NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

“Rock-n-roll”un ruhlu çiçək kimi uşaq

Bu şəkillərə baxanda Attikusdan bir sitat yada düşür: “Onun ruhu ürəyinin vəhşi yerlərində yaşayır, orada tapdığı musiqi sədaları altında titrəyir.” Sentyabr buraxılışı üçün onun ruhunun ritmi ilə bağlantı qurduq - siz də arzulara inanan və onların ardınca gedən gənc müğənni Aliyə Əliyeva ilə tanış olun.

Aliyənin hekayəsi

Həyat özünü ifadə etməkdən ibarətdir.

İnsanların özlərini ifadə etməsi üçün istifadə etdiyi ən məşhur yollardan biri tərzləridir. Müxtəlif parça birləşmələri bir şəxsin tərbiyəsi, mədəniyyəti və həyata baxışı haqqında çox şey deyə bilər. Mən müğənniyəm və cəmiyyətlə ilk növbədə musiqim vasitəsilə ünsiyyət qururam. Mən 12 yaşımdan bəri mahnı yazıram və festivallarda çıxış edirəm, bu yaxınlarda karyeramın 10 ili tamam olacaq. Son mahnım “Əlvida” bu günə qədər yaratdığım musiqilər arasında ən uğurlusudur və yaxın gələcək üçün planlarım Azərbaycanı “Eurovision”da təmsil etməkdir. Mənim üçün musiqim duyğularımın birbaşa ifadəsidir və harada olsam da, necə dəyişsəm də, musiqi həmişə mənim sadiq yoldaşım olaraq qalır.

Bakıda yaşayanda üslubum kifayət qədər sadə idi. Cins şalvar və adi bir paltar – o vaxtlar üçün gündəlik görünüşümün mükəmməl təsviridir. Mən tez-tez parlaq rəngləri yoxlamağa çalışırdım, məsələn, neon gödəkçə ilə, amma bu cür təcrübələr keçmişdə qaldı, çünki o vaxtlar mən "Amerikalı yeniyetmə" tərzi ilə maraqlanırdım. İsveçrədə “Aiglon College” adlı internat məktəbinə köçməyim mənə çox təsir etdi. Orada ilk dəfə həyata məndən fərqli, daha liberal baxışları olan beynəlxalq auditoriya ilə tanış oldum. Təhsilin ilk ili uyğunlaşma baxımından olduqca çətin idi, lakin zaman keçdikcə hər şey həmişə yaxşılaşır. Diqqət etdiyim bir şey – tərzimdəki qəfil dəyişiklik oldu. Yırtılmış cinslər klassik şortlara, idman ayaqqabıları isə yay "Loro"suna çevrildi.

Yeni dostlarımla nə qədər çox danışırdımsa, bir o qədər “klass” geyinmək istəyirdim. Bu üslub, günəşli İspaniyaya gələnə qədər, uzun bir müddət mənimlə qaldı. Kaliforniya Universiteti, Nyu York Universiteti və digər tanınmış universitetlər də daxil olmaqla ali təhsil müəssisələrindəndən çoxsaylı təkliflər aldıqdan sonra arzularımın arxasınca getmək qərarına gəldim və Berkli Musiqi Kollecində təhsilə başladım. Kollec şəhərciyi İspaniyanın Valensiya şəhərində idi, hansı ki, mən macərama buradan başlamaq qərarına gəlmişdim.

Orada mənim stilim enişli-yoxuşlu yoldan keçdi. Başa düşdüm ki, hər kəs istədiyini geyinir. Yenidən eksperimentlərə başladım. İş o yerə çatmişdı ki, universitetimizin yataqxanasının hamamında saçlarımı qayçı ilə kəsmək çox gözəl fikir kimi görünürdü. Buna baxmayaraq, oradan-buradan parçalar yığaraq özümə xas bir şey yaratmağı bacardım. Özüm də fərqində olmadan qarderobum yavaş-yavaş məni və xasiyyətimi əks etdirməyə başladı. Mən öz tərzimi heç bir estetikaya və ya janra uyğun saymazdım, çünki düşünürəm ki, mənim qarderobumda hər tərz geyim var. Hal-hazırda mən “crop top” və düymələri açıq köynək ilə cins şalvar geyinməyə üstünlük verirəm. Bu görünüşün ideal tamamlayıcısı saç düzümü və gözəl daş-qaş ola bilər. Axşam üçün isə hər zaman dar donla görünüşünüzə fərqlilik qata bilərsiniz.

ÜZÜNÜZDƏ TƏBƏSSÜM VƏ XOŞBƏXTLİK OLMADAN PALTAR TAMAMLANA BİLMƏZ.

  •  
  •  
  •  
/

MƏKANLA TƏMİNATA GÖRƏ AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASINA XÜSUSİ TƏŞƏKKÜRLƏR.