NARGIS
Ru En
NARGIS MAGAZINE
MÜSAHİBƏLƏR

TIQ-TIQ XANIM: GÜNEL HƏSƏNOVANIN YENİ LAYİHƏSİ

Oxucularımız artıq dizayner Günel Həsənova ilə tanışdırlar – o öz Etre a la mode bloqunda moda sahəsindəki tendensiyalar və aktual hadisələri müzakirə edir. Amma bu gün biz moda haqqında danışmırıq. Günel bütün soydaşlarımıza hədiyyə hazırlayıb - fevralın 2-də ən yaxşı kitabları oxumaq və ana dilimizdə ən yaxşı filmləri izləmək, təcrübə və biliklərlə bölüşmək, nümunə olan uğurlu qadınlardan ilham almaq və dünyanın aparıcı mütəxəssislərinin məruzələrində, seminarlarında və interaktiv master klasslarında iştirak imkanınızın olduğu onlayn meydança yaradıb. Ən əsası, bütün materiallar Azərbaycan dilinə tərcümə olunub! Zaman və məkanda sürətli hərəkət, dil maneələrini aşaraq maraqlı insanlarla ünsiyyət qurmaq və saysız imkanlar əldə etmək – məgər internet bunun üçün yaranmayıb?

Mən həmişə anamdan başlayaraq güclü qadınlardan ilham almışam. Xüsusən, həmişə kişilərdən bir addım arxada və həmişə daha az imkanları olan, demək olar ki, təhsil almayan yaxın şərq ölkələrindəki qadınların gücü məni heyran edib. Bütün məhdudiyyətlərə baxmayaraq, Azərbaycanın gözəl qadınları həmişə irəliləyirlər və həyatlarının keyfiyyəti üzərində çalışırlar. Və mən düşündüm ki, "Niyə də yox?". Qadınların səsi yüksəkdən gələn gözəl bir vaxtda onları bir onlayn-meydançada toplayırıq. Bu pulsuzdur, resurs bütün qadınlar üçün açıqdır – Bakıda, Londonda, Nyu-Yorkda və ya Sabirabadda yaşadığınızın fərqi yoxdur. Məlumatlara daxil olma imkanınız olduğu üçün təcrübənizlə paylaşa və bir-birinizi dəstəkləyə bilərsiniz.

London kosmopolit şəhərdir, bəlkə də dünyanın ən çoxdilli şəhərlərindən biridir. Azərbaycan dilini nə dərəcədə tez-tez istifadə edirsiniz və xaricə gedib, lakin ana dilini unutmaq istəməyənlərə nə məsləhət verərdiniz?

Bu mənim üçün ən ağrılı mövzudur. Mən rus dilini bilirəm, ancaq mən məktəbdə Azərbaycan bölməsində oxumuşam və evdə ailəmlə həmişə Azərbaycan dilində danışmışam. Dostlarımla və ya qohumlarımla Azərbaycan ya da ingilis dilində danışıram. Və bu da ünsiyyət vərdişinin qorunmasına kömək edir. Ana dilimi unutmaq imkanım, prinsipcə, yoxdur – uşaqlıqdan bu dildə danışıram, köhnə Azərbaycan filmlərini sevirəm və onları dəfələrlə seyr edirəm. Azərbaycan dilində kitablar oxuyuram, baxmayaraq ki, istədiyim qədər deyil. Bir dəfə qardaşımla atamın yanında hansısa sözü unutmuşduq və fərqində olmadan ingilis dilinə keçdik. Atam bizi çox danlamışdı. Beləliklə, biz özümüzdə və başqalarında ana dilimizə olan məhəbbəti qoruyub saxlamalıyıq. Harada olduğumuzdan asılı olmayaraq, dünyanın hər yerində dəyərlərimizi qorumaq vacibdir.

Layihəniz onlayn-tədrisə yönəldilib, bəs Siz özünüz bu vasitə ilə nə isə öyrənmisiniz?

Bəli! Onlayn dərslər sayəsində gitarada ifa etməyi öyrənmişəm, snoubordinq haqqında ilkin məlumatları əldə etmişəm, yemək və hətta şirniyyat bişirməyi öyrənmişəm. Taym-menecment biliklərimi artırmışam. Bir də uğurlu kişilərin və qadınların müsahibələrini dinləmişəm və özümə güvənim artıb. Bu insanlar ilə video-söhbəti öz layihəmizə də daxil etmişik. Çox sayda müsahibələri, seminarları və digər materialları Azərbaycan dilinə tərcümə etmişik. Kulinariya və idman kimi praktiki bilgilərdən başqa onlayn-dərslər mənə çox şey öyrədib - təslim olmamağı və həmişə arzularımın arxasınca getməyi, dəqiq hədəflər qoymağı və onlara doğru irəliləməyi. Onlayn-materiallar sayəsində çoxlu biliklər və təcrübələr əldə etmişəm. İnternetdə belə bir şeyin olması əladır! Bilirəm, internetin ziyanı barədə çox danışılır, ancaq onun gözəl tərəfini inkar edə bilmərik. Və mən çox xoşbəxtəm ki, komandamızla birlikdə bütün bu məlumatları toplayıb və azərbaycanlı qadınlarımızın olduqları şəraitdən asılı olmayaraq bu məlumatlardan bir şey öyrənə bilmələri üçün açıq istifadəyə verə bildik. Bu bizim əsas məqsədimizdir.

Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanırsınız (H.Z.Tağıyev)

Onlayn-tədris Böyük Britaniyada çox populyardı?

Sadəcə Böyük Britaniyada deyil! Bu vasitə ümumiyyətlə Qərb dünyasında çox inkişaf edib, Coursera kimi veb saytlar var, onlayn-kursları istənilən rahat vaxtda keçmək və sonda universitet və ya kollec tərəfindən təsdiqlənmiş sertifikat almaq mümkündür. Aydındır ki, universitet bitirmək ideal variantdır, lakin hansısa səbəbdən bunu edə bilmirsinizsə və ya artıq diplom almısınızsa və təhsilinizi davam etmək istəyirsinizsə o zaman onlayn-kurslar köməyinizə çatacaq. Onlayn-kurslar karyera inkişafına və CV-ni genişləndirməyə çox kömək edir. Biz qadınlara nəinki təlim kursları keçməyi, həm də sertifikat almaları üçün universitetlərlə əməkdaşlıq etməyi planlaşdırırıq. Bu növbəti addımdır, bu səviyyəyə gəlmək üçün insanların maraqlarını, bizim vebsaytımıza daxil olub və onun resurslarından istifadə etmələrini, öz biliklərini artırıb və yeni bir şey öyrənmələrini görməliyik.

Bütün bu materialları əldə etmək pulsuzdur?

Bəli, layihənin bütün mənası elə bundadır. Nəinki seyr etmək, həm də dinləmək və oxumaq mümkündür – bizim podkastları yükləmək və oflayn rejimdə dinləmək olur. Bu tamamilə pulsuzdur! Bu kommersiya veb saytı deyil, biz heç bir şey üçün ödəniş almırıq. Qeydiyyatdan keçmək və ya hansısa eksklüziv materiallara daxil olmaq üçün ödəniş etməyə ehtiyac yoxdur. Hər kəs bərabərdir, hər kəsin bütün materiallara eyni pulsuz giriş haqqı var.

Məqsədiniz nədir və layihənin baş tutub-tutmadığını necə biləcəksiniz?

Əlbəttə ki, məqsəd bu tədris materiallarından mümkün qədər çox insanın istifadə etməsidir. Azərbaycanın uzaq bir şəhərindəki "Mən Bakıya getmək istəyirəm, çünki hər şey oradadır" düşüncəsi olan 16 yaşlı qıza toxunmaq istəyirəm – budur, mənim məqsədim. Uzağa getməyə ehtiyac yoxdur - sadəcə internetə daxil olmaq kifayətdir. Nəyisə düzgün etmək üçün bir-iki sətr oxuyub və bu məlumatları praktikada tətbiq etmək kifayət edir. Ölkəmizdə hər şey var - həm kitab mağazaları, həm idman mərkəzləri... Əsas bütün bunları maksimum faydalı şəkildə istifadə etməyi öyrənməkdir. Ümid edirəm ki, bir gün hamımız üçün vaxtımızı boş yerə sərf etmək yerinə həyatımızda kitab oxumaq və ya audio təlim dinləmək kimi müsbət dəyişikliklər etmək təbii hal alacaq. Əgər biz bunu etməyə başlasaq, o zaman uşaqlarımız və dostlarımız da bunu edəcəklər. Mən artıq bilirəm ki, layihə baş tutacaq, çünki ona qarşı böyük maraq görürəm – və həmçinin komandamızın tamamilə könüllülərdən ibarət olduğu üçün də. Heç kimə pul ödəmirik. Burada hər şey könüllüdür, çünki hər kəs mədəniyyətimiz və güclü ailə dəyərlərimizlə çox şey əldə edə biləcəyimizi bilir.  

Layihəni "zəif qadın" kimi təsvir olunan folklor personajı Tıq-Tıq xanım adlandırmısınız. Sizcə bu nağıl nə haqqındadır?

Mən, həqiqətən, onun zəif bir qadın kimi təsvir olunduğunu düşünürəm – o tənhadır, daim kədərlidir və sair. Cizgi filminin tam sonuna qədər - siçanın onu tərk etdiyi və Tıq-Tıq xanımın məyus olduğu ana qədər. Lakin mənə aydındır ki, hekayə yalnız bu barədə deyil. Tıq-Tıq xanım səhər tezdən qalxır, makiyaj edir, gözəl ayaqqabı geyinir, çiçəkdən özünə ətək düzəldir – və özünü gözəl hiss edir. Bu da ona inanılmaz güvən hissi verir, buna görə də kaprizli olur və yoldaşları ilə pis rəftar edir. Özünə güvən - çox gözəl hissdir, amma hər şeyin həddi var. Sonda Tıq-Tıq xanımın həddən artıq təkəbbürlüyü yaxşı nəticəyə gətirib çıxarmır. Gözəllik bu gün var, sabah yoxdur. Həmişə bizdən daha gözəl kimsə var, özünüzə güvənmək, güclü olmaq lazımdır. Həm Britaniyada, həm də Amerikada qadınlara zəif cins kimi baxırlar. Bu stereotipi dəyişdirmək istəyirəm.

Veb sayta ilk dəfə daxil olanlara nədən başlamağı məsləhət görərdiniz?

Şəxsən mən bizim kim olduğumuz, mövqeyimiz və auditoriyadan nə gözlədiyimiz barədə vizual təsəvvür əldə etmək üçün videomuzu izləməkdən başlayardım. Sonra isə mütləq Super qadınlar bölməsinə nəzər salmaq lazımdır, burada Azərbaycanın ilhamverən qadınlarının müsahibələrini toplamışıq. Onlardan məsləhətlər əldə edə, onların uğurları, nədən başladıqları və bugünkü günə necə gəldikləri barədə oxuya bilərlər. Bu bölmələri əsas hesab etmək olar, amma açığı kitablardan tutmuş yemək zamanı uşaqlara hansı videoları göstərmək lazım olduğu barədə analara məsləhətlərə qədər bir çox materiallar var. Bütün sualları forumda müzakirə etmək olar.