Uğur qazanan insanlardan söz açsaq... Hamımız insanıq və hər birimizin xarakterinin özəllikləri, öz ambisiyalarımız, hiss və emosiyalarımız, müəyyən şeylərdən narazılıq, həsəd və sair mövcuddur. Bax, həsəd – çox güclü faktordur, mən onu ilk mərhələdə kənarlaşdırmağa çalışıram. Amma düşünmürəm ki, dostlar həsəd aparmağa qadirdilər. Tanışlar, həmkarlar, yoldaşlar – hə, amma dostlar – yox. Bu mənada dostların az olması daha pisdir...
Nə üçün insanlar Sizi şəxsən tanımadan barənizdə mənfi fikirlər söyləyirlər? Nə üçün insanlara özlərinin deyil, onlara bənzər birisinin irəli getməsi xoş gəlmir? Məgər bu həsəd deyil?
Mənə elə gəlir ki, “həsəd”, “qəzəb” kimi sözlərdən istifadə etməklə biz bu neqativ prosesi sadələşdiririk. Məncə, burada məsələ bir qədər mürəkkəbdir, sadəcə həsəd deyil. Yəqin ki, müəyyən qədər özündən narazılıq, öz ambisiyaları, nəyə isə nail olan adama deyil, özünə bir qəzəb də var: məndə niyə alınmır? Və, əlbəttə ki, həqiqətən işləyənlər, amma uğur əldə etməyənləri unutmaq olmaz, onlar ümidsizliyə qapılırlar. Mən onların qəzəbini və məyusluğunu anlayıram. İnsani mövqedən bununla müəyyən konfliktə girə bilərəm, ancaq bunu yenə də anlaya bilirəm. Heç nə etməyən və sadəcə danışanlar haqqında isə heç söz açmaq istəmirəm.
Həyatınızda ən vacib insan kimdir?
Əlbəttə ki, anam. Müəllimlərim, sevgilim. Ailəm.
Məhəbbət haqqında nə deyərdiniz?
Məhəbbət insan həyatının əsas vəziyyətidir. Məhəbbətsiz heç nə mümkün deyil. Onsuz biz supermarketə sadəcə vaxt öldürmək üçün gedən insanlara bənzəyirik. Məhəbbət əsas təkanverici qüvvədir, bu hiss həm yaratmağa, həm də dağıtmağa, insanı xoşbəxt və bədbəxt etməyə qadirdir. Lakin o, çox gözəldir. Və mənə deyəndə ki, əslində məhəbbət yoxdur, ehtiras mövcuddur, mən, ola bilsin ki, bununla haradasa razılaşa bilərdim. Mənə deyirlər: sən axı qızla bir il ərzində görüşürdün, nəticədə isə ayrıldınız. Mən isə cavab verirəm: bəli, biz ayrıldıq, amma mən bu hissə və bu qıza bu bir il ərzində baş verənlərə görə o qədər minnətdaram ki! Bu mənə çox şey bəxş etdi və əminəm ki, sonra, lap sonralar da bəxş edəcək... Bu artıq həmişə mənimlə olacaq və heç kim onu məndən almayacaq! Buna görə də mənim üçün məhəbbət əsas hissdir.
Var aşiqlik, bir də var məhəbbət. Siz indi sevirsiniz ya aşiqsiniz?
Bu suala cavab verməyəcəm. Yoxsa elə alınar ki, jurnal vasitəsi ilə eşq elan edirəm.
Siz tez vurulursunuz?
Bəli, çox tez.
Bəs hansı vurğunluğunuzu məhəbbət adlandıra bilərdiniz.
Bir neçəsi var...
Sizi bir yaradıcı insan kimi əslində çox gözəl anlayıram. Məni də dostlarım tez-tez tənbeh edirlər, deyirlər: göylərdən yerə en, sən kinoda yaşamırsan! Mən isə bəzən bunu heç istəmirəm...
Ümumiyyətlə, mənə “realist ol” deyəndə xoşlamıram. Mən realist olmaq istəmirəm! Mənə məişət qayğıları kifayətdir: kimyəvi təmizlik məntəqəsinə, dükana getmək – bunun üçün realist olacağam, məhəbbət hissi üçün isə praktiki deyil, romantik hissi qorumağa çalışmaq daha yaxşıdır. Mənə münasibətlərə rasional yanaşma təklif edəndə, qətiyyətlə buna qarşı çıxıram – bu mənim üçün avtomobilə yanacaq doldurmaq kimidir.
Deməli, Siz romantiksiniz?
Gəlin, kim olduğuma dair Siz qərar verin, mən isə romantik olub-olmadığımı deməyəcəm.
Bilirsiniz, Sizi Bakıda çox sevirlər...
Hə?! Təsəvvür edə bilməzsiniz, nə qədər Bakıya gəlmək istəyirəm! Bu füsunkar şəhər haqqında o qədər eşitmişəm ki! Onun çox gözəl olduğunu, inkişaf etdiyini, heyranedici sakinlərinə və ağılasığmaz mənzərələrə malikliyini mənə deyiblər... Cənub, yaşıl, isti... Bakıya, Azərbaycana getməyi çox istəyirəm!
Qonaq dəvət edirəm! Və sonda yaradıcı planlarınız haqqında soruşum.
Yaxınlarda Moskvada Böyük teatr və Peterburqda Aleksandrinsk teatrının səhnələrində musiqi debütüm baş tutacaq – “Adi insanın böyük arzusu” musiqili tamaşası. Bu musiqi materialında Frenk Sinatra, Toni Bennet və ötən əsrin 50-60-cı illərinə aid Amerika cazının daha bir neçə “qızıl” nümayəndəsinin mahnıları səslənəcək. Daha sonra “Statusu azaddır” filmi çıxacaq – romantik komediya, baş rollarda mən və Liza Boyarskaya. Bu mənim ilk prodüser təcrübəmdir, tanınmış prodüser Yevgeni ilə birlikdə, rejissor Paşa Ruminovdur. Daha sonra “Hard-rok” işıq üzü görəcək – tamamilə vasitəçi olmadan ingilis dilində rusiyalı rejissor İlya Nayşul tərəfindən çəkilib. Daha sonra Nikolay Lebedevin “Ekipaj” filmi çıxacaq. Sonra, ümid edirəm ki, Aleksey Uçitelin “Matilda” filmi çıxacaq. O zamana qədər, düşünürəm ki, rejissor Kravçuqun “Vikinq” filmi üzərində işi tamamlayacağıq – bu, knyaz Vladimir haqqında əhvalatdır. Əgər hər şey qaydasında olsa, iyunda Dodinlər doğma teatrda “Hamlet”in məşqlərinə başlayırıq. 2016-cı ilin martında isə premyera olacaq!
Material 15-ci sayda dərc edilib.