NARGIS
Ru En
NARGIS MAGAZINE
Redaktorla Müsahibə

KİŞİ VƏ QADIN: YARIM ƏSR SONRA

O, Jak Deminin filmində Lolanı – pozğun aristokrat qadını oynayıb, lakin tamaşaçılar onu daha çox Klod Leluşun "Kişi və Qadın" filmindəki Anna Qotye obrazı ilə xatırlayırlar. Və budur, indi fransız kinosunun ikonu Anuk Eme 87 yaşında 2019-cu ildə çəkilmiş "Həyatın ən yaxşı illəri" filmi ilə ekranlara qayıdır. Klod Leluş bu filmdə "Kişi və Qadın"ın qəhrəmanları ilə 53 il sonra nə baş verdiyini göstərir.

Anna Qotye sizi nə ilə cəlb etdi ki, siz bu obraza qayıtmağa qərar verdiniz?

"Kişi və Qadın" filmi Kann Film Festivalında Qızıl Palma Budağı mükafatı ilə təltif olunduqdan sonra bu filmin 53 il ötdükdən sonra çəkilişlərinə davam etmək, bəlkə də, həyatımdakı ən böyük macəra oldu. Hələ də nə olduğunu anlamadım, amma şübhəsiz ki, bu gözəl bir şey idi. Hərçənd həyatımda bir çox sərgüzəştlər, gözəl görüşlər, xarizmatik kişilər olub... Klod mənə yeni filmində çəkilməyi təklif etdikdə, mən ondan heç nə soruşmadım, sadəcə "Hə!" cavabını verdim. Mənim üçün o bir ailədir, onun üçün ən kiçik rollara çəkilməyə belə hazıram. Bundan başqa, mən Anna Qotye obrazına aşiq idim və əgər qəhrəmanını sevirsənsə, o zaman onun başına nə gəldiyini bilmək istəyirsən... 1966-cı ildə keçirilən premyeramızı, ardından da çoxsaylı mükafatlandırma mərasimlərini hələ də xatırlayıram. "Qızıl Qlobus", "Oskar" – bunlar füsunkar, unudulmaz anlar idi... Yadımdadır, filmimiz "Oskar" mükafatında qalib elan olunanda salonu alqışlar bürümüşdü. Klodun üzündə böyük sevinc hissi gördüm... Çox təsirləndirici bir səhnə idi – gənc oğlan, utanaraq gurultulu kütlənin qarşısında dayanmışdı. Mənə elə gəlir ki, bu cür gurultunu bir tək Spilberqin "Yadplanetli" fiminin mükafatlandırılmasında görmüşdüm! Ancaq çəkilişləri xatırlayanda, istər-istəməz taleyin absurdluğuna gülmək istəyirəm. Klod bu kiçik filmə öz pulunu yatırdı və əgər aqibəti uğursuz olsaydı, bu sahəni tərk edib başqa peşə axtaracağına and içmişdi. Buna görə də o, bu film üzərində elə çalışırdı ki, sanki sonuncu filmidir. Hər şeyi sonuncu dəfə etdiyində əlindən gələni əsirgəmirsən – axı itirəcəyin başqa bir şey yoxdur! Ssenarini özü yazdı, filminin rejissoru, prodüseri, operatoru və montajçısı da özü oldu. Jan-Lui o zamanlar artıq məşhur bir aktyor idi, xüsusilə Roje Vadim ilə işlədikdən sonra. Məni Federiko Fellininin filmlərindən tanıyırdılar, amma hər gün çəkilişlərə gəldiyimdə makiyajımı özüm etməliydim. Bütün heyət üçün təkcə bir stilistimiz var idi, o nəinki hamı üçün kostyum seçirdi, həm də aktyorların saç düzümünü edirdi.

"Kişi və Qadın" filmində qadını görmək üçün kişinin qatarın arxasınca qaçdığı səhnə məni həmişə heyran edib. Həmişə belə bir kişi ilə qarşılaşmaq istəyirdim. Dünyada belə biriləri varmı?

"Kişi və Qadın" filminin süjeti Klodun ağlına bir dəfə səhər tezdən Normandiyada, Dovil çimərliyində iti olan bir qadınla rastlaşdığında gəlib. Onun obrazı uzun müddət Klodun ağlından çıxmayıb. O, tez-tələsik Parisə qayıdır ki, öz təəssüratlarını kağıza köçürsün. Klod həmişə real həyatdan ilham alaraq ssenarilər yazırdı. Və qadınla görüşmək üçün həyatını riskə atan adam, Klodun özü idi. Amma həmin qadın mən və ya Normandiyadakı naməlum xanım deyildi, tamamilə başqa bir qadın idi. Bunu dəqiq bilirəm, baxmayaraq ki, Klod şəxsi hekayələrini bölüşməyi xoşlamırdı.

Necə düşünürsünüz, belə sevgi necə yaranır?

Belə sevgi üçün cəsarət lazımdır. Anna üç söz yazaraq Jan-Luiyə teleqram göndərir: "Mən səni sevirəm". O dövrdə belə bir addım sonradan özü-özlüyündə onların həyatını dəyişən cəsarət aktı idi. Ən çətini bu addımı atmaq idi, amma bu addım atılıbsa, həyat dərhal mənalı olmağa başlayır. Ancaq cəsarətlə yanaşı insanlar həm də emosional ziyalılığa sahib olmalıdırlar. İz qoyan görüşlər yalnız stereotiplərdən kənarda yaşayan və həssaslığı inkişaf olunmuş insanlarla baş verə bilər. Klodun əsl kişi hisslərini utanmadan göstərməsi çox xoşuma gəldi. Teleqramı aldıqdan sonra Jan-Lui maşınla yol gedir və sevgilisi ilə çox açıq xəyali bir dialoq aparır. Kişilər nadir hallarda bu cür düşüncələrini ucadan səsləndirirlər, buna görə, bunu bizə göstərdiyinə görə Kloda təşəkkür edirəm. Kino qeyri-adi bacarığa malikdir: filmlərə baxdıqda, digər insanların xatirələrini mənimsəyirik, elə bilirik ki, gördüklərimiz bizim başımıza gəlib. Anna və Jan-Luinin sevgisi həqiqətən sevginin nə olduğunu başa düşən və yoluna çıxan hər bir şeyi yaşamağa hazır olan hər kəsin sevgisinə çevrildi.

Anna və Jan-Luinin yenidən görüşmə səhnəsi çox təsirləndiricidir. Çəkiliş tərəfdaşınızı illər sonra gördükdə nələr hiss etdiniz?

Filmlərə çəkiləndə mən heç vaxt heç nəyi təhlil etmirəm – yalnız o anı gerçək həyat kimi yaşayıram. Biz Jan-Lui ilə o ana qərq olduq və hadisələrin öz-özünə baş verməsinə izn verdik. Bu sehrli bir şey idi... Əvvəlki Jan-Lui qeyri-adi bir personaj idi: istedadlı, poetik, çılğın, yaraşıqlı və olduqca həssas. Mənim həmişə belə kişilər xoşuma gəlib. Biz reallıqda heç vaxt yaxın olmamışıq, amma Jan-Lui həmişə mənim həyatımda vacib yer tutub. Düşünürəm ki, o da mənim üçün eyni şeyi hiss edib və "Kişi və Qadın" filmi bizi əbədi olaraq bir-birimizə bağlayıb. Yeni filmdə o mənə deyir: "Biz təxminən eyni yaşdayıq, amma nədənsə mənə elə gəlir ki, siz məndən iyirmi yaş kiçiksiniz", mən isə cavab verirəm: "İnsanlarda bu təsiredici təravət və sadəlövhlük xoşuma gəlir, xüsusən də, orta yaşlarda olduqda". Bu görüş bir dublda çəkildi. Hələ gənc olanlar üçün həyat haqqında danışmaq çətindir. Ancaq kifayət qədər yaşamısınızsa, o zaman həyatla bağlı söhbətlər öz-özünə yaranır. Yeni filmdə Jan-Lui yaddaşını itirir, bütün görüşlərindən sadəcə birini – bir vaxtlar sevdiyi qadınla olan görüşünü xatırlayır. Klod bu hadisəni kimdənsə eşitmişdi: insanlar yaddaşını itirəndə, xüsusən yaşlı vaxtda, xatirələr həyatın ən vacib tərəfi sayıldığında. Onun bir qadın dostu var idi. O artıq həyatda deyil, ancaq ölümündən əvvəl oxşar hadisə onun başına gəlmişdi...

İndiki film "Həyatın ən yaxşı illəri" adlanır. Bəs sizin üçün həyatınızın hansı dönəmi ən yaxşı vaxt sayılır?

Bu gün, indi! Mənim həmişə bəxtim çox gətirib və həyat hələ də məni sevindirməyə davam edir. Bir düşünün, 87 yaşında Kann Film Festivalına, filmimin premyerasına gəlmişəm! Xoşbəxt və minnətdar olmaqdan başqa bir şey qalmır. Əlbəttə, mənim həyatımda da hər kəsdə olduğu kimi başqa vacib xoşbəxt anlar vardı... Bu film 1966-cı ildə baş verən və iz buraxan hekayəni davam etdirir. Söhbət bəzən baş verən və ömürlük xatirələrdə qalan görüşlərdən gedir. Klod yeni filmi çox tez, cəmi 13 günə çəkdi. Ssenari, həmişəki kimi qısa idi, rejissor əsas ideyanı aktyorlara çatdırmağı və bizə improvizasiya etmək imkanı yaratmağı üstün tutdu. Əlli il əvvəl olduğu kimi, biz heç bir məşq etmədik: görüşdük və dərhal çəkilişlər başladı. Yeri gəlmişkən, ilk səhnədə bizim uşaqlarımız görüşür – Anna və Jan-Luinin övladları, ilk filmdə tamaşaçı onları çox kiçik görmüşdü.

Həqiqətən, partnyorunuzdan iyirmi yaş daha gənc görünürsünüz. Gəncliyinizin sirri nədir?

Makiyaj və yaxşı bir operator. Məncə, ekrandakı bütün gözəl aktrisaların sirri budur. Və ya bəlkə göydə kimsə məni sevir və qoruyur. Mən heç vaxt iddialı və ya şöhrətpərəst olmamışam, karyera qurmağa çalışmamışam, daha çox özümə ideya, hadisələrin gedişatı ilə maraqlanmağa imkan vermişəm. Əvvəllər kino film-ulduzları ətraflarında çoxlu sirlərlə dolu mistik bir şey kimi görünürdülər. Bu gün artıq ulduzlar yoxdur – hamısını texnologiyalar yox etdi. Özümü heç vaxt ulduz kimi deyil, bəxti gətirən və həyatını istədiyi kimi yaşayan bir qadın kimi hiss etmişəm. İstədiyini etmək isə – əsl lüksdur! Həmişə filmləri özüm seçməyə çalışmışam. Bu gün belə 53 il sonra əvvəlki roluna qayıtmaq nəsib olan yeganə aktrisayam. Bütün ömrüm boyu gördüyüm işlərdən yalnız zövq almışam.

Bu gün peşman olduğunuz bir şey varmı?

İştirak etdiyim filmlərin sayına, işlədiyim insanlara baxanda peşman olacağım bir şey yoxdur... Bəlkə də həmişə düzgün seçim etməmişəm. Məsələn, Robert Altmanın "Yüksək moda" filmində çəkilmək istəmirdim, sadəcə o vaxtı mənə pul lazım idi. Bax buna görə peşmanam... "Hə" deməli olduğum başqa layihələr də var idi, amma demədim. Məsələn, "Tomas Kraunun fırıldağı" filmində çəkilməkdən imtina etdim və mənim rolumu Fey Danauey ifa etdi, amma bu rol sırf mənim üçün yazılmışdı. Lakin o zamanlar mənə bir çox rollar təklif olunurdu, çox tələbat var idi mənə. Prodüserlər məni bu filmdə oynamağa dilə tutmaq üçün bir neçə dəfə Parisə gəldilər. Baş qəhrəmanı isə aktyor Stiv MakKuin canlandırdı – o da ikinci seçim idi, prodüserlər bu rola Şon Konnerini düşünürdülər. Yeri gəlmişkən, o da sonradan imtina etdiyi üçün çox peşman olduğunu etiraf etmişdi.

Siz filmlərə olduqca tez çəkilməyə başlamısınız, ancaq sizin haqqınızda iyirmi ildən sonra danışılmağa başladı...

Düzdür, əsl uğuru 1950-ci illərin sonlarında, "Montparnas aşiqləri" filmindən sonra qazandım. Jerar Filip bu filmdə rəssam Modilyanini, mən isə onun gənc sevgilisini oynamışdım. Elə o zaman Federiko Fellini məni gördü və "Şirin həyat" və "Səkkiz yarım" filmlərinə çəkdi. "Şirin həyat" filmi işıq üzü görəndə avtomobillərdə hələ də "quyruq üzgəcləri" var idi, toppuş qadınlara üstünlük verirdilər, kişilər də bu barədə açıq şəkildə heyranlıqlarını ifadə edirdilər. Bu gün həm hisslər, həm də formalar yumşaq desək incə olub... Fellini dahi bir rejissor idi, müəllif filmləri çəkirdi və olduqca böyük vəsaitlər xərcləyirdi, o dövrdə belə vəsaitlərə blokbasterlər çəkilirdi. Öz dünyasını, ən çılğın və tutqulu ideyalarla dolu mikrokosmosu yaratmaq üçün buna ehtiyacı var idi. İtaliyada ona sitayiş edirdilər, buna görə də onun çılğınlıqlarına anlayışla yanaşırdılar. Nəhayətində o, İtaliya kinosuna şöhrət qazandırıb!

14 yaşında ilk rolunuzu oynamısınız. Necə oldu ki, çəkiliş meydançasına gəldiniz?

Bu, 1946-cı ildə və olduqca adi şəkildə baş verdi. Parisin səkkizinci dairəsində yerləşən Kolizey küçəsi ilə gedirdim, bir kişi mənə yaxınlaşdı və filmdə oynamağa dəvət etdi. Sonradan bildim ki, bu kişinin adı Anri Kalef imiş. Çəkildiyim "Dənizdəki evlər" filminin rejissoru idi, həmin filmdə Anuk adında rolu ifa etmişdim. O zamanlar filmlərdə oynamaq planım yox idi, həmişə rəqqasə olmaq istəyirdim. Həmin vaxtı anam yanımda idi və biz kinoteatra rejissor Billi Uaylderin, baş rolda Fred MakMürer və Barbara Stenvikin oynadığı "İkiqat sığorta" filmini izləməyə gedirdik. Yadımdadır, anam dedi ki, rəqqasə üçün səhnə təcrübəsi də vacibdir. Beləliklə, filmdə debüt çıxışım oldu. Təkrar edirəm, həmişə yaxşı insanlarla bəxtim gətirib. Təsəvvür edin: gənc, heç kimin tanımadığı qızcığaz – və dərhal məşhur rejissorun filmində çəkilir. Tamamilə şans! Yeri gəlmişkən, Eme soyadıma görə Marsel Karnenin "Çiçəklənən yaşda" filminin ssenarisini yazan, ancaq təəssüf ki, tamamlanmayan Jak Preverə borcluyam. Əvvəlcə ilk filmdən sonra hamı məni sadəcə Anuk çağırırdı. Lakin Prever dedi: "Sən həmişə Anuk kimi qala bilməzsən. Təsəvvür et ki, qırx yaşın var, səni hələ də Anuk çağırırlar! Sənə ikinci ad lazımdır". Qırx yaşında olacağım fikri o dövrdə mənim üçün tamamilə abstrakt idi, bundan başqa, o filmdə aktrisa Arletti oynayırdı, onun qırx yaşı var idi və buna baxmayaraq hamı onu adı ilə çağırırdı. Ancaq onunla mübahisə etmədim, ümumiyyətlə, rejissorlarla nadir hallarda mübahisə edirdim. Ətrafımdakı bütün böyüklər məni mehribancasına aimée çağırmağa başladı - beləliklə, mən Nikol Dreyfusdan Anuk Emeyə çevrildim.

Gözəl addır, ancaq bu adda intim notların olması sizi narahat etmirdi?

Heç vaxt. Həmişə sevilmək, bəyənilmək və diqqət mərkəzində olmaq mənim xoşuma gəlib. Və məni bu cür cəlbetmək asan idi...