NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

She's Next | Нигяр Абдуллаева

Bir müddət korporativ mühitdə çalışdıqdan sonra, Nigar Abdullayeva anladı ki, onun fərdi qaydada özünüifadə imkanları müəyyən çərçivələrlə məhdudlaşıb, buna görə də fəaliyyət sahəsi dəyişdi və artıq 2014-cü ildə “The Ginger Style” layfstayl bloqunu, daha sonra isə qızı Amelidən ilhamlanaraq, “Alive” paltar brendini yaratdı.
Azərbaycanda “She’s Next” qlobal təşəbbüsü çərçivəsində Nigar Abdullayeva şəxsi biznesin uğurla inkişaf etdirilməsi üçün lazım olan bacarıqlardan və qadının gücünün nədən ibarət olması barədə söz açdı.


Şəxsi brendinizin yaranmasına qədər hansı iş təcrübəsinə malik idiniz?
Mən 18 yaşımdan çalışıram. Hər şey xüsusi məktəbdə ingilis dili tədrisindən başladı. Daha sonra özümü korporativ mühitdə yoxlamaq istədim. Bir müddət sonra isə yenə də axtarışa başladım, öz yaradıcı varlığımı ifadə etmək istəyirdim. Mənə elə gəlir ki, korporativ mühit insanı müəyyən çərçivəyə salır və sən öz potensialını tam reallaşdıra bilmirsən. “Ginger Style” bloqu təqribən 2014-cü ildə yarandı. Mən fotoqrafla çalışırdım, bizim maraqlı layihələrimiz var idi. Əməkdaşlıq ödənişsiz əsaslarla baş verirdi, entuziazm üzərində qurulmuşdu. Daha sonra maraq artdı, bu sahədə irəliləmək istədim və mən tədricən bloqumu ödənişli etməyə başladım.

Bloqun işə salınması ideyasına necə gəldiniz?
İşə başlamazdan əvvəl özümə sual verdim: “Bunun üçün sən hansı bacarıqlara maliksən?” Və ilk ağlıma gələn uşaqlığım oldu. Mən uşaqlıqdan yazmağı sevirəm və hətta gəlinciklərini sevməyən rəhimsiz qız haqqında ilk hekayəmi xatırlayıram. Sonra anladım ki, fotoşəkil çəkmək və kamera qarşısında dayanmağı xoşlayıram. Dərk etdim ki, mən dünya ilə lazımi informasiyanı bölüşərək faydalı ola bilərəm. Mən öz istiqamətimi bunun layfstayl-bloq olduğunu anlayana qədər axtardım. Bunu dərhal anlamırsan. Bazarı öyrənmək və auditoriyanın tələbatını öyrənmək üçün zaman lazımdır. Bundan əlavə, mən ünsiyyətdə olmağı sevirəm və mənim çox sayda dostum var. Əvvəlcə elə təsəvvür yaranırdı ki, öz auditoriyana, yəni sənə bənzər insanlara malik olmaq çox vacibdir. Lakin indi bu qənaətə gəlirəm ki, məhdudiyyətlər tətbiq etmək olmaz, axı bütün insanlar fərqlidirlər və müxtəlif auditoriya üçün maraqlı olmaq lazımdır.

Bloqerlərin sayı çoxdur, o cümlədən, kontent də. Öz yerini necə tapmaq olar?
Öz yerin mövzusunda tendensiyalar ildən-ilə dəyişir. Mənə elə gəlir ki, dəbin hökmünə əməl etməyə dəyməz, bəyəndiyin şeyi etmək, öz sahəndə ekspert olmaq lazımdır. İnsanların etibarını ancaq belə qazanmaq olar. Auditoriya ilə kontaktda olmaq vacibdir. Mən bloq mövzusu olaraq layfstaylı seçdim, çünki nativ reklamı çox yaxşı bacarıram. Mən kifayət qədər doğrucul və dərin insanam, yaşamağı, təcrübədən keçirməyi, daha sonra isə abunəçilərimlə bunu bölüşməyi sevirəm. Bloqumu oxuyanların sayı 10 minə çatdıqdan sonra anladım ki, əlavə gəlir mənbəyinin zamanı yetişib.

Bloqun yaradılmasında Sizə kim yardım edib?
İlkin mərhələdə tanış fotoqraf yardım edirdi. O, həmin vaxt əməkdaşlıq etdiyim müxtəlif brendlərin çəkiliş proseslərində iştirak edirdi. Amma yolun başlanğıcında olduğu kimi indi də bloqu özüm aparıram. Mən hələ səhifəmi idarə edəcək insanı işə götürmək mərhələsinə çatmamışam. Mənə elə gəlir ki, bu müəyyən mənada şəxsi bir şeydir, bunu başqa insan sadəcə hiss edə bilməyəcək. Bloqu fəal aparmağa uşağın dünyaya gəlməsindən sonra başladım. O zaman mən ətalətə qərq olmuşdum və bloq mənə bundan çıxmağa yardım edirdi. Akkaunt müxtəlif istiqamətlərdə inkişaf edirdi. Əvvəlcə mən uşaqlara süd verməkdən yazırdım, tədricən bu, auditoriyamın gənc analar olmasına gətirib çıxardı. Bu qadınların həyatını daha komfortlu etmək istəyirdim ki, onlar uşaqlarını ictimai yerlərdə yedizdirə bilsinlər. Beləcə biznes-ideya yarandı: körpə uşaqları yedizdirən analar üçün önlüklər meydana gəldi. Bundan sonra mən analar və uşaqlara paltar brendinin yaradılması üçün bütün risk və potensial imkanları qiymətləndirməsinə cəhd göstərdim. Bu, riskli idi, amma beləcə “Alive” əmələ gəldi.

Öz işinizi təşkil etmək üçün mütəxəssislərə müraciət etmişdiniz? Maliyyə, hüquqi məsələlər üzrə məsləhətləşirdiniz?
Biznes-konsultant məni istiqamətləndirdi və mənim biznes düşüncəmi genişləndirdi. Məlumat topladım və anladım ki, bizdə ən böyük problemlərdən biri yaxşı dərzi tapmaqdır. Onlar həmişə keyfiyyətli iş görmürlər, buna görə də çox sayda problem və çətinliklər yaranır. Mənim də dərzi ilə bağlı uğursuzluğum olub. O zaman mən vəziyyəti öz axarına buraxmağa çalışdım və anladım: Əgər bizdən asılı olmayan nə isə alınmırsa və biz buna nəzarət edə bilmiriksə - sadəcə sakitləşmək lazımdı. Belə də etdim. Və sonra yenə hər şey yüksəlişə doğru getdi.

Öz işini başlamaq qorxulu deyil?
Məndə bu hiss atrofiyaya uğrayıb. Ola bilsin bu anamın uşaqlıqdan bütün ideyalarıma dəstək verməsi ilə bağlıdır. O, həmişə deyirdi: “Sən hər şeyi bacaracaqsan, kiçik addımlarla, dərhal yox, amma bacaracaqsan”.

“Alive”ni necə irəli aparırsınız?
Mən brendi öz bloqum vasitəsi ilə irəli aparıram.

“Alive” paltarlarını kim yaradır? Komandanızda kim var?
Komanda – mənə dəstək verən insanlardır. Hazırda atelye artıq mənim deyil, amma mən eyni zamanda bir neçə dərzinin işlədiyi yer tapmışam. Mənim üçün bu ideal variantdır, hər şey istədiyim kimi alındı. Tikiş tez və səliqəli aparılır. Bir əşyanın üzərində 5 nəfər birlikdə işləyir və iş sürətlə gedir. Pandemiya dövründə mən Ləman Yusiflinin yanında eskizlərin yaradılması kursu keçdim və indi belə dizaynlar edirəm. Parçanı, daha dəqiq isə kətanı mən Moskvadan gətirirəm. Qeyri-standart rənglər seçməyə çalışıram. Uşaqlara parlaq paltar geyindirəndə onlar başqa cür görünür, onların dəriləri şəfəq saçır.

Hansı çətinliklərlə üzləşirdiniz və onları necə həll edirdiniz?
Dərzim pandemiya zamanı başqa ölkədə ilişib qalmışdı, mən isə digərinə müraciət etməkdən qorxurdum. Mən hətta başqa atelyelərlə maraqlandım, hərçənd mənim üçün o zaman bu sərfəli deyildi. Bəzən parçaların gətirilməsində problem yaranırdı və mən bu çətinliyin öhdəsindən də gəldim. Əzəldən brendin konsepsiyası “ana – qızı” idi, lakin pandemiya dövründə çoxlu parça gətirmək çətindir, buna görə də bu ideyadan uzaqlaşmalı və yalnız körpələr üçün paltar tikməli oldum. Lakin pandemiya sona çatandan sonra ilkin plan üzrə hərəkət etməyə davam edəcəm. Bloq çox zaman aparır.

Taym-menecmentiniz haqqında danışardınız.
Əslində taym-menecmenti mənə korporativ mühit öyrətdi, mən planlaşdırmağa və zamanı düzgün bölməyə adət etmişəm. Hətta indi, ana olaraq, mən hər yerə yetişmək istəyirəm və bu zaman taym-menecment xilas edir. Adətən, öz planlarımı həftəlik bloknotda qeyd edirəm.

Resurslarınızı, enerjinizi necə bərpa edirsiniz?
Təbiət qoynunda! Təbiətlə bağlı olan hər şeyi çox sevirəm, mənim üçün bu özünəməxsus relaksasiya növüdür. Ola bilər, məhz bunun üçün mənim ən çox sevdiyim rəng – yaşıldır. Çox zaman kitablardan ilhamlanıram. Və qəhvə! Bu içki məni çox canlandırır.

Şəxsi işinizdə məşğulluq Sizə nə verir?
Özünəinam, maraq və entuziazm. Mən həyatda çox eksperiment etmişəm və hər dəfə eyni nəticəyə gəlirəm: özünü realizə etmək – mənim təməl tələbatımdır.

Qadının gücü nədədir?
Onun ətrafında hər şeyin gözəlləşməsində. O, gözəllik yaradır.

Belə fikir var ki, qadınlar üçün biznes daha çətindir. Necə hesab edirsiniz, niyə?
Qadınlara irəliləmək daha çətindir, çünki onlardan tələbat daha çoxdur. Onlar etibar qazanmaq üçün özlərini təsdiqləməlidirlər. Çox güman, bu, mentalitetdən irəli gəlir. Mənə elə gəlir ki, bir çoxları dünyanın kişilərə məxsus olduğunu düşünürlər, hərçənd mənim ətrafımda belə stereotiplər yoxdur. Düzü, məni də ciddi qəbul etməmələri ilə üz-üzə gəlmişəm.

Şəxsi işini inkişaf etdirmək üçün hansı bacarıqlar lazımdır?
Düşünürəm ki, satmaq bacarığı. Biz hamımız ilk növbədə özümüzü satmağı bacarmalıyıq. Mən faktiki olaraq bloqum vasitəsilə öz brendimi satıram. Mən insanların etibarını qazanmışam, daha sonra isə insanlar məndən övladları üçün paltar almaq istədilər. Həmçinin, qeyd etdiyim kimi, buraxmaq və yaratmaq bacarıqları vacibdir. Sən nə isə başlayanda vaxtaşırı entuziazmın itməsi təsəvvürü yaranır və sən dayanmaq, hər şeyi atmaq istəyirsən. Bu anı yaşamağı, özünü ilhamlandırmağı bacarmaq, həyatda səni mütəmadi olaraq bu vəziyyətdən çıxaracaq kiçik sevinclərə malik olmaq lazımdır.

İmkanlarını şəxsi biznesində realizə etmək istəyən qadına nə tövsiyə edərdiniz?
Mənim məsləhətim – otursun və nə etməyi sevdiyini, hansı istedadlara malik olduğu barədə düşünsün. Əlbəttə, öz əsl istəklərinin dərk edilməsinə çox vaxt sərf olunur, amma buna dəyər. Ola bilər ki, sadəcə ünsiyyətdə olduğun şəxs səni hansısa fikrə, ideyaya istiqamətləndirəcək. Sən dəqiq nədə istedadlı olduğunu bilirsənsə - sadəcə irəli getmək lazımdır. Yeni tanışlıqlar vacibdir. Elə dövrüm olub ki, hər həftə yeni insanlarla tanış olurdum. Əslində, uşaqlıqda bu barədə komplekslərim var idi, amma özümdə səriştə yaradırdım və müxtəlif tədbirlərə gedirdim. Özümü kiməsə yaxınlaşmağa və tanış olmağa, öz vizitkamı ona uzatmağa məcbur edirdim. Əvvəllər söhbəti başlamaqda və davam etdirməkdə çətinlik çəkirdim, amma indi bu mənim üçün zərurətə çevrilib. Mən daim ətrafımda yeni insanlar görmək istəyirəm və hər tanışlıq mənim üçün kəşf, hansısa suallara cavablardı.

Brendinizin gələcəyini necə görürsünüz?
İdealda beynəlxalq bazara çıxmaq istərdim. Bu məqsədi indiki zaman üçün qarşıma qoymuram, çünki brend hələ təzə inkişaf etməyə başlayıb. Hazırki vəziyyətdə rahatam, bütün baş verənləri hiss etmək istəyirəm. Düşünürəm ki, ekoloji artım və harmonik inkişaf – gələcək üçün ən düzgün qərardır.