NARGIS
Az En
NARGIS MAGAZINE
Культура

Uşaq İncəsənət Festivalı

Uşaq İncəsənət Festivalı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təsis edilir. Festival Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Festivalın keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir. Festivalın keçirilməsinin əsas vəzifələri uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədiiestetik zövqünün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Festivalda iştirak 2 formada həyata keçirilir: fərdi və kollektiv. Festivalda fərdi iştirak üzrə 6-17 yaş arası uşaqlar peşəkar (seçdiyi nominasiyaya uyğun təhsili olan) və həvəskar (seçdiyi nominasiyaya uyğun təhsili olmayan) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edirlər. Festivalda kollektiv iştirak üzrə 6-17 yaş arası uşaqlar üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edirlər. Kollektivin bu yaş qrupundan birinə aid edilməsi aşağıdakı qaydada aparılır:


Kollektivin iştirakçılarının əksəriyyətinin müəyyən yaş qrupuna aid edildiyi halda kollektiv həmin yaş qrupuna aid edilir. Misal: Bir kollektivdə 6 nəfər var, onlardan 4 nəfəri 10-13 yaş aralığında, 2 nəfəri isə 6-9 yaş aralığındadır. Belə halda kollektiv 10- 13 yaş kateqoriyasına aid edilir;
Kollektivin iştirakçılarının fərqli yaş qruplarına eyni sayda aid olduğu halda kollektiv onlar arasında ən yuxarı yaş qrupuna aid edilir. Misal: Bir kollektivdə 10 nəfər var, onlardan 5 nəfəri 14-17 yaş aralığında, 5 nəfəri isə 10-13 yaş aralığındadır. Belə halda kollektiv 14-17 yaş kateqoriyasına aid edilir.

Festivalda iştirak üçün yaş həddi festivalın qeydiyyat müddətinin son gününə uyğun hesablanır. Hər iştirak formasına uyğun aşağıda qeyd olunan nominasiyalar mövcuddur:


Fərdi iştirak üçün nominasiyalar: Piano ifaçılığı; Klassik simli alətlər ifaçılığı; Klassik nəfəs alətləri ifaçılığı; Azərbaycan xalq çalğı alətləri ifaçılığı; Akademik vokal; Estrada oxuma; Xanəndəlik sənəti; Aşıq sənəti; Caz ifaçılığı; Solo milli rəqs; Solo müasir rəqs; Aktyorluq; Bədii qiraət; Hekayəçilik (stand- up); Dekorativ - tətbiqi sənət; Rəssamlıq; Heykəltaraşlıq; Rəqəmsal incəsənət – (videoqraf, fotoqraf, müxtəlif komputer proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);

Kollektiv iştirak üçün nominasiyalar: Xor; Caz ifaçılığı; Milli rəqs ansamblı; Müasir rəqs ansamblı;

Kollektiv iştirak halında nominasiyalar üzrə aşağıda göstərilən say aralığında iştirakçıların qeydiyyatı həyata keçirilə bilər:
Xor nominasiyası üzrə 12-20 nəfər;
Caz ifaçılığı nominasiyası üzrə 3-5 nəfər;
Milli rəqs ansamblı nominasiyası üzrə 4-20 nəfər;
Müasir rəqs ansamblı nominasiyası üzrə 4-20 nəfər.

Festivalda iştirak üçün qeydiyyat www.uif.az internet portalı vasitəsilə aparılır. Fərdi iştirakçılar üçün qeydiyyat iştirakçının valideyni və ya qanuni nümayəndəsi tərəfindən, kollektiv iştirakçılar üçün isə kollektivin 18 yaşa çatmış rəhbəri tərəfindən həyata keçirilir. Kollektiv rəhbəri yalnız 1 kollektivi qeydiyyatdan keçirə bilər. Festival iştirakçısı yalnız 1 dəfə fərd olaraq və 1 dəfə də kollektiv daxilində qeydiyyatdan keçə bilər. Doldurulmuş və imzalanmış iştirakçı vərəqələri təşkilatçıların xüsusi ayrılmış nümayəndələrinə təqdim olunduğu halda, qeydiyyat bu nümayəndələr tərəfindən aparıla bilər. Qeydiyyat prosesində həm iştirakçıların, həm də qeydiyyatı həyata keçirən şəxslərin şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də digər zəruri məlumatlar təqdim olunmalıdır. İştirakçı vərəqəsindəki məlumatların tam və düzgün olması ilə bağlı məsuliyyəti onları təqdim edən şəxs daşıyır. Məlumatları düzgün təqdim edilməyən iştirakçılar festivaldan kənarlaşdırılır.

Festival üç mərhələdən ibarətdir:

Festivalın I mərhələsi 2023-cü ilin aprel-iyun ayında keçirilir. I mərhələdə qalib olmuş iştirakçılar festivalın II mərhələsində iştirak etmək hüququ qazanırlar.

Festivalın II mərhələsi 2023-cü ilin iyun-avqust ayında keçirilir. Bu mərhələdə qalib olmuş iştirakçılar final mərhələsində iştirak etmək hüququ qazanırlar. Festivalın final mərhələsi Bakı şəhərində 2023-cü il sentyabr ayında keçiriləcək.

Final mərhələsinin keçirilmə yeri, tarixi və vaxtı barədə məlumatlar festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunur. Festivalın keçirilmə tarixləri rəsmi internet informasiya ehtiyatı və kütləvi informasiya vasitələrində elan olunmaq şərtilə festivalın gedişinə uyğun dəyişdirilə bilər.

Festivalda iştirak etmək istəyən xarici vətəndaşlar [email protected] e-mail ünvanına müraciət edə bilər. Müraciətin mövzu hissəsində "Xarici vətəndaş" sözü qeyd olunmalıdır. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən ediləcəkdir. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcəkdir.

Festivalın Katibliyinin əlaqə vasitələri:
Tel.: 147
Mob./ WhatsApp: (+99450) 288-0147
E-mail: [email protected]