NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

TEYMUR SADIQOV: UĞURUN ALQORİTMİ

Konfutsi deyib – "sevdiyin işi seç, o zaman ömrün boyunca bir gün də olsa işləməyəcəksən". Bu sözlər qəhrəmanımıza çox uyğun gəlir. 30 yaşında o, avtonom robotik sistemləri üzrə dünyanın ən təcrübəli mütəxəssislərindən biri sayılır. Teymur bizə Nasa ilə vidalaşmağa və silikon vadisinə köçməyə, sonra isə tamamilə avtonom axına qarşı getməyə nəyin səbəb olduğu barədə danışdı.

Həyatınızı bu qədər yaxşı planlaşdırmağı necə bacardınız?

Heç bir plan olmayıb. Heç vaxt plan qurmamışam, sadəcə məndən tələb olunan şeyi etmişəm. Məni şanslı hesab edə bilərsiniz, amma kimin üçünsə çətin görünən əmək, mənim üçün həmişə sevimli iş olub.

Məktəbdə oxumağı sevirdiniz?

Xatırlayıram ki, ikinci sinifdə   artıq darıxmağa başlamışdım. Sinif yoldaşlarım toplama və çıxmanı öyrəndikləri zaman mən mürəkkəb riyazi hesablamalar edirdim. Buna görə mənə ikinci sinifdən birbaşa dördüncü sinifə keçirdilər. Mən həmişə nəinki özümə, həm də müəllimlərə qarşı tələbkar olmuşam.

Dərsdən qaçmaq istəməyən «demaqoq», – ətrafdakılar üçün belə biri idim. Amma özümü kitablara batıb qalmış «botanik» adlandırmazdım. Mənim başqa öhdəliklərim də vardı: məsələn, məktəb illərində mən sinif nümayəndəsi idim.

Əgər sirr deyilsə, o dövrdə sizin əsas ilham verəniniz kim olub?

Məni təhsilə həvəsləndirən dayım olub, universitetdə fizika müəllimi idi. Valideynlərim isə həmişə və hər şeydə məni dəstəkləyiblər. Vacib seçim edərkən ətrafında lazımi anda yardım edə biləcək təhsilli birinin olması çox vacibdir.

Niyə məhz Təyyarə Mühəndisliyi?

Valideynlərim məni ya həkim, ya da hüquqşünas görmək istəyirdilər. Kim bilir, əgər müəllimim mənə İstanbul Texniki Universitetinə qəbul imtahanlarından bəhs etməsəydi bəlkə də, ikisindən biri ola bilərdim. İmtahanlara cəmi bir ay qalmışdı, müəllimlərlə fərdi məşğul olmadığımı, həm də həmin universitetə əsasən türk liseylərini bitirən uşaqların daxil olduğunu nəzərə alsaq şansım çox az idi.

Amma az da olsa var idi! Nəticədə mən iki ölkənin – Azərbaycan və Türkiyənin dövlət təqaüdçüləri sırasına daxil oldum. Nə qədər gülməli səslənsə də, ixtisası intuisiyama güvənərək seçmişəm, amma lap düzünü desəm - məni bu ixtisasın adı cəlb edib.

 Siz universitetin tarixinə düşmüsünüz...

Qarşıma konkret məqsəd qoymamışam, amma mən mümkün 4.00 üzərindən 4.00 qiyməti ilə məzun olan ilk tələbə olaraq tarixə keçmişəm. Təəssüflə əlavə edim ki, məndən əvvəl azərbaycanlı tələbələrin tənbəlliyi haqqında gizli stereotip yayılmışdı və bizim digər uşaqlar üçün stimul olaraq hər kəsi bu fikirdən daşındırmaq mənə çox xoş idi. Ümid edirəm ki, bu gün də onlar passivləşmirlər və Vətənimizi layiqincə təmsil edirlər. 

 Oxumağa qarşı bu cür münasibətlə yəqin ki, bütün boş vaxtınızı kitab arxasında keçirirdiniz?

Əlbəttə, yox! Azərbaycanlı tələbələrə görə səfirlik qarşısında məsuliyyət daşımaqdan savayı mən ikinci kursda müxtəlif elmi layihələrdə fəal iştirak edirdim. Universitetin laboratoriyasından başladım, bu da gələcəkdə mənim qısa məsafədə havaya qalxan və enən uçuş aparatlarının idarəetmə alqoritmi üzrə bakalavr işimi formalaşdırdı. Hələ tələbə ikən mən F-35 uçuş aparatının bir növü üçün alqoritm üzrə tədqiqatda iştirak edirdim, amma sonra buraxdım.

Niyə?

Məni Amerika, doktorluq dərəcəsi və ciddi maliyyələşdirilmə tələb edən elmi tədqiqatlar gözləyirdi. Bilmirəm xoşbəxtlikdən, ya yox, məhz orada, okeanın o tayında iqtisadiyyatın əhəmiyyətli hissəsi elmi tədqiqatlar işlərinə əsaslanır. Müraciət etdiyim 10 universitetin 10-u da məni qəbul etdi və onların hamısının mənə təqaüd ayırması xüsusilə sevindirici hal idi. Amma mən San-Dieqoda Kaliforniya universitetini seçdim və orada iki ildən sonra mühəndislik elmləri üzrə magistr dərəcəsi əldə etdim. Niyə məhz bu universitet? Hər şey çox sadədir: mən soyuğu sevmirəm, San-Dieqo isə istidir! Daha sonra Corciya ştatında Texnologiya İnstitutunda təhsilə başladım, sonra Aerokosmik Mühəndisliyi və robot texnologiyaları üzrə fəlsəfə doktorluğu dərəcəsi, paralel olaraq da riyaziyyat üzrə magistr dərəcəsi aldım. Bütün elmi dərəcələr «əla» olaraq qiymətləndirilmişdi… 

Belə görünür ki, Siz – maksimalistsiniz?

Bir dəfə fortepiano ilə maraqlanmağa başlamışdım. Sintezator aldım, hətta bir neçə melodiya da öyrəndim. Maksimalist olsaydım siz mənim ifamda Bethovenin sonatalarını dinləyərdiniz… Amma yox, mən maksimalist deyiləm. Sintezatoru isə satdım. Mən gördüyüm işin keyfiyyət şkalası haqqında düşünmürəm, sadəcə onu bacardığım və istədiyim qədər icra edirəm. Əgər nəticə bütün gözləntilərə uyğundursa, o zaman – that’s cool! Ona görə də öz təsəvvürümdə mən adi insanam.

Sizin taym-menecmentinizin sirri nədədir?

Heç bir sirr yoxdur! Bir gündə 24 saat var - bu az deyil, istəsən hər şeyə yetişə bilərsən. Tənbəlliyimiz bizə pıçıldayır: «Vaxt çatmır!». Mən ömrüm boyu idmanla məşğul olmuşam, layihələrdə iştirak etmişəm və paralel olaraq həm də oxumağa vaxt tapmışam. Bəli, bəzən imtahanlara hazırlaşmağım gecə yarısını keçirdi, yeri gəlmişkən bunu heç kimə məsləhət görmürəm... Bəlkə də, sirr bundadır ki, mən həmişə həyatdan zövq almağa çalışmışam – axı yalnız o zaman bütün qərarlar üçün lazım olan güc və enerji gəlir. Bir məsləhət verə bilərəm: bir vərəqdə maddə ilə məqsədləri yazmazdan əvvəl yuxarı küncdə sizi xoşbəxt edən nədirsə, onu yazın. Budur, uğurun açarı, ən azından mənim üçün bu belə idi. Buna görə də, Amerikada universitet seçimimdə ilk sırada nüfuz yox, mənim komfortlu yaşamımı təmin edəcək iqlim idi.

NASA-ya necə daxil oldunuz?

Məni məsləhət gördülər. Corciya Texnologiya universitetinin doktoru olaraq mən United Technologies Research Center-Sikorsky Aircraft-da işləyirdim. Biz Sikorski vertolyotlarının pilotsuz avtonom sisteminin hazırlanması üzərində işləyirdik. Elə o dövrdə NASA-nın nümayəndələri bu cür sistemlərin hazırlanmasında təcrübəsi olan mütəxəssislər axtarışında universitetlərə müraciət edirdilər. Beləliklə, mən ABŞ Milli Aeronavtika və Kosmos İdarəsində işə başladım, burada onların elmi-tədqiqat mərkəzinin robotik tədqiqatlarına qatıldım. Pilotsuz hummerlər üzrə elmi tədqiqatlar aparırdıq, mən pilotsuz avtomobillər üçün proqram təminatının lokallaşdırılması üzrə çalışırdım. İki il sonra da NASA-dan ayrıldım.

Səbəbini açıqlaya bilərsiniz?

Mercedes Benz. 2015-ci ildə bu alman korporasiyasının elmi tədqiqat mərkəzinin nümayəndələri mənimlə əlaqə yaradıb, pilotsuz avtomobil hazırlanmasında baş mühəndis işini təklif etdilər. Beləliklə mən Silikon vadisinə köçdüm və Mercedes Benz-in əməkdaşı oldum. Avtomobillərin «intellekti» üzərində işləmək iki il sürdü, bundan sonra getmək qərarı aldım: iş şəraiti artıq mənə diskomfort yaratmağa başlamışdı…

Və nə işlə məşğul oldunuz?

Məni pilotsuz avtomobillərin hazırlanması ilə məşğul olan startap-layihəyə baş mühəndis olaraq dəvət etdilər. Amma əvvəlcə layihə böyük investisiyalar sayəsində və motivasiyalı iştirakçılar ilə olduqca perspektivli görünsə də, yarım ildən sonra bütün işlərin mənim üzərimdə olduğuna əmin oldum.

Bu müddət ərzində layihəni yararlı olduğunu təsdiq edən iki yoxlama qurumundan keçirə bildim, amma yenə də getməyə qərar verdim. Keçən il mənə bir növ aydınlanma gəldi: mən artıq heç kim üçün çalışmaq istəmədiyini başa düşdüm. Mən səyahət etməyə başladım, konsaltinqlə məşğul oluram, öz şirkətimi qurmağı düşünürəm. Çünki hər il müxtəlif sahələrdə, xüsusilə də yollarda təhlükəsizliyi artıran və yol qəzalarının ölüm səviyyəsini azaldan pilotsuz nəqliyyat vasitələrini avtomatlaşdırmaya maraq artır.

Sizə elə gəlmir ki, avtomatlaşdırmanın geniş tətbiqi işsizliyin artmasına səbəb ola bilər?

Biz daimi dəyişiklik və inkişaf dövründə yaşayırıq. Vaxt vardı ki, atla çapmağa alışmış adam təkərli "dəmir parçasına" minməyəcəyinə and içirdi. Bu gün isə pilotsuz avtomobilləri müzakirə edirik, bununla yanaşı təbii tarazlıq çox da dəyişilməyib. Ancaq sözlərinizdə həqiqət payı var.

Artıq on illərlə eyni işi görən insanlar arasında narazılıqlar yaranır və günlərin bir günündə onları  daha keyfiyyətli və daha sürətli bir avtomat əvəz edir. Yaxın gələcəkdə, məsələn, həmin pilotsuz avtomobillər sürücüləri işsiz qoya bilər. Amma siz etiraf etməlisiniz ki, məhz texnologiyaların inkişafı UBER kimi taksi xidmətinin yaranmasına imkan verib.

Bəs sizcə bu insanlar nə etməlidirlər?

Bilirsiniz, insan beyni demək olar ki, istənilən şəraitə uyğunlaşa biləcək bir şəkildə yaradılıb. Bu gün sizi işsiz qalma ehtimalı qorxudur, bir müddət sonra isə özünüzdə yeni bir potensial aşkarlayırsınız, başqa biliklər əldə edirsiniz. Bundan əlavə, texnologiyanın inkişafı ilə bir çox yeni ixtisaslar yaranır.

O qədər çox ki, bəzən onları izləmək belə çətin olur...

Həqiqətən, texnologiyanın inkişaf sürəti əhəmiyyətli dərəcədə artıb. Yeri gəlmişkən, bu ABŞ-da alimləri çox maraqlı bir eksperiment aparmağa təşviq etdi. 2000 nəfər insana qarşılıqsız aylıq 1000 dollar məbləğində pul vəsaiti veriləcək, onların heç bir şey etməmək kimi haqqı olacaq. Təbii ki, kimsə özü üçün ömürlük məzuniyyət təşkil edərək ayda min dollarla həyatından zövq alacaq. Amma kimdəsə boş vaxt beynindəki kreativ düşüncəni işə salacaq - hədəf məhz belələridir. Belə qeyri-adi ekstremal şəraitdə insan beyni yaradıcı ideyalar yaratması, insan gücünü tətbiq etmək üçün yeni metodları axtarıb tapması gözlənilir, bu həmçinin də yeni qazanc yollarının yaranması deməkdir. Həm də mən gələcəkdə avtomatlaşdırmanın insanın həyat fəaliyyəti üçün lazım olan müxtəlif şeylərin qiymətini on dəfə azalda biləcəyinə inanıram.

Amma bəzi sahələr avtomatlaşdırmaya tabe olmayacaq, eləmi?

Kreativ düşüncə, yaradıcılıq tələb edən istiqamətlər tabe olmayacaq. Məsələn, rəssamlar. Ya da ləzzətli şam yeməyi hazırlaya bilən mehriban insan əlləri...

Azərbaycanla bağlı ideyalarınız varmı?

Bakıda olarkən mən bir neçə dövlət və özəl qurumlarla ölkəmizdə tədqiqat mərkəzinin yaradılması mövzusunda müzakirələr aparmışam. Təəssüf ki, hələ də konkret nəticə yoxdur - əsas problem eynidir: böyük investisiyalara ehtiyac var. Bundan əlavə, mən ABŞ-da Azərbaycandan olan istedadlı uşaqları da məmnuniyyətlə daxil edəcəyim startap-layihəmi başlamaq istəyirəm. Dəvət olunduğum bütün universitetlərdə və digər təşkilatlarda robot texnikasına, süni intellektə diqqət çəkmək üçün Bakıda keçirilən seminarlarda çıxış etməyə çalışacağam. Artıq bəzi işlər də görülüb...

Bakıdakı qəhrəmanlıq epopeyasını yazmağa nədən başladınız?

İlk seminarım yoxsul ailələrdən olan gənclərə ünvanlanmışdı. Mənim üçün bu uşaqları motivasiya etmək, özlərinə və güclərinə inandırmaq çox vacib idi. Axı mən özüm imkansız ailədə böyümüşəm və təhsilimə bir qəpik belə xərcləməmişəm.

Onlara bunun hətta bizim ölkədə real olduğunu çatdırmaq istədim, yetər ki, bunu istəyəsən. Əsas odur ki, çətinliklərlə üzləşdiyində belə heç vaxt ruhdan düşməsinlər!

Nargis redaksiyası çəkilişdə göstərdiyi köməyə görə Azərkosmosa təşəkkür edir

Müsahi̇bə – Fərid Məmmədov  Foto – Pərviz Qasımzadə

Material əlli beşinci buraxılışda dərc olunmuşdur.