NARGIS
Ru En
NARGIS MAGAZINE
Karabakh – Winter Wonderland

Karabakh – Winter Wonderland 1

Cıdır düzü, Şuşa

Azərbaycanlıların və Şuşaya qonaq gələn turistlərin ən sevimli yerlərindən biri, Qarabağın əsas simvolu. Əsrlər boyu burada məşhur Qarabağ atlarının iştirakı ilə at yarışları keçirilib. Ermənilər tərəfindən işğal olunanadək Şuşada hər il baharın son ayında "Xarıbülbül” musiqi festivalı təşkil olunurdu. Uzun fasilədən sonra, 2021-ci ilin mayında festival Şuşaya qayıtdı və Azərbaycan musiqisi Cıdır düzündə yenidən səsləndirildi.

Qarabağ xalçaları

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Qarabağ xalçaçılıq məktəbi regionda ən güclü məktəb hesab olunur. XVIII əsrdən bəri bu məktəb Şuşada mərkəzləşmişdi. Azərbaycanlı rəssam, xalçaçı, dünyada ilk Dövlət Xalça Muzeyinin yaradılmasının təşəbbüskarı Lətif Kərimov da məhz Şuşada anadan olmuşdu.
"Aranlı", "Bağçadağüllər", "Balıq", "Buynuz”, "Bərdə" "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Malıbəyli", "Xanlıq ", " Xantirmə", "Çələbi", "Şabalıdbuta" kimi xalçaçılıq kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələridir.

Tıq-tıq xanım

“Tıq-tıq, tıq-tıq”– fındıq qabığından çarıqlar belə səslənir. Böcək-qız şehlə yuyunur,
çiçək tozcuqları ilə bəzənir və “dost” axtarışına yollanır. Amma bax, nə çoban, nə tülkü ona yaraşmır. Yalnız siçan onun bütün şıltaqlıqlarına göz yumur, amma özündənrazı Tıq-tıq xanım, nəhayət, bu dostunu da itirir. Azərbaycanın
ilk uşaq nağıllarından biri bu haqdadır, onun müəllifi – Abdulla Şaiq də ilk uşaq
yazıçısıdır. Bu nağıl nəzmlə yazılıb, sovet dövründə isə onun süjeti əsasında gözəl
mahnıları olan bir cizgi filmi çəkildi, sözləri isə dillər əzbəri oldu.

Cırtdan

Biri var imiş, biri yox imiş, bir qoca qarı var imiş. Bu qarının bir balaca oğlu
var imiş. Bu uşaq o qədər balaca imiş ki, ona Cırtdan deyirlərmiş”. Bir yandan
sehrli xalq nağılının bu personajı tənbəl və hiyləgər idi – qonşu uşaqlarını məcbur
etmişdi ki, onun yerinə odun yığsınlar, sonra da şələsini daşısınlar. Amma uşaqlar
qorxulu və nəhəng Divin evində gecələyəndə, o, öz fərasətini hamını xilas eləmək
üçün işlətmişdi. Bununla da balaca və qoçaq Cırtdan – əsl qəhrəman olmuşdu.
Bu gün o, Azərbaycan folklorunun əsas personajlarından biridir.

Zümrüd quşu

Padşahın balaca oğlu Məlikməmmədin bəxti sehrli nağıllardakı kimi, qardaşları
sarıdan gətirməmişdi. Qardaşları onu sevmirdilər və istəyirdilər ki, ondan yaxa
qurtarsınlar. Amma Məlikməmməd sehrli müttəfiq tapdı – gözəl Zümrüd quşu.
Onun balalarını Məlikməmməd əjdahadan xilas etdiyi üçün Zümrüd, təşəkkür
olaraq onu zülmət dünyadan çıxarıb, geriyə – işıqlı dünyaya qaytarmış və öz
lələklərini ona hədiyyə etmişdi: lələyi yandırsa, Zümrüd quşu bu çağırışa gələcək
ki, istənilən çətinlikdə ona kömək etsin. Beləcə, qardaşların xəyanəti
Məlikməmmədə fayda verdi: nəticədə o, şahlıq və gözəl arvad qazandı.

Divlər

Divlərin, bu fövqəladə dərəcədə nəhəng varlıqların obrazı Qafqaz, Kiçik və Orta Asiya xalqlarının folklorunda geniş yayılıb və regiondakı, demək olar, bütün uşaq kitablarında bu obrazlara rast gəlmək olur. Məsələn, Azərbaycan sehrli nağıllarında divlər əsas qəhrəmanların yolunda ən çox peyda olan mifik varlıqlardır. Adətən, fentezilərdəki adamyeyənləri xatırladan bu eybəcər və sadəlövh nəhənglərin bədəni tüklə örtülü olur. Divlərin ağlı isə o qədər də inkişaf etməyib. Onlar şər qüvvələrin təmsilçiləri kimi bütün canlı varlıqlara və dinc əhaliyə ziyan vurmağa çalışırlar, amma əsas qəhrəman onları daim barmağına dolaya bilir, bəzən isə açıq döyüşdə divə qalib gəlir. Nağıllarda divlər adətən xəzinələri qoruyur, qızları oğurlayır, ya da dağlarda səyyahlara hücum edirlər. Amma bu bədheybətlərə münasibət bütün miflərdə eyni deyil: bəzən div “Şahzadə Mütalib” nağılında olduğu kimi, xeyirxah əməllər də törədə bilir.

Qarabağ atları

Hələ qədim zamanlardan bütün Qafqazda olduğu kimi, Azərbaycanda da atlara xüsusi münasibət göstəriblər. Axı kişinin gücü həmişə silahı və atıyla ölçülüb. Azərbaycan ta qədimdən bir çox at cinsləri ilə məşhurdur, amma onların arasında Qarabağ atları xüsusi fərqlənir. Bu, bütün dünyada ən qədim minik atı cinslərindən biridir. Bu atlar öz dözümlülüyü, sürəti, qeyri-adi gözəlliyi ilə seçilir və Azərbaycanın simvollarından biri hesab olunur. Milli geyimlərdə çıxış edən Cəsur və İncə adlı Qarabağ atları 12-22 may 2017-сi ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının rəmzi idi.

Çovqan

Min beş yüz il bundan əvvəl Şərqdə kişilər polo yox, çovqan (və yaxud
“çövkən”) oynayırdılar. Oyunçular rəqibin qapısından top keçirməyə çalışırdılar.
Onlar Qarabağın qayışbaldır qaçağan atlarının belində, əllərində çubuqlarla
qabağa əyilib, çoxsaylı miniatür qəhrəmanlarına, poema və dastan personajlarına
çevrilirdilər. Çovqanın qədim oyunçuları atçapma ilə elə coşqunluqla məşğul
olurdular ki, avropalılar onlardan bu ənənəni götürmüş, beləcə, “atlı polo” oyunu
meydana gəlmişdir. YUNESKO 2013-cü ildə təcili mühafizəyə ehtiyacı olan çovqanı
Qeyri-maddi mədəni irs siyahısına daxil edib.

Yuxarı Gövhər ağa məscidi, 1883-1884-cü illər. Şuşa səhəri

Məscidin inşası dörd mərhələdə həyata keçirilib. 1750-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xanın göstərişi ilə onun qamışdan tikintisinə başlanılıb. Sonra inşası dayandırılıb. Tikinti yalnız 1883-1884-cü illərdə İbrahim Xəlil xanın qızı Gövhər ağanın göstərişi ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tamamlanıb. Şuşanın işğalı zamanı məscid artilleriya atəşinə məruz qalıb, onun minarələri dağıdılıb. Məscid 1992-ci ilin mayından bəri – 28 il qəza vəziyyətdə qalıb. 2020-ci ildə Şuşa işğaldan azad ediləndən dərhal sonra Azərbaycan hərbçiləri məscidi səliqəyə saldılar, xalılar döşədilər və bu müddət ərzində ilk dəfə məsciddə namaz qılındı.

“Xan qızı bulağı", XIX əsrin ortaları, Şuşa

XIX əsrə qədər Şuşada cəmi iki şirin su quyusu vardı, bu quyular 25-30 min nəfərlik yerli əhalini içməli su ilə tam təmin edə bilmirdi. 1871-ci ildə xan qızı – məşhur şairə və ictimai xadim Xurşidbanu Natəvan külli miqdarda pul ayıraraq, şəhərə su çəkdirdi. Su quyudan altı kran vasitəsilə axır və iki dəqiqə ərzində altı çəllək içməli su ilə dolurdu. Natəvan bu nəcib əməli ilə Şuşaya təzə nəfəs gətirdi.

Şuşa qalası

Şuşa şəhərinin salınması Pənahəli xanın adı ilə bağlıdır. Mövcud Bayat və Şahbulaq qalalarının müdafiə üçün etibarsız olduğunu görən Pənahəli xan divan məclisində “keçilməz dağlarda ən güclü düşmənin belə mühasirəyə ala bilməyəcəyi əbədi və alınmaz qala” tikmək barədə qərarını elan etdi. Qala-şəhərin – Şuşanın tikintisi başa çatdıqdan sonra Pənahəli xan Qarabağ xanlığının paytaxtını Şahbulaqdan oraya köçürdü. Qalanın təməlinin qoyulma tarixi mənbələrdən asılı olaraq fərqli zamanlara aid edilsə də, 1750-ci illərin əvvəllərindən o yana keçmir.

Molla Pənah Vaqif türbəsi, 1982-ci il. Şuşa

Dahi Azərbaycan şairi və Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin Cıdır düzü yaxınlığındakı məzarı uzun müddət ibadət yeri olub. 1977-1982-ci illərdə Vaqifin məqbərəsi inşa olunub, onun təntənəli açılışında ümummilli lider Heydər Əliyev və bir çox mədəniyyət xadimləri iştirak ediblər. Şuşanın işğal altında olduğu uzun illər ərzində məqbərəyə ciddi ziyan dəyib. 2020-ci il avqustun 29-da Şuşada təmir-bərpa işlərindən sonra Vaqifin xatirəsinə həsr olunmuş muzey-məqbərə kompleksinin açılışı oldu.

Musiqi şəhəri, Şuşa

Şuşa nəğməkar şəhərdir. XVII-XIX əsrlərdə burada müxtəlif konsertlər, müsabiqələr keçirilib, çoxlu ədəbi-bədii, musiqili dərnəklər – məclislər təşkil olunub. Bir çox məşhur xanəndələr və sazəndələr məhz bu məclislərdə yetişib-püxtələşiblər. Müasir muğamın kanonları burada formalaşıb və Şuşanın öz məktəbi yaranıb. Bu, təkcə sənət ənənəsi deyil, həm də təhsil ocağı demək idi. Azərbaycan ərazisində ilk dəfə XIX əsrin ortalarında tanınmış musiqişünas Xarrat Qulu tərəfindən yaradılmış məşhur ənənəvi xanəndəlik məktəbi də diqqətəlayiq idi.
Bütün Şərqdə ilk operanı da şuşalı yazmışdı – bu, Üzeyir Hacıbəylinin məşhur "Leyli və Məcnun" əsəri idi. Şuşadan söhbət düşəndə muğamın inkişafında danılmaz xidmətləri olan məşhur musiqiçi Sadıqcanın adını qeyd etməmək mümkün deyil. Sadıqcan tarı təkmilləşdirmiş, onun gövdəsini, simlərinin sayını və ladlarını dəyişdirərək, bu musiqi alətinin imkanlarını genişləndirmiş, XIX əsrin sonunda dövrün məşhur xanəndə və musiqiçilərinin daxil olduğu musiqi ansamblını yaratmışdı.