NARGIS
Ru En
NARGIS MAGAZINE
İNCƏSƏNƏT

TOXUNULAN SƏNƏT: AZƏRBAYCAN XALÇA MUZEYİNDƏ YENİ LAYİHƏ

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı nəticələr bizi məyus etdi: 2020-ci ilə qədər Yer üzündə 75 milyon kor və zəif görən insan olacaq. Bunun səbəbi ekologiya ilə bərabər qadjetlər və onlarla birlikdə göz gərginliyinin artmasıdır. Təşkilat hətta “Vision 2020: Görmə hüququ” adlı qlobal bir proqram hazırlayıb və hər kəsi görmə qabiliyyəti pisləşmədən əvvəl profilaktik tədbirlər görməyə çağırır. 

Təəssüf ki, dünyada artıq 39 milyon insan korluqdan əziyyət çəkir, bunlardan 50 000-i  Azərbaycandadır. Biz bu insanlara gördüklərimizi izah edə bilmərik, ancaq eyni şeyi barmaqlarının ucu ilə görməyə kömək edə bilərik. Azərbaycan Milli Xalça Muzeyində əlil arabasında maneəsiz hərəkət etmək üçün bütün lazımi şərait yaradılıb, 2019-cu ilin əvvəlindən bəri muzeyin birinci mərtəbəsində təqdim olunan eksponatlarla taktil toxunma vasitəsilə tanış olmaq mümkündür, bu eksponatlar Azərbaycan və rus dillərində audioyazı və universal nöqtə-relyefli Brayl şrifti ilə yazılarla müşayiət olunur. Bu il Xalça Muzeyi Azərbaycanda ilk inklüziv muzey oldu və Beynəlxalq gözdən əlillər günü ərəfəsində Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən "Sərhədsiz Muzey" adlı yeni sosial layihəyə start verdi. Layihə çərçivəsində muzeyin ənənəvi texnologiya şöbəsinin toxucuları daimi kolleksiyanın onlarla xovlu və xovsuz miniatür xalça nümunələrini hazırlayıblar və artıq bu nümunələrlə ikinci mərtəbədə taktil (toxunma) üsulu ilə tanış olmaq olar. Bu təşəbbüs görmə qabiliyyəti məhdud insanlara müxtəlif Azərbaycan xalçalarının xüsusiyyətlərini hiss etməyə, onların relyefli ornamentlərini "görməyə" və zamanla itirilmiş amma bu gün bərpa olunmuş xovsuz toxuculuq texnikalarını qiymətləndirməyə imkan verəcək. Hər bir nümunə nöqtəli Brayl şrifti ilə Azərbaycan və ingilis dillərində təqdim olunur. 

Muzey işçiləri uşaqlar və fiziki imkanları məhdud şəxslər üçün master-klasslar keçirirlər. Hər hansı bir yaradıcı fəaliyyətdə olduğu kimi, bu dərslər də effektiv art-terapiya kimi xidmət edir – onların sayəsində görmə qabiliyyəti olmayan və zəif görən insanlar, o cümlədən balaca uşaqlar ətraf mühitin yeni obyektlərini kəşf edə bilirlər. Onların ətraf mühit və insanın imkanları haqqında təsəvvürləri genişlənir – yeni üfüqlər açılır, yeni duyğular oyanır. Bu müstəsna bir təcrübədir.

Açılışda bu günlərdə Bakıda xüsusi təlim keçirən Ermitaj muzeyinin restavrasiya şöbəsinin müdiri İqor Karloviç Malkiel iştirak etmişdir. Artıq on ildən çoxdur ki, Ermitajda "Keçmiş barmaqların ucunda" proqramı fəaliyyət göstərir, dünyanı toxunaraq hiss edən insanlar üçün arxeoloji eksponatların mulyajı hazırlanmışdır. Amma toxuculuq kolleksiyasının nüsxələrini hazırlamaq hətta Ermitaj nümayəndəsini təəccübləndirən bənzərsiz bir təşəbbüsdür. 

Azərbaycan Milli Xalça Muzeyi itirilmiş toxuculuq texnikalarını əzmlə bərpa etməyə və kolleksiyanı həm böyükləri, həm də uşaqları sevindirəcək yeni toxuculuq nüsxələri ilə doldurmağa davam edir.