NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

LALƏ MİRZƏYEVA

1. Özünüzü necə təqdim edirsiniz? 

 “Zuleykha Magazine” online qadın jurnalının və “Zuleykha Accessories” butiklər şəbəkəsinin rəhbəri Lalə Mirzəyeva.

2. Sağlam həyat tərzinin əsas qaydalarına riayət edirsiniz:

  1. a) idman
  2. b) düzgün qidalanma
  3. c) gündə 2 litr və ya daha çox su içmək?

İdmanla hər zaman məşğul oluram. Əsasən pilateslə, velosiped sürməyi də çox sevirəm. Yeməyə gəldikdə, çoxlu səyahət etdiyim üçün və dadlı yeməkləri sevdiyim üçün hər zaman yediyim yeməklərin növünu qədərini kontrol edə bilmirəm. Su mütləqdir! Qışda sevməsəm də içirəm, çünki bu yalnız sağlamlıq üçün yox, həm də çoxlarının məndə sevdiyi sağlam təravətli dərim üçün çox vacibdir.

3. Çəkinizdən, bədən quruluşunuzdan, xarici görünüşünüzdən razısınız?

Gənclik illərimdə xarici görkəmimi heç sevmirdim. Hətta komplekslərim var idi. Hazırda çox da məmnunam. Mənə elə gəlir ki, illərlə daha da yaxşılaşan insan tipindənəm. Məsələn, bu il özümu keçən ilkindən daha çox sevirəm. Güclü zəif tərəflərimi bilirəm, düzgün qarderob seçməyim də kiçik sirlərimdəndir. Çəkimlə heç zaman razılaşmıram. Amma şirniyyat dadlı yeməkləri sevməyim çəkimi hər zaman balanslı saxlamağa imkan vermir. Yeganə bəxtim gətirib ki, boyum hündürdür çəkim artıb azalanda ətrafdakılar bunu hiss etmir. (lol)

4. Qadınların və kişilərin görünüşündə ilk növbədə nəyə diqqət yetirirsiniz?

İxtisasca HR üzrə mütəxəssis olduğum üçün insanları onlar hiss etmədən scan etməyə çalışıram. Professional vərdişimdir. Hər kəsdə bir şey fikrimi cəlb edə bilər. İlk baxışdan onsuz da daxili xarakteri hər zaman anlamaq mümkün deyil, ona görə xarici görkəmə görə insanı anlamağa çalışıram. Ən çox sevdiyim insanların doğru-düzgün nitq qabiliyyətidir. Mənə görə insan fikirlərini aydın ifadə edə bilirsə, demək ki, elə həyatda da nə istədiyini aydın bilənlərdəndir. İnsanların fikirlərini dolğun və savadlı şəkildə ifadə etməkləri mənə hər zaman xüsusi təəssürat bağışlayır. Müşahidələrimdən bizdə bu bacarığa çox nadir hallarda rast gəlirsən… Təəssüf...    

5. Özünüzü onlarsız təsəvvür edə bilmədiyiniz üç gözəllik məhsulu hansılardır?

Bəlkə də kimə görəsə axmaq səslənəcək. Amma mən qocalmaqdan hədsiz qorxuram (lol). Buna görə üzə qulluq ən zəif yerimdir. Evə gec gəlsəm də, səyahətdə olsam da üzümü səhər-axşam qulluq prosedurlarsız qoymaram. Buna görə qulluq vasitələrim boldur. Mən onları hissələrə bölmürəm. Kompleks formasında hər birinin mənim üçün önəmi var. Məncə bu günün proqressiv xanımı 3 əsas şeyə diqqət yetirməlidir: 1) təmizləmək; 2) qidalandırmaq; 3) nəmləndirmək. Bu mövzuda yenilikləri sevirəm və fərqli markaların maskalarını, krem, lasyon, skrablarını istifadə etməkdən çəkinmirəm.

6. Gözəl bədən və sağlamlıq üçün imtina etməkdə çətinlik çəkdiyiniz məhsul hansıdır?

Mənim üçün bu şirniyyatdır! İllərdir bununla mübarizə apardım. Aylarca tərgitdim şirniyyatı. Amma həyatım soldu. O qədər kədərli idim ki, üzümün səmimi təbəssümünü yerinə qaytarmaq üçün yenidən şirniyyat yeməyə başladım (lol). Sadəcə boş verdim, bununla barışdım və özümü şirniyyat sevər kimi qəbul etdim.

 7. Gündə neçə saat yatırsınız?

Məni yaxından tanıyanlar bilir ki, sutkada 5-6 saat yatıram. Daha çox yatmam mümkün deyil. Oyaq qala bilsəydim yəqin o 5-6 saat yuxuya da heyfim gəlib yatmazdım. Amma bu sağlamlığıma və xarici görünüşümə təsir etdiyi üçün yuxumu az da olsa almağa çalışıram. Yeganə zəif yerim gecələr çox gec yatıb, səhərlər gec oyanmağımdır. İllərdir bu vərdişimi də dəyişə bilmədim. Artıq heç dəyişmirəm də. Hətta bundan yararlanıram. Bugünə kimi həyata keçirdiyim ən möhtəşəm layihələrim, ən kreativ ideyalarım məhz elə gecələr ağma gəlib. Odur ki, olsun!

8. Rahatlaşmağın ən düzgün yolu?

Tək getdiyim solo səyahətlərim! Mənim üçün bu işdən fizikən uzaqlaşıb xaricə tək səfər etməkdir. Buna görə Bakıda bütün işləri bitirib yola çıxıram ki, məni xaricdə axtarmasınlar.Telefonum da heç zaman rouminqdə açıq olmur. Yalnız günün sonunda otelə gələndə mesajları alıb cavablandırıram.  Xaricdə olanda Bakıda hansı vəzifəmin olduğu, hansı məsuliyyətləri daşıdığımı tamamilə unudub, səyahət edən qayğısız bir nəfərə çevrilirəm. Ətrafı izləməyə, tanımadığım insanlarla söhbət etməyi, yeni fikirləri, mədəniyyətləri öyrənmək beynimdə yeni pəncərələr açır. Bu zaman yer kürəsinin Bakıda qoyub gəldiyim qayğılarımdan daha böyük olduğunu anlayıb məsələlərə daha sadə yanaşıram. Rahatlayıram.

9. Gözəllik yolunda əsas düşmən...

Məncə bu depressiyadır, stressdir. Yaxın keçmişdə çox yaxın insanım dünyasını dəyişdi və bundan o qədər təsirlənmişdim ki, sonunda özümdən xəbərsiz 1 illik depressiyaya düşdüm. Günlərin birində hiss etdim ki, üz cizgilərim dəyişməyə başlayır. Pisliyə doğru. Onda anladım ki, doğrudan da insanın daxili üzünə əks olunur. Qoy heç kimin üzündə kədər olmasın, qoy hər zaman bizi bir az da gözəlləşdirən üzümüzdəki səmimi gülüş, gözlərimizdəki işıq parlasın!

10. Sizin həyat kredonuz?

“Super girls dont cry” - illərdir ki, həyat kredomdur. Həyata yalnız inamla baxmağım yəqin ki, ən güclü tərəfimdir. Riski sevirəm, cəsarətliyəm. İnanmıram, heç zaman da inanmaram ki, kimə görəsə mümkünsuz səslənən ağlıma qoyduğum, istədiyim hər hansı bir şeyə nail olmaqda uğursuzluq baş verə bilər. Mən mütləq ki, bir yolunu tapacam. Amma son bir neçə ildə bu prinsipdə müstəsnalarım da oldu. İllər sonra alınmayan işlərimi belə zaman keçdikdən sonra uğur hesab etməyə başladım. Çünki özümu tanıyıram. Bir iş üçün çoxlu əmək, zaman və qəlbimi qoyduğumdan əminəm. Alınmırsa, doğrudan da zaman keçdikdən sonra uğursuzluğu bəzən gözlərini yaşardan hadisələrin əslində məhz sənin üçün xeyirliyə olduğunu anlayırsan. Klişe səslənə bilər, amma bunu dərindən dərk etdiyində bu inanılmazdır. Həyat budur!

 

Mətn: Nigar Məhərrəmova

Foto: Vladislav Makarov