NARGIS
NARGIS MAGAZINE
Travel blog

Love, NARGIS: Maksimum Adrenalin!

Bu, ilk və ümid edirik son yay fəslidir ki, NARGIS komandası hər zaman olduğu kimi kurort mövsümündə məzuniyyət, həftə sonu və ya Travel Blog layihəsi üçün yaradıcı ezamiyyət səbəbi ilə dünyanı gəzmək yerinə tam heyətlə ofisdə oturub. Canlı, maraqlı səyahət hekayələri, rəngarəng fotoreportajlar və təəssüratlar, coşqulu emosiyalar – jurnalımızın bir çox oxucusu və nargismagazine.com saytının daimi izləyiciləri bu cür səfərlərlə bağlı növbəti hekayələrimizi gözləyir! Ancaq belə bir çətin vəziyyətdə belə, sərhədlərin hələ də bağlı olmasına və səyahət etməyin, demək olar ki, mümkünsüz olmasına baxmayaraq, yaradıcı kollektivimiz oxucusuna maraqlı məlumatları ilk ağızdan çatdırmaq ənənəsindən geri qalmaq istəmir. Sizə kiçik bir sirr açaq: istənilən reportajda "kadr arxasında" nəsə qalır və jurnalda dərc olunmur. Bu, məzəli və qəribə əhvalatlar, hansısa gözlənilməz hadisələrlə bağlı kiçik (bəzən də böyük) anlaşılmazlıqlar olur. Heç bir səyahət onlarsız ötüşmür. Bəzən bu cür "əhəmiyyətsiz" hadisələr əhval-ruhiyyəni dəyişə və hətta bütün səyahəti tamamilə korlaya bilər. Ancaq zaman keçdikcə, geriyə baxanda bu məzəli əhvalatlar və anlaşılmazlıqların səyahəti daha da parlaq və maraqlı etdiyini, təəssüratlarımızın dadı-duzu olduğunu görürük. Beləliklə, biz, Travel Blog layihəsinin iştirakçıları, sizə kadr arxası macəralarımız haqqında danışmağa qərar verdik!

Bütün səyahətlərdə əvəzolunmaz yol yoldaşımız, qeyri-adi vəziyyətlər yaratmaqda inanılmaz istedada malik videoqraf Ruslan Qorbunovun şərhləri olmadan hekayələrimizin yarımçıq qalacağını düşündük. Travel Blog layihəsinin iştirakçılarının səyahətləri barədə video hesabata nargismagazine.com saytında, Youtube kanalımızda, eləcə də FacebookInstagram səhifələrimizdə baxa bilərsiniz.

Travel Blog kimi böyük bir layihəni partnyorlarımızın dəstəyi olmadan həyata keçirmək çox çətin olardı. Onlar olmasaydı bir çox yol hekayələrimizin axırı yaxşı bitməyə bilərdi! Bu səbəblə, göstərdikləri əvəzsiz köməyə görə PASHA Banka, PASHA Holidays turizm agentliyinə, Azercell mobil operatoruna və Berg Energy şirkətinə ürəkdən təşəkkür edirik!

Coachella Sona Məmmədova

Macəralarımız təyyarədən enən kimi başladı. Biz Booking.com saytında mənim adıma qabaqcadan otel bron etmişdik, daha sonra hər ehtimala görə yenidən bir turizm agentliyi vasitəsilə həmin oteldə otaq rezervasiya etdik. Amma resepşnda bizə dedilər ki, ödənişi yerində ödəməlisiniz. Sonradan məlum oldu ki, agentlik hər şeyi əvvəlcədən ödəyib və biz bütün ezamiyyət pulumuzu onlara boş yerə ödəmiş olduq. Lakin otel rezervasiya pulunu geri qaytarmadı.
Coachella festivalına kamera ilə girməyə icazə verilmir, buna görə peşəkar videoqrafçımız ilə birlikdə kameranı içəri salmaq üçün müxtəlif tryuklar düşünürdük. Məsələn, girişdə baxışları yayındırmaq üçün əlimdə kameranın böyük çantasını tuturdum, kürəyimdə isə açıq saçlarımın altında GoPro kamerasının çantasını gizlədirdim... Bu və ya digər şəkildə, kamera həmişə yanımızda olurdu! Ariananın konsertini çəkməyə hazırlaşarkən yerini əvvəlcədən araşdırdıq və gözə batmadan səhnənin hansı tərəfində dayanacağımızı planlaşdırdıq... Bir saat əvvəlcədən artıq yerimizi tutmuşduq. Konsertin başlanmasına 20 dəqiqə qaldıqda onun tamamilə başqa bir meydançada keçiriləcəyini öyrəndik! Biz var gücümüzlə Ariananı çəkməyə qaçdıq, amma artıq səhnəyə yaxınlaşa bilmədik – çünki insanlar iki-üç saat əvvəl yerləri tutmuşdular, bəziləri isə elə səhnənin qarşısında yerdə uzanmışdı. Billi Aylişin konsertində bəxtimiz daha çox gətirmişdi – səhnəyə çox yaxın idik. Bizə bir afro-amerikalı dostumuz kömək etmişdi: üçümüz – mən, o və Ruslan əl-ələ verib birtəhər izdihamın arasından səhnəyə yaxınlaşa bilmişdik!


Ruslan: iş səfərindən qayıtdıq və ofisdə montaja başladıq. Bir neçə gündən sonra növbə GoPro ilə çəkdiyimiz kadrlara çatdı. Birdən yadıma düşdü ki, kameranı hava limanına gedərkən taksidə unutmuşam: yolu Time laps rejimində çəkmək üçün onu panelin içinə qoymuşdum. Yaxşıkı ştatlarda bir dostum yaşayır! GoPro ilə yanaşı adi kameramla da çəkirdim və sürücünün üzü kadra düşmüşdü, odur ki, hər şey yaxşı qurtardı kamera tapıldı və bizə geri göndərildi. Daha bir məzəli əhvalat gəncləri çəkmək üçün bir izdihamın içinə girdiyimdə baş vermişdi: birdən açıq-aydın şəkildə yandırılmış üzərlik qoxusunu hiss etdim. Tam da üzərlik yandırılma ənənəsinin bu yerlərə necə gəldiyini soruşmaq istəyirdim ki, ətrafımdakıların marihuana çəkdiyini başa düşdüm!

Kapadokiya Ülviyyə Mahmudova və Gülnarə İsmayılova


Həyatda heç bir şey təsadüfən baş vermir! Kapadokiyaya səyahət həyatımın ən gözlənilməz hadisəsi idi. Nargis jurnalının İnstaqram səhifəsindəki müsabiqədə ilk dəfə iştirak edirdim və ilk dəfədən səyahət qazandım. Və budur, indi bloq aparıcısı qismində çıxış edirəm! Düzünü desəm, heç vaxt kamera qarşısında çıxış etməməyim və ümumiyyətlə aparıcılıqla məşğul olmamağım məni həyəcanlandırırdı. Ancaq ən qəribəsi o idi ki, bundan bir neçə gün əvvəl dostlarımla birlikdə Kapadokiya haqqında danışırdıq, hətta payızda ora səyahət etməyi planlaşdırırdıq! Budur, möhtəşəm Kapadokiyaya, həm də Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudova ilə birlikdə gedirəm!
İstanbul hava limanında videoqraf Ruslanla tanış olduq, amma ən həyəcanverici məqam Ülviyyə xanımla tanışlığımız idi. Gözəl, gülərüz, sevimli, inanılmaz energetikaya sahib bir insan! Yadımdadır ki, yalnız onunla tanışlıqdan sonra həyəcanım keçdi.
Biz vaxt itirmədən "qurumuş lava şəhərini" çəkməyə getdik. Tarixi yerlər, mağara evləri, yeraltı sığınacaqlar, suvenir dükanları, dəvə gəzintisi və əlbəttə ki, hava balonunda uçuş reallıqda internetdəki foto və ya videolarda göründüyümdən daha gözəl idi! Bu mənim üçün həyatımın ən unudulmaz səfəri idi və elə bu səyahət məni Nargis jurnalına gətirdi. Bəli! İndi bu mehriban komandanın bir hissəsiyəm və dəqiq bilirəm: həyatda heç bir şey təsadüfən baş vermir!




Ruslan: biz çıxışda oturmuşduq, amma qapılar nədənsə açılmaq bilmirdi, o zaman nə baş verdiyini soruşmağa qərar verdik. Məgər minik yeri dəyişdirilib və artıq bitməsinə az qalıb. Var gücümüzlə yeni çıxışa qaçırıq və birdən görürəm ki, pasportum yoxdur. Yadıma düşdü ki, mən onu Duty Free zonasında unutmuşam, bu isə yeni Türk hava limanı idi – uçanlar oranın nə qədər böyük olduğunu bilirlər! Təxminən üç dəqiqəyə qaçıb pasportumu götürüb qayıtdım, qapılar artıq bağlanırdı…

İspaniya Leyla Bağırlı

Pamplona şəhərinin adını heç cürə düzgün tələffüz edə bilməməyim çox gülməli idi. İnanılmaz sayda kadrlar çəkmişdik! Bir dəfə də çəkiliş zamanı izdihamın içində dayanıb bayramın necə keçirildiyini kameraya söyləyərkən bir ispaniyalı qəflətən mənə yaxınlaşdı və yanağımdan öpdü!
Pamplonadan Madridə nə aviabilet, nə də qatar bileti almaq mümkün olmadı, yalnız bir seçim qalırdı – transfer. Çətinliklə onlayn olaraq uyğun qiymətə birini tapdıq – onlar saat birdə oteldə olacaqlarına söz verdilər, amma saat 4-ə gəlib çıxdılar, məlum oldu ki, transfer bizim dalımızca birbaşa Madriddən göndərilib! Madriddə festivalda Ruslan çox dinamik bir səhnə düşündü, çoxları bunu video reportajımızda görüb: izdiham içində qaçıram və müxtəlif insanları, əsasən də qızları çəkilişə cəlb edirəm, Ruslan isə arxamca qaçır və çəkiliş edir. Bir dəfə mikrofonumun radio ötürücüsü qopdu və məftili bərkidənəcən çox əziyyət çəkdik.
Nədənsə əmin idim ki, heyvanların mühafizəsi haqqında bu qədər danışıldığı bir dövrdə öküz döyüşündə öküzlərin öldürülməsi çoxdan qadağan edilib. Ancaq ilk qanı görəndə əsl isteriya keçirdim. Ağlayırdım və ətrafdakılara qəzəblənmişdim – necə ola bilər ki, matador yaralı buğanı məğlub etdiyinə görə sevinsin!




Ruslan: Hava limanından otelə gəlirik, otağın pulunu ödəməyə hazırlaşıram və telefonumla pul qabımın olduğu çantanın təyyarədə qaldığını görürəm. Elə həmin taksi ilə hava limanına qayıtdıq. Orada çox az adam ingilis dilini başa düşür, birtəhər izah etdik məsələni... Bir sözlə, görürəm ki, xanım əlində nəinki çantamı, həm də unutduğum yastığı da gətirir.





Sziget Səidə Qorbunova

Bu il musiqi, mədəniyyət və incəsənət festivalında ən yadda qalan nə idi? Art street actors küçəsi. Yadımdadır ki, mənə foto çəkdirmək təklif olunduğunda mən cihazın oyuncaq olduğunu düşünmüşdüm. Ancaq birdən, təxminən bir dəqiqədən sonra mənə içində fotoşəklim və haqqımda məqalə olan bir qəzet uzatdılar. Çox maraqlı idi! Küçələrdə yoldan keçənlərin diqqətini çəkən gözlənilməz flaşmoblar kimi. Hər kəsi 10-15 dəqiqəlik əlil kimi hiss etdirə bilən XS Land Zone çox yadda qalıb – gözlər bağlı şəkildə əldə əsa ilə gəzmək, diz üstündə voleybol oynamaq, əlil arabasında hərəkət etmək... Çox təsiredici idi və hər kəsi düşündürmüşdü.
Adanı tərk etmək qərarına gəldikdə saat yarım növbədə dayanmalı olduq. Yadımdadır ki, kürəyim dəhşətli dərəcədə ağrayırdı...
Bəzi məzəli metamorfozları izləmək də çox gülməli idi. Məsələn, gün ərzində gənclər nəzakət və mədəni davranış nümunəsi idilər – heç bir pivə bankasını yerdə görə bilməzsiz, hamısı zibil qutularına atılırdı, lakin qaranlıq çökən kimi hər şey 180 dərəcə dəyişirdi: gənclər zibili diskotekada, rəqs meydançasının yanında oturduqları yerlərdə ayaqların altında atmağa özlərinə borc bilirdilər. Bəli, bəzən səfərdə məyusluqlar da olur!





Ruslan: adada olduğumuz üçün həm mədəni, həm də əsəb şoku yaşadıq. Hər şeyi mükəmməl şəkildə çəkdik, bundan zövq aldıq, amma sonra yorğun şəkildə taksi tutmaq istədikdə saat yarım növbəyə durmalı olduq! Adadan çıxmağın başqa bir yolu olmaması pis idi!

Monteneqro Gözəl Kəmalətdinova

İlk çəkiliş günü çox dolğun keçmişdi. Festivalın ərazisində sonuncu dj öz setini ifa etdikdən sonra biz dərhal çıxışa tərəf getdik və qarşımıza çıxan ilk taksiyə mindik. Sürücü bizi turistləri ədəbsizcə soyan həmkarlarından fərqli olaraq ən aşağı qiymətə aparacağına inandırdı. Sevincək və günün təəssüratlarından xoş yorğunluq hissi ilə yola çıxdıq. Bir kilometr belə getməmişdik ki, sayğac artıq 50 avro göstərirdi. Biz istər-istəməz əsəbləşdik: çünki yolumuz hələ uzun idi! Etirazlarımızı dinlədikdən sonra xeyirxah görünən sürücü bizə bir təklif etdi: rəhbərinə zəng vuracaq, deyəcək ki, biz onun dostlarıyıq, sayğacı söndürəcək və qiyməti öz aramızda razılaşacağıq. Zəng etdikdən sonra sayğacı söndürdü və sevincək yalnız 150 avro ödəməli olacağımızı bildirdi! Baxdım ki, Ruslan səs tonunu qaldırır və taksi sürücüsü ilə mübahisə etməyə başlayır... O and-aman etdi ki, bu çox gülünc məbləğdi, başqaları 300 avroya aparır! Ruslan 50 avro ödəməyimə israr etdi (öz pul qabısını səhər oteldə qoymuşdu). Mən çox yorğun idim, üstəlik əsəbiləşmişdim, buna görə otelə gedən yolu bulanıq xatırlayıram... Biz qaranlıq, tanımadığımız bir yolla gedirdik, taksi sürücüsü isə düzgün oyun aparmayan şübhəli biri kimi görünürdü. Ağlıma qorxulu düşüncələr gəlirdi, onlar maraqlı triller-qorxu filmi üçün çox yaxşı ssenari ola bilərdi... Kənardan qulaqucu mübahisəni eşidərək düşünürdüm ki, – "Hələ gəncəm, qarşıda məni o qədər gözəl şeylər gözləyir!.." Sonda qərar verdim ki, buna dəyməz və tələb olunan məbləği ödədim. Səhər isə resepşnda marşrutumuzun 25-30 avrodan çox olmadığını öyrəndim!
Həmin səfərdə bir çox maraqlı və şən sərgüzəştlər baş vermişdi, amma bu hekayə mənim ən sevdiyimdir, dinləyicilərdə həmişə çoxlu emosiyalara yaradır!





Ruslan: Mən orada çox gözəl, inanılmaz dənizə görə əziyyət çəkirdim... Mən bu sualtı səltənətə dalmaq istəyirdim! Ancaq işləməli idim və buna vaxt qalmırdı. Hətta ayaqlarımı belə suya sala bilmədim – sadəcə bu şəffaf mavi suya baxırdım və iztirab çəkirdim...

Oktoberfest Lana Sokolova


Yəqin ki, mənim hekayəm bu sözlərlə başlamalıdır: "Bir dəfə təsadüfən Münhendə idim". Açıq-aydın xatırlayıram ki, oturub bir neçə günlük harasa səfər etməyi düşünürdüm. Aviaşirkətlərin təkliflərini nəzərdən keçirirdim və qarşıma Roma, başqa harasa və Münhen çıxdı. "Bax ora gedərdim", – deyə öz-özümə düşündüm! Bunun üstündən bir gün keçir və mənə festivalı işıqlandırmaq üçün məhz bu şəhərə getməyim təklif olunur! Əlbəttə ki, bir sənət və ya musiqi festivalına səyahət mənə daha çox ilham verərdi. Amma bəxtimə pivə festivalı düşmüşdü. Tərəddüd etmədən razılaşdım və artıq təyyarə, otel və böyük bir pivə bokalı məni gözləyirdi!
Festivalın əyləncəli tədbirləri barədə artıq ətraflı danışmışam. Ancaq ən çox Münhenin özü yadımda qalıb. Almaniyanın Frankfurt və Düsseldorf şəhərlərində artıq olmuşdum, amma Bavariya vilayətinin Münhen şəhəri fərqli bir hekayədir! Çəkilişlərə ayrılan günlərdən sonra mən bu şəhərin küçələrində gəzmək, atmosferini, insanları hiss etmək üçün bir gün daha burada qaldım. Şəhərdə hüzur, nizam-intizam, təravət hökm sürürdü, hər bir guşəni möhtəşəm memarlıq abidələri gözəlləşdirirdi... Şəhərdə parkların çoxluğu müəyyən bir xarakter bəxş edirdi – mənim gözümdə bu şəhər son dərəcə cəlbedici idi! Harada olursa olsun, hətta yolüstü belə olsam fəaliyyətim səbəbi ilə müasir incəsənət və dizayn muzeylərini ziyarət etməyə çalışıram. Münhendə belə muzeylərlə dolu bütöv bir art-məhəllə var! Buradakı ekspozisiyalarda müxtəlif illərin sənət və dizayn nümunələri təqdim olunur. Həm də bu muzeylərin memarlığı mənə çox maraqlıdır. Məsələn, Brandhorst muzeyi: şaquli zolaqlı metal təbəqə üstündə yerləşdirilmiş 23 fərqli rəngdə 36 min keramika milləri ilə bəzədilib... Oktoberfest festivalını həm də Münhen kimi inanılmaz dərəcədə gözəl bir şəhərdə keçirildiyinə görə ziyarət etməyə dəyərdi. Səyahətdən ilham alaraq geri döndüm! Jurnala təşəkkür edirəm!





Ruslan: Festivalda hər kəsin çadıra giriş biletində iki litrlik pivə bokalı və yarım toyuq qeyd olunmuşdu. Təkcə birinci günü aparıcı ilə birlikdə biz üç çadırı ziyarət etməli idik. İndi bütün festival boyu neçə litr pulsuz pivə təklif olunduğunu hesablayın! Yaxşıdır ki, biz yerli əhali ilə müqayisədə bu içkinin o qədər də fanatı deyildik!

Milan Nigar Qəhrəmanova


Həmkarlarım sağlam həyat tərzinin tərəfdarı olduğumu və sağlam qidalanma prinsipinə əməl etdiyimi bilirlər: xəmir, şəkər və qazlı içəcəklərdən uzaq dururam. Milana səfərimdən əvvəl mənə kamera qarşısında "ləzzətli yemək" yeməli olduğum barədə xəbərdarlıq edilmişdi, çünki mənim yediyim kahı yarpaqlı salat tamaşaçılara maraqlı olmayacaq. Nəticədə çoxlu yemək sifariş edirdim və kamera qarşısında guya spagetti, kannoli və hətta dondurma yediyimi göstərirdim. Yeri gəlmişkən, videoda yediyim dondurmanın üstündən makarun qəsdən düşməyib. Bütün sözləri çaşmadan deyənə qədər haradasa 125 dubl çəkdik! Bu müddət ərzində dondurma təbii olaraq əriməyə başladı və nəticədə dondurmanı bəzəyən makarun üstündən düşdü! Ancaq bütün səyahət boyu deyinən Ruslan makarunun düşməsini mənfi qəbul etdi və buna görə də yeni dondurma almaq üçün qırx dəqiqə növbədə dayanmalı olduq... Pizzadan balaca tikə dişləyərək zövq aldığımı təsəvvür etmək daha da çətin idi: pizza çox isti idi və əlimi əyəndə üstündəki pendir boşqabımın içinə axırdı. Ruslan buna filosofcasına bildirdi ki, mən nəinki ləzzətlə yeməyi bacarmıram, həm də yemək belə məni saymır.
Milanda biz maestro Giorgio Armani-nin bahar-yay kolleksiyasını təqdim etdiyi nümayişinə qatıldıq. Nargis jurnalı həm də eyni binada keçirilən qapalı şam yeməyinə dəvət olunmuşdu. Ziyafəti çəkmək qəti qadağan idi, amma telefonla bir neçə foto çəkməyi bacardım. 350 nəfərlik möhtəşəm şam yeməyi, canlı italyan musiqisi və ən əsası moda dünyasının məşhur şəxsləri ilə ünsiyyət – bütün bunlar yaddaşımda həmişəlik qalacaq!





Ruslan: Milanda çox gözəl işıqlanması olan bir küçə tapdıq. Günəş yenicə batmağa başlamışdı və mən batan günəşin altında bir kadr çəkmək qərarına gəldim – çox gözəl bir bənövşəyi çalar alındı!.. Jurnalda dərc olunan kadr günəş batmazdan əvvəl çəkdiyimiz yüzlərlə kadrlardan biri idi.

Nurai Island Cəmilə Salam


Travel Blog üçün çəkiliş etmək düşündüyüm qədər asan deyilmiş. Birincisi, adaya gedib çıxmaq çox çətin idi: əvvəl maşınla, sonra isə qayıqla. İkincisi, festival şənliyi demək olar ki, gecə-gündüz davam edirdi: tamaşaçılar səhər saat 11-ə qədər uzadırdı, bütün günü hansısa tədbirlər keçirilirdi, dolğun proqram isə səhərə yaxın, saat dörddə bitirdi və belə hər gün davam edirdi! Heç bir əlamətdar hadisəni – məşhur dj-in çıxışını və ya rəqs şousunu qaçırmamaq üçün sözün əsl mənasında savaş şəraitində yaşamalı və işləməli idik. Ruslan birinci günü məni aparaturanı qorumaq üçün qoyub getdi və iki saat yoxa çıxdı. Telefonunun batareyası söndüyünə görə onunla əlaqə saxlaya bilmirdim. Çox soyuq idi, mən başqalarının köməyi ilə Ruslanın əşyalarını ən yaxın otelə apardım. O, bir neçə saatdan sonra gəlib çıxdı. Məni axtarırmış.
Bir dəfə də Ruslan hovuzdakı rəqqasələri çəkirdi, onları yaxın məsafədən çəkmək istəyəndə (yeri gəlmişkən, kadr çox əla alınmışdı) stabilizator təsadüfən hovuza düşdü. Ruslan onu qurutmaq üçün bütün oteldə fen axtarırdı, bilmirəm tapdı ya yox, amma ertəsi gün kamera həmişəki rejimində işləyirdi. Biz GoPro kamerasını özümüzlə bir tədbirə gizlicə keçirmək istəyirdik. Ruslan müxtəlif variantlar təklif etməyə başladı, mən isə onu bu fikrindən daşındırmağa çalışırdım – BƏƏ-nin çox sərt qanunları var, ən kiçik qanun pozuntusuna görə böyük cərimələr tətbiq olunur, hər yerdə video nəzarət var – niyə risk edək?
Bir dəfə hovuz kənarında bir dəqiqəlik səhnə çəkirdik – buna təxminən 20 dəqiqə vaxt sərf etdik! Sadəcə məni gülmək tutmuşdu: ağzımı açıb söz deyən kimi qəhqəhəyə boğulurdum. Nəticədə bu kadrları kəsməli olduq. İnanın, bu, artıq əsəb gülüşü idi – gecə saat 3-də, belə bir gərgin gündən sonra fikrimi toplamaq çətin idi!




Ruslan: Çəkilişləri bitirdikdən sonra, gecə saat 4-də taksi sürücülərinə yaxınlaşırıq və Abu Dabi Mall-a (otelimiz ticarət mərkəzinin yanında yerləşirdi) neçəyə aparacaqlarını soruşuruq. Biri 250 dollar, digəri 40 dollar deyir. Uber ilə sifariş verə bilmirik, çünki hamının telefonunun batareyası sönüb. Otelə çatırıq, taksi sürücüsünün çox baha qiymət istədiyini bildiririk. Menecer isə deyir: "O, bəlkə də səhv eşidib Dubai Mall başqa şəhərdə yerləşir.

Milad bayramı yarmarkaları Fidan və Ramin Əliyevlər


Bizə Milad bayramı yarmarkasında reportaj çəkmək tapşırıldı və biz Milad bayramı ərəfəsində gözəl bir bayram düşüncələri ilə Venaya gəldik. Otel Venanın mərkəzində yerləşirdi, yarmarkaya getmək üçün iki nəqliyyat vasitəsi dəyişdik. Daxil olmazdan əvvəl bir giriş videosu çəkdik: İndi hər şeyi sizə göstərəcəyik... Ancaq məlum oldu ki, bayram ərəfəsində şəhərdəki bütün yerlər, o cümlədən yarmarkalar bağlanır! Nəinki mağazalar və restoranlar, hətta apteklər belə bağlı olur. Bu sırf ailəvi, ev bayramıdır. Biz isə yerli bayram yeməklərini dadmağa, insanların arasında əylənməyə hazırlaşmışdıq! Qarşımıza çıxan yeganə açıq kafe mətbəxi bildiyimiz türk kafesi imiş!
Sonra Praqaya getdik. Praqada, şəhərin ən dar – Vinarna Çertovka dalanı yerləşir, eni cəmi 70 santimetr olan dalandan yalnız bir nəfər keçə bilir. Hətta bunun üçün svetofor belə qoyulub! Videoda belə bir məqam var, mən bu dalandan keçirəm və deyirəm: "yeganə insanam ki, bu dalandan iki nəfər olaraq keçirəm". Və bu doğru idi, o vaxt mən hamilə idim...



Ruslan: Venaya ilk səfərimdə balqabaq toxumu yağını dadmışdım və çox xoşuma gəlmişdi. Bu dəfə gəldiyimizdə otelimizin yaxınlığındakı mağazaya girdik – orada hər cür yağlar, həm də müxtəlif ləziz təamlar var idi. Oradan heç nə almadım, düşündümki sabah bayramda alaram... Ertəsi gün, səhər yüngül qəlyanaltı edərək Christmas bayramının əsl şənliklərini görmək ümidi ilə yarmarkaya yollandıq! Ancaq təəsüf ki, bütün müəssisələr və hətta yarmarkalar iki günlük bağlı idi – məgər venalılar bu bayramı evdə keçirirlərmiş. İki günün hamısını! İki gündən sonra, elə yola çıxdığımız gün hər şey açıldı. Avropada Christmas bayramı bax belə şən keçirmiş!

Maldiv adaları Leyla Sultanzadə


Yadımdadır ki, Ruslanla uzun sürən uçuşdan sonra təyyarənin pilləkanını düşə-düşə həvəslə tropik Maldivin mavi cənnətində üzmək xəyalını qururduq. Ancaq art-direktorumuz Elşən demişkən "tutta bella": sərhəddə bizi viza ilə bağlı qeyri-müəyyənlik səbəbi ilə iki saat saxladılar – Maldiv macəralarımız belə başladı. Onu da deyim ki, səkkiz saatlıq uçuşdan sonra sərt polad skamyada iki saat oturmaq çox çətin sınaq idi. Ancaq bu bizim dərdlərimizin başlanğıcı idi: nəhayət bizə içəri keçməyimizə icazə verildikdə baqajımızın itdiyini öyrəndik. Bizə pijama, gigiyena dəsti verdilər və gülümsəyərək gözəl istirahət arzuladılar. Ruslanla birlikdə hava limanından Ostap Bender və Kisa Vorobyaninovun auksion zalından ayrıldığı hisslərlə ayrıldıq. Çamadanlarda olan hər şey bir jurnalistin ehtiyacı olan şeylər idi: çəkiliş üçün avadanlıq, tropik tətil üçün geyim, ən nəhayəti antiperspirant! "Şef, hər şey getdi!" – içimdəki Lölik fəryad edirdi. Növbəti iki günü tək bir alt paltarı və bir şəffaf pareo ilə gəzmək məcburiyyətində qalmışdım. Allaha şükür baqaj tapıldı. Çəkilişləri lazımı qaydada etdik və mənim ayıbımdan xəbərsiz olan həmkarlarımın qaldığı adaya getdik. Bizi bütün ada yola salırdı, yaxşı yol arzulayırdılar... Görünür ki, ekvatora yaxın olan istəklər daha yavaş gerçəkləşir. Çünki geri dönərkən təyyarədə Ruslanın pulu oğurlandı və astagəl ərəblər nəyi necə etməli olduqlarını araşdırarkən təyyarəmiz qanadlarını açıb bizimlə vidalaşdı. Bu dəfə evə qayıtmaq üçün hava limanında 12 saat gözləməli olduq. Ancaq yenə də, bütün baş verənlərə baxmayaraq, bu unudulmaz səyahət idi! Video blog çarxı haradasa 30 min baxış və çox sayda şərh toplamışdı. Yəni hər şey sizin üçündür – əziz tamaşaçılar!



Ruslan: Nəhəng tranzit hava limanı – hara getməli olduğunu bilmirsən, çox fərqli çıxışlar var... Birdən başa düşdüm ki, yenə də, çantamı təyyarəyə qoymuşam, telefonum, pul qabım və pasportum da içindədir! Bir sözlə, növbəti təyyarəni bir gün gözlədik. Çantam tapıldı, amma içindən airpodsu götürmüşdülər, üstəlik pulum da əskik idi... Uzun müddət dayvinqlə məşğul olmuşam, buna görə sualtı çəkilişlərin əksəriyyətini özüm etmişdim. Kadrda nəhəng tısbağanı xatırlayırsınız? Adətən onlar sualtında mehriban olmurlar, amma o, qorxmadı və bizi yaxın buraxdı!

Mavi sahil Rübabə Rəsulova


Nargis jurnalında işə başlamazdan əvvəl də Travel Blog layihəsini maraqla izləyirdim və qəlbimin dərinliyində həmişə aparıcının yerində olmaq istəyirdim. Mənə elə gəlirdi ki, mən asanlıqla əla video reportaj hazırlaya bilərəm! Beləliklə, mənə blogger kimi özümü sınamaq və reportaj hazırlamaq təklif olundu, üstəlik ən sevdiyim Mavi sahildə! Ancaq kamera qarşısında danışmaq o qədər də asan deyilmiş. Mavi sahilə gələn kimi Nitsa şəhərinin ən görməli yerlərini çəkməyə başladıq. Siyahıda ilk olan İngilis sahil küçəsi həmişə olduğu kimi insanlarla dolu idi. Əl sallayırdılar, kadra baxırdılar, siqnal verirdilər... Yolu keçməli olduğum zaman isə nə edəcəyimi bilmirdim: kameraya danışım yoxsa maşın vurmasın deyə yolu izləyim. Ancaq bütün bunlar böyük ruh yüksəkliyi və pozitiv əhvalla edilirdi! Monako nağıl şəhəridir! Budur, Knyaz Sarayına qalxırıq, kameralar və mikrofonu çıxardırıq... Bu zaman polis yaxınlaşır və nəzakətlə nə etdiyimizi soruşur. Cavabı eşitdikdən sonra o dedi ki, Monako ərazisində çəkiliş aparmaq yalnız hökumət icazəsi ilə mümkündür. Bir dəqiqəlik fasilə... İndi nə olacaq?! Qaydaya əməl olunmaması, həbs qorxusu var. Ancaq bu bizi durdurmadı! Ağacların arxasında gizlənərək, özümüzü turist kimi qələmə verərək – onlara nədənsə çəkiliş etməyə icazə verilir – polisin getməsini güdərək çəkilişləri edirdik. Adrenalin qanımızda fışqırırdı! Ancaq biz bunu etdik! Və fikrimcə, çox yaxşı etdik! Əvəzolunmaz təcrübə idi. Mənə inandıqları və bu maraqlı layihədə iştirak etməyi təklif etdikləri üçün həmkarlarıma təşəkkür edirəm!





Ruslan: Nitsada işığın batareyasını itirdiyimi düşünmüşdüm və çox üzülmüşdüm. Hər dəfə nəsə itirirəm! Evə qayıtdım və tapdım. Bu səfərdə Matulya sayəsində heç bir şey itirmədim (kollektiv arasında Rübəbəni bu cür sevimli çağırırıq) – o, hər dəfə mənə xatırladırdı: unutmadın, götürdün?!


Love, NARGIS